Tarix : 2010 Feb 02
Kod 16016

Azərbaycan Qarabağ naminə iki iş görməlidir

Azərbaycanda ermənilərə rus kəşfiyyatı, ola bilsin Amerika kəşfiyyatı, yaxud bilavasitə işləyirlər
Azərbaycan Servisi/Aran Agentliyi
- Zərdüşt bəy, Ermənistan parlamenti yaxın zamanlarda Sürix Protokolunu təsdiqləyəcək. Bundan sonra rəsmi Ankara bu günə qədər səsləndirdiyi şərtlərin üzərində dayana biləcəkmi?
- Bu, beynəlxalq aləmin Türkiyə göstərilən təzyiqindən və Azərbaycan hakimiyyətinin mövqeyindən asılıdır. Əgər Azərbaycan hökuməti Türkiyəyə kömək etməsə, Ankara beynəlxalq təzyiq altında payızda keçiriləcək seçkilərdən sonra geri çəkiləcək.
- Nəyə görə elə düşünürsünüz?
- Bilirsiniz, heç zaman “heç vaxt” sözünü deməyin. Zaman və şərait dəyişdiyindən baxışlar və mövqelər də dəyişir. Bu gün Ərdoğan deyir ki, Qarabağ məsələsində irəliləyiş olmasa sərhədləri açmayacayıq. Əgər rəsmi Bakı bu günə qədər yürütdüyü səmərəsiz siyasəti davam etdirsə, irəliləyiş olmasa, bir anlığa özünüzə sual verin: Ərdoğan nə üçün bu bəyanatı vermişdi? Ona görə ki, daxildə müxalifət partiyaları - CHP və MHP AKP-yə qarşı Qarabağ məsələsindən istifadə etməyə başladı. Baş nazir gördü ki, Qarabağ məsələsi parlament seçkilərində ona qarşı ciddi silah ola bilər, bu mənada geri çəkildi və söz verdi ki, sərhəd açılması ilə Qarabağ məsələsini biri-birinə bağlayacaq. Amma bu cür mövqe ilə AKP qalib gəlsə, əminəm ki, sərhədlər açılacaq.
- Siz deyirsiniz ki, Azərbaycan rəsmi Ankaraya kömək etməlidir. Konkret nə kömək edə bilər?
- Bax, indiyə qədər Azərbaycan Qarabağ məsələsində hansı siyasət yürüdür? Birinci, səmərəsiz və böyük narazılıq doğuran daxili siyasət. İkinci, səmərəsiz ordu quruculuğu. Üçüncü, Azərbaycan hökumətini sərt tənqid hədəfinə gətirən insan haqları və söz azadlığı istiqamətində aparılan siyasət. Nəhayət, inhisarçılıq, korrupsiya və eyni zamanda erməni xalqına qarşı təhqir kampaniyası.
- Qarşı tərəf işağalçı olmaqla yanaşı həm də bizə qarşı mütəmadi təhqir kampaniyası aparmırmı?
- Bilirsiniz, “biri faşistdirsə mən də faşist olum”, bu, düzgün mövqe deyil. Onlar xəstə millətdir və xəstə siyasət yürüdürsə, sən nəcib ol, ağayana ol, mədəni və humanist ol! Xaricdən də baxıb desinlər ki, ermənilər təhqir və alçaldıcı təbliğat siyasəti aparırlar, görün Azərbaycan özünü nə qədər ağayana aparır və üstəlik beynəlxalq hüquqa da hörmət edir. Amma hər şey əksinədir, Azərbaycan öz daxili və beynəlxalq qanunlara hörmət etmir. Bir tərəfdən münaqişəni dinc yolla həll edəcəyini deyirsə, o biri tərəfdən erməni xalqını təhqir edir. Bununla bərabər Azərbaycan hökuməti Qarabağ naminə iki böyük iş görməlidir.
- Hansı işləri?
- Birinci, Azərbaycan cəmiyyəti insanların yaşaması üçün cazibədar məkan olmalıdır. Elə bir qanunun aliliyini, cəlbedici iqtisadi inkişaf yaranmalıdır ki, ermənilər eşidəndə və gəlib baxanda desinlər ki, nə yaxşı olar Azərbaycanda yaşamaq. Onlar biləndə ki, 2 milyondan çox azərbaycanlı iqtisadi səfalətdən Rusiyaya, yüz minlərlə vətəndaş da insan da haqlarının pozulmasından başını götürüb Avropaya gediblər. Onlar eşidəndə ki, Azərbaycanda jurnalistləri şərləyib həbs edirlər, insanları polis idarələrində işgəncəyə məruz qoyurlar, məhkəmələr ədalətsiz qərarlar çıxarır və «erməni» sözü də söyüşə çevrilib, onda nə üçün bu ölkədə yaşamalıdırlar? İkinci, ordumuzun güclü olmasıdır. Əgər güclü ordumuz olsa onlar bir tərəfdən Azərbaycanın şərtlərini,  başqa tərəfdən də ehtimal olunan müharibədə düçar olacaqları məğlubiyyəti qoyacaqlar. Yəni onlar bilməlidirlər ki, bizim ordumuz o qədər güclüdür ki, müharibə başlasa məğlub olarlar. Amma ordumuzun aciz, döyüş qabiliyyətinin aşağı olduğunu, komandirlərin korrupsiyaya bulaşdığını biləndə öz şərtlərinin üzərində möhkəm dayanırlar. Gəlin, özümüzü aldatmayaq, ermənilərə Azərbaycanda rus kəşfiyyatı, ola bilsin Amerika kəşfiyyatı, yaxud bilavasitə işləyirlər. Ancaq məsələ ondadır ki, ermənilərin Azərbaycan ordusu haqqında kifayət qədər məlumatı var.
- Siz daxili amilə toxunanda, xarici amili, məsələn Rusiyanın münaqişənin həll olunmasını istəyib-istəmədiyini nəzərə alırsınızmı?
- Siz Rusiyanın imkanlarını şişirtməyin. Rusiya SSRİ deyil, Gürcüstanda sübut olundu ki, onlar çox zəifdirlər.
- Necə zəifdir ki, Gürcüstanın yarısını işğal edib separatçıları da müstəqil dövlət kimi tanıdı, dnüyan da bir söz deyə bilmədi?
- Bu, Gürcüstanın zəifliyinin nəticəsiydi. Gürcüstanla Azərbaycanı müqayisə etmə, bizim imkanlarımız onlardan azı iki dəfə artıqdır, maliyyə cəhətdən isə beş dəfə güclüyük. Gürcüstan ordusu rus ordusu ilə qarşı-qarşıya gələndə Rusiya hərbi mütəxəssisləri dedilər ki, vəziyyət Rusiya hərbi maşınının işləmədiyini sübut etdi. Təsəvvür edirsinizmi ki, onlar idarəetmə sistemlərini kifayət qədər səmərəli işlədə bilmədilər? Onların rabitə sistemi dağıldığından, qoşunlarının yerini amerikanların xüsusi radio dalğaları vasitəsi ilə müəyyənləşdirdilər. Nəhayət, Rusiya Cənubi Osetiya və Abxaziya məsələsində maraqlı tərəf idi. Qarabağda isə Ermənistanla Azərbaycan üz-üzə gəlir.
- Ancaq Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür...
- Bunun münaqişə aparan tərəflərə aidiyyatı yoxdur. Çünki əgər qoşunlarımız Ermənistan ərazisinə keçsə müdaxilə barədə danışmaq olar. Beynəlxalq hüquq baxımından Qarabağ bizimdir, qoşunumuz da Ermənistan ərazisinə keçmir, vətənimizi separatçılardan təmizləyir.
- Amma istinad etdiyiniz beynəlxalq hüquqdan söz düşəndə BMT həmsədr ölkələr ərazi bütövlüyümüz səsə qoyulanda bitərəf qalırlarsa, necə çıxış yolu görürsünüz?
- Bu, onların öz işidir. Bilin ki, biz bugünkü siyasətimizlə hərbi əməliyyatlara başlasaq uduzarıq. Amma sülh təkliflərini irəli sürüb dünyanın tanınmış insan haqları mərkəzlərini bu işə cəlb etsək, ermənilərə təhlükəsizlik cəmiyyətdə yaşayacaqlarını göstərə bilsək və boş ultimatumlara son qoysaq vəziyyət xeyrimizə dəyişəcək. Nəzərə alın ki, konstitusiyamızda bütün vətəndaşlar eyni hüquqa malikdir.
- Məgər, bunlar həyata keçsə, Qərbin ikili standartlarından qurtula biləcəyikmi?
- Sual edirəm, Azərbaycan hökumətinin vətəndaşına qarşı neçə standartı var? Azərbaycan vətəndaşlarının biri-birinə qarşı neçəli standartı var? Dildə bir söz, əməldə başqa cürük. Ona görə də Qərbi ittiham etmək lazım deyil. Əgər konstitusiyamıza qarşı özümüz hörmətsiz yanaşırıqsa, kimisə ittiham etməyə haqqımız varmı?
- Amma bütün hallarda rəsmi Bakı İTV-in diliylə deyir ki, dünya bu ədalətsizliyə hələ də dözür...
- Dünya ədalətsizliyə dözür, sən də dözürsən də. Sən nə ilə faktiki məşğul olursan? Əgər Qarabağı qaytarmaq istəyirsənsə, nümunəvi cəmiyyət qurmalısan. O cəmiyyəti ki, ermənilər yaşamağa can atsın. Baxın, ermənilər türklərdən qorxurdular, qisas almaq istəyirdilər, amma son illərdə vəziyyət dəyişdiyindən çörək arxasınca yenə Türkiyəyə getdilər. Hazırda 110 min erməni Türkiyədə çörək qazanır və onlara söz deyən yoxdur.
- Bəs Türkiyə qarşıdan gələn 24 apreli ötürə biləcəkmi?
- 24 apreli “şişirtmək” lazım deyil. Fərz edək ki, ABŞ Konqresi uydurma soyqırımı qəbul etdi. Məgər, Türkiyə Amerikanın pulu ilə dolanır? Türkiyə regional dövlət olduğundan Vaşinqton Ankaraya dəstək verir. Əgər konqres bu səfeh qərarı qəbul etsə belə bunun Türkiyəyə heç bir təsiri yoxdur. Çünki konqresin qərarlarının Türkiyə üçün hüquqi qüvvəyə malik deyil. Bir məqamı vurğulayım ki, əgər MHP və CHP hakimiyyətə gəlsə belə sərhədlər açılacaq. Ona görə ki, Türkiyənin dövlət maraqları bunu tələb edir.
- Hazırda qazla bağlı Azərbaycan və Türkiyə arasında yaranan mübahisələrin sərhəd açılımına aidiyyatı varmı?

- O qədər də yox. Bu, tərəflərin biznes maraqlarından doğan mübahisədir./Natiq CAVADLI/Bizim Yol

  • Yazılıb
  • da (də) 2010 Feb 02