Bu ilin əvvəlinə Azərbaycan əhalisinin 2,8 mln. nəfərini və ya 31%-ni 14-29 yaşında olan gənclər təşkil edib ki, onların 49%-i kişilər, 51%-i isə qadınlardır
Azərbaycan Servisi/Aran Agentliyi
Bu ilin əvvəlinə Azərbaycan əhalisinin 2,8 mln. nəfərini və ya 31%-ni 14-29 yaşında olan gənclər təşkil edib ki, onların 49%-i kişilər, 51%-i isə qadınlardır.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, son 5 ildə gənc analar tərəfindən doğulan uşaqların sayı təxminən 9% artıb və bütövlükdə doğulan körpələrin 82,3%-i gənc ailələrdə dünyaya göz açıb.
Ötən ildə ölkədə nikaha daxil olanların 75,1%-ni gənclər təşkil edib və son beş ildə nikah bağlayan gənclərin sayı 12% artıb. Ölkə üzrə ilk dəfə nikaha daxil olan kişilərin orta yaşı 27, qadınların orta yaşı isə 23-dür. Bununla yanaşı, 2009-cu ildə erkən nikaha (18 yaşa qədər) daxil olan qadınların sayı əvvəlki ilə nisbətən 10,4% artaraq 6,9%-ə çatıb. Ağsu, Şamaxı, Qəbələ, Göyçay, Hacıqabul, Siyəzən, Quba, Zərdab, Masallı rayonlarında erkən yaşda nikaha daxil olan qadınların sayı digər rayonlara nisbətən daha çoxdur.
Boşananların arasında isə gənclərin xüsusi çəkisi 22,6%-dir.
Ötən il bütün beynəlxalq yarışlarda Azərbaycanın gənc idmançıları tərəfindən 619, o cümlədən 249 qızıl, 176 gümüş, 194 bürünc medal qazanılıb ki, onlardan da 174-ü olimpiya idman növləri üzrə olan medallardır. Dövlət Statistika Komitəsi tərəfindən aparılan statistik müayinələrin nəticələrinə görə, bu gün gənclərin 93%-i öz sağlamlığını yaxşı qiymətləndirir.
Cari tədris ilinin əvvəlinə Azərbaycanda 53 min tələbənin orta ixtisas təhsili aldığı 58 dövlət və 4 qeyri-dövlət orta ixtisas təhsil müəssisəsi və tələbələrinin sayı 138 min nəfər olan 37 dövlət və 16 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Son 5 ildə orta ixtisas təhsil müəssisələrində təqaüdlərin məbləği 7 dəfə, ali təhsil müəssisələrində isə bakalavr və magistrlərin təqaüdləri müvafiq olaraq 6 və 5 dəfə artırılıb.
Xarici ölkələrin ali təhsil müəssisələrində təhsil alan Azərbaycan gənclərinin sayı da ilbəil artır. Belə ki, son 5 ildə dövlət xətti ilə xaricdə oxuyan azərbaycanlı tələbələrin sayı 2 dəfə artaraq 2 081-ə çatıb. Onlardan 57%-i Bakı şəhərinin orta məktəbləri, 43%-i isə digər şəhər və rayonların orta məktəblərinin məzunlarıdır.
Hazırda elmi müəssisələrdəki tədqiqatçıların 18%-ni gənclər təşkil edir.
«Azərbaycanda narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi və gənclərin idmanla məşğul olması üçün zəruri şərait yaradılması, sağlam həyat tərzinin təbliği nəticəsində narkotiklərlə bağlı cinayətlərdə iştirak etmiş gənclərin sayı azalıb və bu göstərici 2004-cü ildəki 25,8%-dən 2009-cu ildə 23,5%-ə enib», - deyə Dövlət Statistika Komitəsindən bildirilib.
Qeyd edək ki, bu gün Azərbaycanda gənclər günü qeyd olunur.