Hüseyni Azərbaycan xalqı şərəfli 20 Yanvar, - “Qanlı Şənbə” hadisələrinin 20 ilini qarşılayır
Azərbaycan Servisi/Aran Agentliyi
Hüseyni Azərbaycan xalqı şərəfli 20 Yanvar, - “Qanlı Şənbə” hadisələrinin 20 ilini qarşılayır. Vətən övladlarımızın bu ali şəhadət mərtəbəsinə ucalmasından 20 il keçir. deyerler.org ölkə inanclıları ilə vətənimizin istiqlal şəhidlərini anmışdır. Beləliklə, istiqlal şəhidlərimizin ali məqama ucalmalarının 20-ci ilində Azərbaycan inanclılarının söylədikləri:
İlahiyyatçı-alim Hacı Möhsün Səmədzadə: “Bismillahir Rəhmanir Rəhim! Biz hazırda həm də İmam Hüseynin (ə) Kərbəla şəhidləri ilə birlikdə Ərbəininə (şəhadətlərinin 40-cı gününə, - Dəyələr) yaxınlaşırıq. 20 il bundan öncə, hələ müstəqil olmadığımız zaman vətənimizdə bu yolda canlarından keçən oğullarımız və qızlarımız öz mübarək qanları ilə istiqlaliyyət və azadlıqlarına yetişdilər. Bu onu göstərir ki, Azərbaycan xalqı baxmayaraq ki, 70 il sovet təcavüzünün təsirində olub, bununla belə, necə ki, yüz illərlə şəhadət məktəbini, şəhidpərvərliyi özündə yaşatdığı kimi 70 ildə də xalqımızdan bunu ala bilməyiblər. Həmin bu əziz həmvətənlərimizin qanı vasitəsilə Azərbaycan xalqının müstəqilliyi baş tutdu. Biz həmişə bu günü yad edirik. Həqiqətdə bu günü yad etməklə biz istəyirik ki, ümumən İslam aləmində öz canlarından keçərək öz xalqlarına azadlıq, iftixar və istiqlal gətirən insanların ruhiyyəsini cəmiyyətimizdə yaşadaq. Bu il də həmçinin bütün Azərbaycan xalqı kimi bizlər də hər birimiz, İnşaallah, bu matəmə qoşulacağıq. Ümidvarıq ki, bu şəhidlərimizin qanı və Qarabağda tökülən qanlar səbəb olacaq ki, Azərbaycan xalqı nəhayət özünün həqiqi müstəqilliyinə, yəni Qərbin və sionizmin təsirlərindən azad olaraq İslamın bütün dəyərlərini öz həyatında, həmçinin şəhadət məktəbini də yaşadaraq ilahi bir həyatı xalqımıza əta edəcələr”.
Xatırladaq ki, yanvar ayının 20-i Azərbaycanda ümumxalq matəm günü kimi qeyd olunur. 1990-cı il yanvar ayının 19-dan 20-ə keçən gecə sovet qoşunları heç bir xəbərdarlıqsız Bakı şəhərinə daxil olaraq dinc əhalini qətlə yetirib. Həmin gecə günahsız insanlara amansızlıqla zorakılıq törədilib, yüzlərlə dinc əhali öldürülüb və itkin düşüb.
Deyerler.org bu münasibətlə qədirbilən Azərbaycan xalqına baş sağlığı verir! Allah İstiqlal Şəhidlərimizə rəhmət eyləsin!/