Tarix : 2010 Feb 02
Kod 16013

NEHRƏMLİLƏR ACLIQ AKSİYASI KEÇİRƏCƏKLƏR

Vasif Talıbovun özbaşınalıqlarından bezən cavanlar onlara qaçqın statusu verilməsini tələb edirlər
Azərbaycan Servisi/Aran Agentliyi
Naxçıvanda Vasif Talıbovun özbaşınalıqlarından təngə gələn 20-yə yaxın nehrəmli fevralın 15-dən aclıq aksiyası keçirməyə qərar veriblər. Dünən redaksiyamıza gələn narazı kənd sakinləri adından danışan Sahib Hüseynov Naxçıvanda işsizlik, ədalətsizliyin hökm sürdüyünü bildirdi: “Naxçıvanda xan rejimidir. Biz hazırda Bakıda qalmağa məcbur olmuşuq. Naxçıvanda sosial vəziyyət çox pisdir. İşsizlikdən baş götürüb bura gəlmişik. Vasif Talıbov bizi yurd-yuvamızdan qaçqın salıb, kirayələrdə yaşayırıq. Bununla bağlı Prezident Administrasiyasına müraciət də etmişik. İndiyə qədər heç bir rəsmi cavab verilməyib. Artıq fevralın 15-dən etibarən aclıq aksiyası keçirəcəyik”.

Kənd sakini Rəfael Zeynalov dedi ki, onlara ya qaçqın statusu verilsin, ya da doğma yurdlarında işlə təmin olunsunlar: “İşsizlik ucbatından Naxçıvandan böyük köç başlayıb, Türkiyə ilə bağlı yaranmış viza problemi işsizliyin artmasına səbəb oldu”. Narazı kənd sakinləri aksiyanı keçirmək üçün siyasi partiyalara yer üçün müraciət edəcəklərini söylədilər.
Onların sözlərinə görə, Naxçıvanda icra nümayəndəliyinin heç bir səlahiyyəti yoxdur: “Sosial problemlərin içərisində boğuluruq. Su problemi ilə bağlı Ekalogiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik, amma heç bir faydası olmadı. İcra nümayəndəliyi heç bir problemi həll etmək gücündə deyil. Çünki Vasif Talıbov buna imkan vermir. Bizim dövlət qurumlarına ünvanladığımız məktublar ünvanına çatmır. Nehrəmlilər var ki, milyonları var, ancaq onlarda daşı-daş üstünə qoymağa qorxurlar. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov da bur nehrəmli kimi heç bir iş görməyib. Nazim İbrahimova 4 ay öncə etdiyimiz müraciətə baxılmır”.
Sonda nehrəmlilər siyasi partiyaların birinin qərargahında aksiya keçirmək mümkün olmayacağı təqdirdə Milli Məclisin binası qarşısında oturaq aksiya keçirəcəklərini bəyan etdilər./

  • Yazılıb
  • da (də) 2010 Feb 02