Tarix : 2010 Jan 24
Kod 15843

“Soyadlar məsələsi üzrə yeni konsepsiya - təxribatdır!”

Respublikada milli soyadlar məsələsi üzrə xüsusi konsepsiya hazırlanıb. Bu barədə “Trend”ə Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib
Azərbaycan Servisi/Aran Agentliyi
Respublikada milli soyadlar məsələsi üzrə xüsusi konsepsiya hazırlanıb. Bu barədə “Trend”ə Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib. Onun sözlərinə görə, AMEA-da yaradılan xüsusi komissiya Azərbaycanda tarixən mövcud olan soyad formaları və adqoyma ənənələrini öyrənərək milli soyad formasını müəyyənləşdirib. O, deyib: “Konsepsiyada “-ov”, “-yev”, “-zadə” sonluqlu soyadların tamamilə götürülməsi nəzərdə tutulur. Mütəxəssislər “-li”, “-lu”, “-lü”, “-oğlu”, “-qızı”, “-gil” sonluqlu soyadların sənədlərdə işlədilməsinin daha məqsədəuyğun olduğunu irəli sürüblər..
Millət vəkili həmçinin bildirib ki, adı çəkilən soyad sonluqları yeni doğulan uşaqlara məcburi olaraq şamil ediləcək.
Məsələyə münasibət bildirən “Yeni Şərq” Araşdırmalar Mərkəzi xüsusi komissiyanın vaxtıyla ruslaşma siyasətinin “töhfəsi” olaraq soyadlarımıza daxil olan “ov”, “yev” kimi sonluqların dəyişdirilməsi təşəbbüsünü müsbət hal kimi qiymətləndirməklə yanaşı, əsrlərdir xalqımıza xas olan “zadə” sonluqlu soyadların da tamamilə götürülməsi cəhdini tarixi ənənələrimizə, milli irsimizə xəyanət hesab edir. Üstəlik, N.Cəfərovun guya “Azərbaycanda tarixən mövcud olan soyad formaları və adqoyma ənənələrini” öyrənib, “-li”, “-lu”, “-lü”, “-oğlu”, “-qızı”, “-gil” kimi soyadlarıyla rastlaşdığını absurd hesab edir. “Yeni Şərq” Araşdırmalar Mərkəzi də öz növbəsində xeyli vaxtdır Azərbaycanda soyad və adqoyma ənənələrini araşdırır və əldə etdiyi nəticələr bunu deməyə əsas verir ki, xüsusi komissiyanın hazırladığı yeni konsepsiya – təxribatdır! Onun Azərbaycan tarixi ilə heç bir əlaqəsi yoxdur.
Mərkəz hesab edir ki, günümüzdə vətəndaşlara geniş imkanlar yaratmaq lazımdır ki, istənilən formada soyad sonluqlarını seçə bilsinlər. İstəyən “-lı”, “-li” kimi, istəyən “-oğlu”, “-qızı”, istəyən də “-zadə” sonluğunu götürsün və ya ümumiyyətlə sonluqsuz soyadlarını tərcih etsin. Bu, vətəndaşların şəxsi işidir və millət vəkilinin söylədiyi kimi, bunu “məcburi olaraq” həyata keçirmək düzgün deyil. Dövlət sadəcə buna geniş imkanlar yaratmalıdır. Seçim isə ailələrin, valideynlərin və ayrı-ayrı şəxslərin öz ixtiyarına buraxılmalıdır.
Ən əsası, Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Cəlil Məmmədquluzadə kimi şəxsiyyətlərin adlarını pozub, tarixən mövcud olmayan saxta sonluqları millətə sırımaq, üstəlik utanmadan bunu tariximizlə əlaqələndirmək milli tariximizi təhqir etmək deməkdir. Komissiya üzvü olan “mütəxəssislər” tarixi şəxsiyyətlərimizi birbəbir nəzərdən keçirib, “məqsədəuyğun” olduğunu iddia etdikləri soyadlı nümunələr gətirsinlər. Və ədalət naminə, şahidi olsunlar ki, xalqımız arasında soyadlar ərsəyə gəldiyi və sənədləşməyə başladığı ilk dövrlərdən bu yana hər zaman “zadə” sonluğundan geniş istifadə edilib. Bu ənənəni xalqımız günümüzədək yaşadıb və indi qanunlar, yaxud administrativ vasitələrlə onu sıradan çıxarmaq yolverilməzdir.
Bu təşəbbüslə çıxış edənlər səbəb kimi “zadə” sonluğunun iranmənşəli olduğunu düşünürlərsə, onda Azərbaycanla İranın 3 minillik müştərək tarix və mədəniyyətə sahib olduğunu, dilimizin, söz ehtiyatımızın, ədəbiyyatımızın, musiqimizin, incəsənətimizin, toponimlərimizin və hətta adlarımızın da böyük bir hissəsinin iranmənşəli olduğunu, bunun isə təbii qəbul edilməli olduğunu nəzərə alsınlar. Komissiya üzvlərinin məntiqinə görə, onda gərək bütün tarix və mədəniyyətimizi bir kənara qoyub, hətta Azərbaycan adından belə imtina edək.
“Yeni Şərq” Araşdırmalar Mərkəzi soyadlarıyla bağlı AMEA-da yaradılan xüsusi komissiya üzvlərini bu məsələni bir daha diqqət və məsuliyyətlə nəzərdən keçirməyə, tariximizə və milli irsimizə xüsusi həssaslıqla yanaşmağa və bu kimi ciddi məsələdə tələskənliyə yol verməməyə çağırır. Mərkəz sözügedən komissiyanın tarixi dəyərlərimizə uyğun və daha məsuliyyətli qərar çıxarıb, ümumi müzakirəyə təqdim edəcəyinə ümid bəsləyir.
“Yeni Şərq” Araşdırmalar Mərkəzi
 
  • Yazılıb
  • da (də) 2010 Jan 24