İstanbul polisindən sensasion məlumat
Terror şəbəkəsinin Türkiyədə həbs olunan liderləri Bakıda yüksək rütbəli “əl-Qaidə”çilərlə görüşüb
Azərbaycan Servisi/Aran Agentliyi
İstanbul polisi Türkiyənin bir neçə bölgəsində “əl-Qaidə”yə qarşı həyata keçirilən son əməliyyatla bağlı rəsmi açıqlama yayıb. Açıqlamada deyilir ki, 120-yə yaxın terror şəbəkəsi üzvünün həbs edildiyi bu əməliyyat zamanı tutulan “əl-Qaidə”nin Türkiyə üzrə liderlərinin Azərbaycanla da bağlantıları var. Əməliyyat zamanı həbs edilən terror təşkilatının liderlərindən Mehmet Doğan və qatı dinçi “Vakit” qəzetinin keçmiş yazarı Mustafa Kaplan dəfələrlə Bakıda olaraq “əl-Qaidə”nin yüksək rütbəli üzvləri ilə gizli görüşlər keçiriblər. Belə görüşlər Azərbaycanla yanaşı Almaniyada da keçirilib. Mustafa Kaplan 3 il əvvələ qədər “Vakit” qəzetində işləyib, lakin onun daha əvvəldən “əl-Qaidə” üzvü olduğu bildirilir. 2000-ci ildə “əl-Qaidə”nin Türkiyə özəyi daxilində yaranan fikir ayrılıqları ilə bağlı terror şəbəkəsinin rəhbərliyi Kaplanın başçılığı altında yeni qruplaşma yaradılması haqda təlimat verib.
Kaplan “əl-Qaidə”nin ideoloqu kimi tanınıb və terror qruplaşmasının formalaşmasını təşkil edib. Bildirilir ki, Kaplan dəfələrlə “əl-Qaidə”nin yüksək rütbəli nümayəndələri ilə Azərbaycanda görüşərək orada alınan qərarlarla bağlı Türkiyədə təşkilat üzvlərini “çay içmək” adı altında keçirilən toplantılarda məlumatlandırıb. Bu toplantılarda Kaplan Üsamə bin Laden haqqında “Mehdi ordusunun müjdəverici komandanı” ifadəsini işlədib. İstanbul valisi Müəmmər Gülər isə mətbuata açıqlamasında deyib ki, üzə çıxarılan qruplaşmanın Türkiyədə qanlı terror aktları törədən və “əl-Qaidə”nin Suriya üzrə məsul şəxsi olan Louai Sakka və digər terrorçularla əlaqələri təsbit edilib.
Türkiyə qaynaqları tutulan “əl-Qaidə”çilərin Azərbaycandakı əlaqələri ilə bağlı əlavə məlumatlar vermir. Lakin şübhə yoxdur ki, Kaplan və digərlərinin Bakıda görüşdüyü yüksək rütbəli “əl-Qaidə”çilərlə bağlı Türkiyə polisində məlumatlar var. Eyni zamanda Türkiyə polisinə bu məlumatların Azərbaycan xüsusi xidmət orqanlarından daxil olduğunu da təxmin etmək olar. Yəni belə görünür ki, söhbət iki ölkənin beynəlxalq terrorçu şəbəkəyə qarşı növbəti əməkdaşlığından gedir. Ancaq Kaplan və digərlərinin görüşdüyü “əl-Qaidə” səlahiyyətlilərinə qarşı hansı tədbirlərin görüldüyü də qaranlıq qalmaqdadır. Məlumatdan görünür ki, Bakıda fəaliyyət göstərən bu “əl-Qaidə”çilər hətta terror şəbəkəsinin Türkiyə özəyinə tapşırıqlar verəcək dərəcədə səlahiyyətlidirlər və ola bilsin söhbət terror təşkilatının kifayət qədər geniş region üzrə səlahiyyətli şəxslərindən gedir. Həm də bu şəxslərin “Əl-Qaidə” rəhbərliyinə də çıxışının olması istisna deyil.
Məlumdur ki, Azərbaycan xüsusi xidmət orqanları son illər ölkədə “əl-Qaidə” qruplaşmasına qarşı bir neçə uğurlu əməliyyatlar həyata keçirib, hazırda bu qruplaşmalardan biri üzərində məhkəmə prosesi gedir. İstintaq üzə çıxarıb ki, Azərbaycanda “əl-Qaidə”nin hədəfi ABŞ və İsrail səfirlikləri də daxil olmaqla, Qərb ölkələrinin diplomatik nümayəndəliklərinə qarşı terror hücumları həyata keçirmək, strateji neft kəmərlərini partlatmaq və digər terror əməlləri həyata keçirmək olub. Həmçinin “əl-Qaidə”nin Şimali Qafqazda fəaliyyət göstərən qruplaşmaları Azərbaycana soxularaq burada şəriət dövləti yaratmaq planları hazırlayıblar. Son məlumat isə göstərir ki, həyata keçirilən əməliyyatlara baxmayaraq, Azərbaycanda “əl-Qaidə” təhlükəsi qalmaqdadır. Xatırladaq ki, əvvəllər ABŞ xüsusi xidmət orqanları Bakıda bir neçə məxfi əməliyyat keçirərək “əl-Qaidə”nin yüksək səlahiyyətli üzvlərini yaxalayıblar. 1998-ci ildə Mərkəzi Kəşfiyyat İdarəsi Azərbaycanda “əl-Qaidə”nin ikinci adamı Ayman əz-Zəvahirinin yüksək rütbəli nümayəndəsini ələ keçirib. Həmin şəxsin kompyuterində “əl-Qaidə”nin planları və şəbəkənin strukturu haqda olduqca qiymətli məlumatlar yer alıb. 2001-ci il terror hücumlarından sonra da Amerika kəşfiyyatı bir neçə belə əməliyyat keçirib. Həmçinin 11 sentyabr hücumlarının təşkilatçısı olan pakistanlı Xalid Şeyx Məhəmməd həbs olunduqdan sonra Amerika kəşfiyyatına verdiyi ifadədə Azərbaycanda İsrail səfirliyinə hücum planlaşdırdığını boynuna alıb.