Tarix : 2010 Jan 27
Kod 15907

Azərbaycanla Gürcüstan arasında futbol qalmaqalı

Zaqatalanın "Simurq" klubu tanınmamış Cənubi Osetiyanın komandası ilə oyun keçirib
Azərbaycan Servisi/Aran Agentliyi

utbol üzrə Azərbaycan premyer-liqasında mübarizə aparan Zaqatalanın “Simurq” klubu Gürcüstanın Rustavi şəhərində tanınmamış Cənubu Osetiyanın “Spartak” komandası ilə yoldaşlıq oyunu keçirib. Bu barədə “Yeni Müsavat”a “Simurq”un prezidenti Zaur Məmmədov məlumat verib. Onun sözlərinə görə, Sxinvali klubu ilə oyunda “Simurq” 1:0 hesabı ilə qələbə qazanıb. Klub prezidenti bildirdi ki, qondarma dövlətin təmsilçiləri ilə qarşılaşmaq təklifi “Simurq”dan gəlib. O, Azərbaycan klubunun tanınmamış bir ölkənin təmsilçisi ilə üz-üzə gəlməsini siyasi yanlışlıq kimi qəbul etmədi: “Hesab eləmirəm ki, bu oyunun keçirilməsi Azərbaycanın siyasi maraqlarına zidd olan bir addımdır. Oyun Gürcüstan şəhəri Rustavidə baş tutub. Özü də oyun zamanı gürcülər Sxinvali komandasına azarkeşlik edirdilər”.
Z.Məmmədov baş tutmuş oyunun Gürcüstan hökumətində qıcıq doğuracağına da inanmır: “Gürcüstan bu oyunun baş tutmasına etiraz etsəydi, yəqin ki, bu gün (dünən-red.) yerli qəzetlərində bununla bağlı nəsə yazardılar. Amma Gürcüstan mətbuatında bu oyunla bağlı heç bir irad bildirilməyib”.
Baş verən olayla bağlı AFFA rəsmilərinin mövqeyini də öyrənməyə çalışdıq. Qurumun baş katibi Elxan Məmmədov “yanımda qonaqlarım var, yarım saatdan sonra zəng elə” dedi. Dediyi vaxtdan başlayaraq gün ərzində bir neçə dəfə cəhd etsək də Məmmədov zənglərimizə cavab vermədi. AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Mikayıl Nərimanoğlunu isə nə iş yerində, nə də mobil telefonunu aramaqla tapa bilmədik.
Qeyd edək ki, baş verən olayı Azərbaycan və Gürcüstan arasında siyasi gərginliyə yol aça biləcək hadisə kimi dəyərləndirmək olar. “Simurq”un Sxinvali klubu ilə qarşılaşması Azərbaycan klubunun Gürcüstanın ərazi bütövlüyünə hörmətsizlik etməsi anlamına gəlir. Təbii ki, Gürcüstanın hansısa klubu qondarma “DQR”in komandası ilə qarşılaşsa, bu, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik olardı. Zaqatala klubunun rəhbərliyi bu addımı atarkən yəqin bu amilləri nəzərə almalı idi...

  • Yazılıb
  • da (də) 2010 Jan 27