ATƏT Minsk Qrupunun təşkil etdiyi "boş" ikitərəfli formatda danışıqlardan fərqli olaraq, Moskvanın təşəbbüsü ilə keçirilən mütəmadi üçtərəfli görüşlər daha "məhsuldar"dır
Azərbaycan Servisi/Aran Agentliyi
25 yanvarda Soçidə Moskvanın təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ probleminin tənzimlənməsinə həsr edilmiş üçtərəfli danışıqları olub. Bu, münaqişə edən iki ölkə prezidentlərinin bu il ilk, 2008-ci ilin payızında danışıqlar prosesi fəallaşandan səkkizinci görüşüdür. Qeyd etməyə dəyər ki, bu, üçtərəfli formatda prezidentlərin ötən müddətdə artıq üçüncü görüşüdür. Səciyyəvidir ki, ATƏT Minsk Qrupunun təşkil etdiyi "boş" ikitərəfli formatda danışıqlardan fərqli olaraq, Moskvanın təşəbbüsü ilə keçirilən mütəmadi üçtərəfli görüşlər daha "məhsuldar"dır. Belə təəssürat yaranır ki, ATƏT MQ həmsədri olan ölkələrin qarşılıqlı razılığına əsasən, Moskvaya Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində "əsas naviqator" rolu verilir. 2008-ci ilin noyabrında ilk belə görüşdə son illər danışıqlar prosesində ilk dəfə üç prezidentin imzası ilə birgə sənəd - məşhur "Moskva Bəyannaməsi" imzalanıb. Üçtərəfli formatda ikinci belə görüş 2009-cu ilin iyulunda Moskvada keçirilib və ondan həmən sonra "Səkkizlər" sammitində Qarabağ probleminin tənzimlənməsi üzrə həmsədr ölkələrin - ABŞ, Rusiya və Fransanın ilk birgə bəyanatı verilib. 25 yanvarda üçtərəfli formatda Soçidə keçirilən üçüncü görüş də, mahiyyətcə, bu qəribə ənənəni davam etdirirdi və mikroskopik də olsa, real nəticə ilə bitdi.
Danışıqların Soçi raundunun diqqətlə hazırlanması və bu istiqamətdə xüsusi diplomatik aktivlik yeni Moskva təşəbbüsünə marağı artırırdı. Görüş ərəfəsində Rusiya XİN başçısı Sergey Lavrov Yerevana səfər etdi, Ermənistan prezidenti Serj Sərkisyan və qondarma DQR prezidenti Bako Saakyan isə Moskvada oldu. Öz növbəsində, Rusiya prezidenti administrasiyasının başçısı Sergey Narışkin Bakıya səfər etdi. Həmin günlərdə Cənubi Qafqazda münasibətlərin normallaşmasının başqa bir "baş təşəbbüsçüsü" olan Türkiyə baş naziri Ərdoğan Moskvada oldu və Rusiya prezidenti və baş naziri ilə Qarabağ problemi də daxil regiondakı bütün münaqişəli vəziyyətlərin həlli yollarını müzakirə etdi.
Soçi görüşünə xüsusi maraq həmçinin Qarabağ probleminin tənzimlənməsi üzrə prosesdə hansısa real addımlar atılması zərurətini diktə edən Türkiyə-Ermənistan dialoqunun inkişafında "ratifikasiya fasiləsi" ilə şərtlənirdi. Son vaxtların hadisələri göstərdi ki, bu iki proses "birləşmiş qablar" prinsipi ilə inkişaf edir, müəyyən estafet qaydasında ardıcıl olaraq bir-birinə impuls verir.(Turan agentliyi)