Qanlı yanvar! Xof bütü
Səcdəyə yıxılan gün.
Quduz, dəmir köpəklər
Bakıya soxulan gün.
Azərbaycan Servisi/Aran Agentliyi
(Qanlı Yanvar)
Dillə könül arası
Yollar varmış keçilməz.
Görüntülər kiçilər,
Həqiqətlər kiçilməz.
Qanlı yanvar! Xof bütü
Səcdəyə yıxılan gün.
Quduz, dəmir köpəklər
Bakıya soxulan gün.
Heyrət! Göz yağımızla
Möhkəmləndi kötüyü,
Bir azadlıq sözünə
Çəkəcəkmi tətiyi?
Yumruqlar göydə çapır,
Ayaqlar sürür önə.
Yox, bir daha əyilməm,
Rədd ol, qayıt ölkənə!
Gəl qana susamışlar
Geri dönəsi deyil.
Qul ol, savaş atından
Yerə enəsi deyil.
Silahlar dilə gəlir,
Gümanlar çıxır puça.
Şər bürüyür Bakını
Odla yol aça-aça.
Ayaqlar təpər alır
Yaşamaq istəyindən.
Uçan güllə qaçanın
Yapışır ətəyindən.
Əqrəblər öz işində,
Gecə çəkir çuxasın.
Bakı sübh işığında
Qanlı görür yaxasın.
Azadlıq elçiləri
Uymuş qan yastığında.
Köpəklər seyrə çıxıb
Qərənfil papağında.
Dil qanlı gecə deyir,
Könül ağ libas geyib.
O dərdi bu günədək
Könüllər yox, dil deyib.
Dilim od, ürəyim buz,
Uğunur göz yaşlarım.
Görən razımı səndən
O şəhid qardaşların?
Can verdilər el-oba
İşıqlı günə çıxsın.
Ölmədilər el qızın
Gavur yatağa yıxsın.
Öldülər ki, yaşasın
Təmiz ad, eşq, sədaqət.
Ölmədilər hər addım
Tələb edilə rüşvət.
Axır qanı sorulan
Torpağa qan verdilər.
Təpik altda üzülən
Millətə can verdilər.
…Dillə könül arası
Yollar yaman uzunmuş.
Az könüllər dillərin
Alovundan qızınmış.
Əgər bir gün açılsa
Sözdən əmələ yollar
Qarabağı bir günə
Qaytarası oğullar.
Rüşvətin, harınlığın,
Şərin sonu çatası.
Millət o bir Allahın
Ətəyindən tutası.
O gün göz yaşlarının
Qəhqəhəsi bitəsi.
Şəhidlər torpaq altda
Muradına yetəsi.
Hacı Arzu
Birlik.az