“İslam və xristian dinləri terrorçuluğa qarşı mübarizədə” adlı konfransda azərbaycanlı nümayəndələr də iştirak edib
Gürcüstan Servisi/Aran Agentliyi
Tiflisdə “İslam və xristian dinləri terrorçuluğa qarşı mübarizədə” mövzusunda konfrans keçirilib. İranın Gürcüstandakı səfirliyinin və Gürcüstan patriarxlığının dəstəyi ilə baş tutan toplantıda İran və Gürcüstandan olan 40-dan çox din xadimi, ekspertlər, həmçinin Gürcüstanda yaşayan müsəlman dini icmalarının azərbaycanlı nümayəndələri də iştirak edib.
Konfransda çıxış edən din xadimləri bildirib ki, hələ də dünyanın ayrı-ayrı bölgələrində din adından istifadə olunaraq terror hadisələri törədilir və günahsız insanlar həlak olur. Odur ki, din xadimləri buna etirazını bildirib və ümumi müraciət qəbul olunub.
Gürcüstan patriarxlığının dini etiqad məsələləri üzrə mərkəzinin rəhbəri Leyla Çiçinava deyib ki, müraciətdə ekstremizmə, separatçılığa və terrorçuluğa qarşı mübarizə aparmaq üçün bütün dünya dinləri mənsublarının həmrəy olmasının vacibliyi vurğulanıb.