ABŞ konqresmeni Con Şadeq Konqresin bütün üzvlərinə məktub göndərərək, Azərbaycan haqqında və Azərbaycanın ABŞ üçün nə qədər əhəmiyyətli olduğunu onların nəzərinə çatdırıb
Azərbaycan Servisi/Aran Agentliyi
ABŞ konqresmeni Con Şadeq Konqresin bütün üzvlərinə məktub göndərərək, Azərbaycan haqqında və Azərbaycanın ABŞ üçün nə qədər əhəmiyyətli olduğunu onların nəzərinə çatdırıb.
APA-nın Vaşinqton müxbirinin verdiyi məlumata görə, bütün konqresmenlərə ünvanlanmış “Azərbaycanı unutma” adlı məktubda konqresmen Şadeq Azərbaycanın ABŞ üçün əhəmiyyətini vurğulayıb.
Məktubda konqresmen Şadeq yazır: “Hər ikisi ABŞ üçün dost ölkə olan, lakin tarix boyu bir-birinə düşmən kəsilmiş Ermənistan və Türkiyə arasında münasibətləri normallaşdıra biləcək protokolların imzalanmasını bütün konqresmenlər çox səmimi qarşıladılar. Münaqişəli Qafqaz regionunda stabilliyin bərqərar olunması üçün Türkiyənin liderliyi öz əlinə keçirmək istəyi bizi sevindirir. Eyni zamanda ABŞ onun regionda ən güclü müttəfiqlərindən biri olan Azərbaycanın maraqlarını da unutmamalıdır”.
Konqresmen Şadeq öz məktubunda ABŞ dövlət katibinin müavini Viliam Bornsun son bəyanatlarından birinə istinadən ABŞ-ın Azərbaycanı Yaxın Şərqin, Avropanın və Asiyanın kəsiyində yerləşən bir strateji tərəfdaş kimi gördüyünü xatırladıb.
O məktubda Azərbaycan üzrə İşçi Qrupunun həmsədri, konqresmen Bill Şusterin Azərbaycanı terrorizmə qarşı mübarizədə əvəzedilməz müttəfiq adlandırdığını qeyd edib.
Daha sonra konqresmen Şadeq qeyd edib ki, Türkiyə kimi Azərbaycan da Ermənistanla uzun illərdir ki, davam edən münaqişə şəraitindədir. “Regionun əsas məsələlərdən biri Azərbaycanın hüquqi ərazisi sayılan, lakin sayca ermənilərin çoxluq təşkil etdiyi Dağlıq Qarabağ münaqişəsidir. Ermənistanla Azərbaycan arasında 1991-ci ildən başlayan silahlı münaqişə yüz minlərlə azərbaycanlının qaçqın və didərgin düşməsi və Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan ərazisinin 20%-nin işğalı ilə nəticələndi. ABŞ Fransa və Rusiya hökumətlərinin vasitəçiliyi ilə ATƏT çərçivəsində münaqişənin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həlli yolunda çoxlu işlər aparıb və bu proses hələ də davam edir”.
Məktubda konqresmen Şadeq onu da vurğulayır ki, Ermənistan-Türkiyə danışıqlarında hər hansı müvəffəqiyyətin əldə olunması Ermənistan-Azərbaycan danışıqlarının arxa plana keçməsinə səbəb olmayacaq.
“Son beş il ərzində Azərbaycan ABŞ-ın strateji tərəfdaşı kimi ona daim dəstək verib. O, ABŞ-ın İraq və Əfqanıstandakı hərbi qüvvələrinə kömək göstərmişdir. Azərbaycanın geniş qaz resursları ona imkan verir ki, Rusiyadan enerji asılılığına son qoymaqla Qərbi Avropanın enerji tələbatının müxtəlifləşdirilməsi ilə məşğul olsun. Bir məsələ də vacibdir ki, ABŞ Türkiyə, Ermənistan və ümumiyyətlə bütün Qafqaz regionu ilə bağlı diplomatik münasibətlərində Azərbaycanın maraqlarını düzgün qiymətləndirə bilsin”.