Azərbaycan Servisi/Aran Agentliyi
Ölkəni bürüyən dini böhran və dini lider problemi
2009-cu il “Bakı - İslam mədəniyyətinin paytaxtı” kimi tarixə düşdü. Amma şəhərimizin İslam mədəniyyətinə “töhfəsi” olduqca orijinal oldu. Məhz həmin ildə Bakıda ötən əsrin 40-cı illərindən bu yana müşahidə olunmayan dəhşətli hadisə baş verdi – iki məscid sökülüb, yerlə yeksan edildi və başqa birinin də sökülməsinə dair qərar verildi. Üstəlik, il ərzində bir neçə dəfə “Dini etiqad azadlığı haqqında” qanuna əlavə və dəyişikliklər edildi və nəticədə inanclı insanların bir sıra hüquqları məhdudlaşdırıldı. Bu əlavə və düzəlişlər nəticəsində dindar vətəndaşlarımız Azərbaycan Respublikası Konstitusiyasının onlara verdiyi bir çox imkanlardan məhrum edildilər.
Qanuna edilən dəyişikliklərdən biri (8-ci maddə) İslam dini ibadət yerlərinə rəhbər din xadimlərinin təyin edilməsində müvafiq icra hakimiyyəti orqanlarının bilavasitə müdaxiləsi nəzərdə tutulur ki, bu da ölkə Konstitusiyasına görə dinin dövlətdən ayrı olması prinsipinə ziddir.
Digər düzəliş isə (21-ci maddə) xaricdə dini təhsil alan müsəlmanlara İslam dini ayin və mərasimlərini aparmağı qadağan edir ki, bu da ölkə Konstitusiyasına görə bütün dini etiqadların qanun qarşısında bərabər olma prinsipinə ziddir. Yəni katoliklər, protestantlar, ortodokslar, yəhudilər və qeyriləri xaricdə dini təhsil alıb, Azərbaycanda dini ayin və mərasimlər apara bilər, amma müsəlmanlar yox!
Şahidi olduğumuz kimi, sözü gedən əlavə və dəyişikliklər məhz müsəlmanların hüquqlarını məhdudlaşdırır. Bunu da “İslam mədəniyyətinin paytaxtının” İslam mədəniyyətinə etdiyi növbəti “töhfəsi” kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, bu düzəlişlə QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə də, onun birinci müavini Hacı Salman Musayev də, ölkədə yeganə İslam Universitetinin rektoru Hacı Sabir Həsənli də qanuna uyğun olaraq, “oyundan kənar vəziyyətə” düşdülər. Belə ki, onların üçü də xaricdə dini təhsil aldığından, Azərbaycanda dini ayin və mərasimlər apara bilməzlər.
Lakin sürprizlər bununla da bitmir. Məhz 2009-cu ildə məlum oldu ki, “ölkə vətəndaşlarının rahatlığını təmin etmək üçün respublika ərazisində azanın səsgücləndiricilər vasitəsilə verilməməsi, tədricən canlı azana keçilməsi məqsədəuyğun sayılır.” (Bu fikir Azərbaycan Respublikasının DQİDK-nın sədri Hidayət Orucova məxsusdur). Və bu məcrada konkret addımlar atıldı, məscidlərdə səsgücləndiricilər vasitəsilə azan verilməsi xeyli vaxt qadağan edildi. Cənab Hidayət Orucov mətbuata açıqlama verərək bildirdi ki, “ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy normaları haqqında ölkə prezidentinin fərmanı var. Həmin Fərmana əsasən, ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy normaları təsdiq edilib. Bir sıra məscidlərdən verilən azan bu normalara uyğun deyil.”.
“Pyu” (Pew) Araşdırmalar Mərkəzi 2009-cu il üçün ümumilikdə dünyanın 198 ölkəsində dini etiqad azadlığına qoyulan qadağa və məhdudiyyətləri araşdırıb, dövlətin qoyduğu qadağalar indeksində Azərbaycanı 5.1 balla dini yüksək səviyyədə sıxışdıran ölkələr siyahısında təsbit etdi. İl ərzində nəinki din sahəsində daha öncədən mövcud olan problemlər öz həllini tapmadı, əksinə, yeni-yeni məhdudiyyətlər və daha ciddi problemlər gündəmə gəldi.
2009-cu il bitdi. Amma din sahəsindəki problemlərimiz bitmədi. Əksinə, 2010-cu ilin elə ilk günlərindən başlayaraq ölkəmiz yenə də ötən əsrin 40-cı illərindən bu yana müşahidə olunmayan hadisələrin şahidi oldu. Bu dəfə olaylar Naxçıvanda, Culfa rayonunun Bənəniyar kəndində baş verdi. Kənd əhalisi Aşura mərasimini böyük izdihamla qeyd etdiyinə görə polis və daxili qoşun qüvvələri kəndə yeridildi, əhaliyə qarşı amansızlıq nümayış etdirildi, günahsız insanlar, hətta qocalar və kiçik yaşlı uşaqlar vəhşicəsinə döyüldü. Hüquq mühafizə orqanlarının əməkdaşları bütün hüdudları aşıb, qanunları ayaq altına ataraq vətəndaşların həyətlərinə, evlərinə girib, onları dəyənəklərilə döyüb, təpikləri altına saldılar və kənd sakinlərini kütləvi şəkildə tutub, məhbəslərə atdılar. Hətta sovetlər dönəmində belə izdihamla Aşura mərasimlərini qeyd edən bənəniyarlılara bu mərasimləri keçirmək qəti şəkildə qadağan edildi. Vətəndaşların əsrlərdən bəri yaşatdığı dini ənənələr dövlət orqanlarının qeyri-qanuni qadağalarına tuş gəldi. Üstəlik, ölkənin müxtəlif yerlərində Aşura mərasimlərində iştirak edən xeyli sayda din tələbəsi və aktiv dindar həmin günlərdə polis “təftişinə” məruz qaldı, bəziləri hətta saxlanıldı. Beləcə, ölkəmiz yeni ilə yeni problemlərlə qədəm qoydu.
Əlbəttə, problemsiz dövlət təsəvvür etmək mümkün deyil. İstənilən dövlətdə müxtəlif sahələrdə problemlər yarana bilər və yaranır da. Lakin əsas məsələ problemlərin ərsəyə gəlməsi deyil, onun həlli istiqamətində tədbirlərin həyata keçirilməsi, bu yöndə müvafiq addımların atılmasıdır. Əks halda, problemlər daha qabarıq forma alıb, dərinləşir ki, sonradan onların həlli olduqca müşkül bir məsələyə çevrilir. Bu və ya başqa sahədə yaranmış problemlərin həlli istiqamətində təşəbbüslə çıxış etmək, konkret layihələr hazırlamaq və addımlar atmaq öhdəliyi ilk növbədə həmin sahə ilə məşğul olan qurumların üzərinə düşür. Azərbaycanda İslam dini sahəsinə rəhbərlik missiyası rəsmən Qafqaz Müsəlmanları İdarəsinə həvalə edilib. Bu, ölkə qanunvericiliyində də təsbit olunub. Lakin illərdən bəri müsəlmanların üzləşdiyi problemlər fonunda bu qurumun adekvat mövqeyi əsla görünmür. Qafqaz Müsəlmanları İdarəsinin ömürlük sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə isə bu istiqamətdə nəinki ciddi addımlar atmır, əksinə, ara-sıra dövlət məmuru kimi çıxışlar edib, problemləri ört-basdır etməyə çalışır. Şəxsi biznesi sahəsində göstərdiyi aktivlik və canfəşanlıq dini məsələlərdə zərrə qədər də hiss olunmur. Bəzən sadəcə problemlərə münasibət bildirməklə Şeyx həzrətləri öz missiyasını bitmiş hesab edir. Ölkənin dini durumu isə günü-gündən tənəzzülə doğru yuvarlanır. Hətta Şeyxin bilavasitə rəhbərlik etdiyi QMİ-nin özü də mahiyyət etibarilə üzərinə düşən vəzifələri icra etməkdə acizdir. Bu qurum ruhanilikdən çox uzaq olub, ayrı-ayrı fərdlərin, yaxud qrupların şəxsi mənafeyinə xidmət edən bir təsisata çevrilib. Bəlkə də bütün bunlar bu İdarənin tarixdə oynadığı “əvəzsiz” missiyanın məntiqi davamıdır.
Məlum olduğu kimi, SSRİ dövründə mərkəzi hökumət regionumuzda İslamı tam nəzarəti altına almaq məqsədilə daha öncədən mövcud olmuş müvafiq dini idarəni özününküləşdirmiş, mahiyyət etibarilə yeni bir qurum – Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsi (ZMRİ) yaratmışdı. Bu qurum SSRİ Ali Soveti Rəyasət Heyətinin 14 aprel 1944-cü il tarixli qərarı ilə təşkil edilmişdir. Elə həmin ilin mayında ZMRİ-nin birinci qurultayı keçirilir və bu qurum bilavasitə sovetlər rejiminin tam nəzarətilə formalaşır. İdarənin vəzifəsi Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarında yaşayan müsəlmanlarla bağlı bütün dini işlərə nəzarət etmək, Kremlin din siyasətini yerlərdə gerçəkləşdirmək, İslamı tam nəzarət altında saxlamaq olub. İdarə həm də bütün dünyaya riyakarcasına nümayiş etdirirdi ki, guya SSRİ-də İslam tam azad şəkildə fəaliyyət göstərir və müsəlmanların dini haqları SSRİ tərəfindən tam təmin olunur. Şeyxülislamlar isə dünyanın İslam liderlərinə anladırdılar ki, guya “bu hökumət dini qoruyur və inkişaf etdirir!”.
Bəs Şeyxülislamlıq institutu hansı prinsiplərə əsaslanırdı? ZMRİ-nin sədri olan Şeyxülislamlar hansı meyarlarla seçilirdilər? Yüksək dini savad, elm, dərin biliklər? Yoxsa iman, təqva, zəngin mənəviyyat? Yoxsa dövlət orqanlarına bağlılıq, hakim dairələrə sədaqət? Yoxsa din və dindarlara qarşı ideoloji mübarizədə yüksək məharət?..
Zənnimizcə, SSRİ dövrünün ictimai-siyasi mühitilə tanışlığı olan hər bir kəs üçün sualın cavabı gün kimi aydındır!
Əfsuslar olsun ki, SSRİ dağıldıqdan sonra Zaqafqaziya Müsəlmanlarının Ruhani İdarəsi mahiyyət etibarilə öz varlığını olduğu kimi qoruyub saxladı və dəyişən yalnız onun adı oldu. İndi artıq bu qurum Qafqaz Müsəlmanları İdarəsi adlanır, amma elə sovetlər dönəmindəki kimi yenə də onun vəzifəsi ölkə müsəlmanlarıyla bağlı bütün dini işlərə nəzarət etmək, bu dəfə rəsmi Bakının din siyasətini yerlərdə gerçəkləşdirmək, İslamı tam nəzarət altında saxlamaqdır. Yenə də bu İdarə bütün dünyaya riyakarcasına nümayiş etdirir ki, guya Azərbaycanda İslam tam azad şəkildə fəaliyyət göstərir və müsəlmanların dini haqları hakimiyyət tərəfindən tam təmin olunur. SSRİ dağıldı, amma nəinki bu qurumun məzmunu, hətta onun sədri belə dəyişilmədi. Sovetlər hakimiyyətinin xeyir-duasıyla, sovet meyarlarına uyğun Şeyxülislam təyin edilmiş şəxs bu gün yenə də bu vəzifəni “layiqincə” icra etməkdədir.
Günümüzdə QMİ-nin həqiqətənmi ölkədə İslamın keşiyində dayanan bir qurum olduğunu iddia etməyə haqqı var? İndi sual oluna bilər: ölkənin dini həyatında, dini maarifçilik işində QMİ-nin yeri haradadır? Nədən ibarətdir? Bu qurum cəmiyyətdə dini maarifçilik sahəsində illərdən bəri hansı layihələri həyata keçirib? İndiyədək neçə kitab, neçə kitabça hazırlayıb, çap etdirib? Harada, nə zaman, hansı mövzuda mühazirələr, seminarlar təşkil edib, gənc nəsilin mənəvi tərbiyəsi istiqamətində projelər gerçəkləşdirib? Əvəzində, Həcc biznesi, ziyarətgahlar biznesi, məscid biznesi kimi qazanc vasitələri gündəmdə olub, din sahəsi bu quruma bağlı şəxslərin sadəcə “çörək ağacına” çevrilib. Hər halda, bu günlərdə ölkə mətbuatının manşetlərində yer alan “bir molla iki mollanı öldürdü” kimi xəbərlər QMİ-yə başıucalığı gətirmir! Belə bir qurumun və onun liderinin Azərbaycanda İslam hamisi qismində çıxış etməsi, din sahəsinə rəhbərlik iddiasında olması, Şeyx həzrətlərinin ölkənin, hətta “Bütün Qafqazın” dini lideri kimi təqdim olunması yuxarıda deyilənlər fonunda nə qədər də qeyri-ciddi görünür, deyilmi? Axı ölkəni bürüyən dini böhranın aradan qaldırılması yönündə nə bu qurum və nə də onun rəhbəri heç bir praktik addım atmır. Məscid sökülür, qapadılır, illərlə qapısı qıfıllı qalır, heç bir reaksiya yoxdur. Qanunda hətta şəxsən şeyxin maraqlarına zidd düzəlişlər edilir, qarşısının alınması istiqamətində heç bir tədbir görülmür. Nəhayət, Aşurada inanclı vətəndaşlar amansızcasına döyülür, söyülür, həbsə atılır, yenə də səs çıxmır. Niyə biz QMİ-nin kəskin bəyanatlarının, Şeyxin qətiyyətli çıxışlarının, ciddi addımlarının şahidi olmuruq? Nə vaxt Şeyx çıxıb “artıq bəsdir, İslam və müsəlmanları bu dərəcədə aşağıladınız!” – dedi ki? Nə zaman “dinimizə qarşı təcavüzlərə son qoyun!” tələbini eşitdik? Niyə ölkədə İslama qarşı aparılan bu çirkin siyasətin qarşısında QMİ və onun rəhbəri bu dərəcədə acizlik nümayiş etdirir? Məgər dinimizi müdafiə etməyin, xalqa səslənməyin, İslama sahib çıxmağın, öz haqqını tələb etməyin, hüquqlarının müdafiəsinə qalxmağın zamanı yetişmədimi? Amma sükut pozulmur ki, pozulmur. Belə isə, hansı haqla QMİ və onun sədri özlərini ölkədə İslama rəhbərlik edən bir təsisat və lider kimi qələmə verir? Hansı haqla özünü Azərbaycanın inanclı müsəlmanlarının rəhbəri kimi tanıdır, ölkə müsəlmanlarını orada-burada təmsil edir?..
Əlbəttə, aydındır ki, “artıq-əskik” hərəkətlər, çıxışlar, çağırışlar Şeyx həzrətlərini dünya sərvətlərindən, pul axınından, geniş biznesindən, bir sözlə, oliqarx statusundan məhrum edə bilər. Belə isə, din və mənəviyyatı dünya sərvətlərinə qurban verən, ilahi dəyərləri nəfsi istəklərinin, tamahının girovuna çevirən birisi qoy öz üzərindən “şeyx” adını kənara qoyub, dini liderlik iddiasından imtina etsin və özünü öz fəaliyyət profilinə uyğun, öz adı ilə tanıtsın. Biznesmen! İş adamı! Tacir!..
Belə olduqda, heç kəs onu qınamaz və ondan bir şey də ummaz.
Əlbəttə, etiraf edək ki, Azərbaycan Respublikasında dinin bu günkü acınacaqlı duruma düşməsinin səbəbkarı Şeyx həzrətləri deyil və bu oyunları ortaya atıb, idarə edənlər daha yüksək dairələrdir! Amma böhranın aradan qaldırılması istiqamətində heç bir addım atılmaması, müsəlmanların başsız və sahibsiz görünməsi, baş verən sitəmlər müqabilində hökm sürən süstlük və təslimçiliyin başlıca amili məhz dini lider problemidir. İstənilən ölkədə əhalinin əksəriyyətinin etiqad etdiyi din belə acınacaqlı vəziyyətə düşsəydi, şübhə yoxdur ki, həmin dinin öndərləri irəliyə çıxıb, mübarizə aparar, qətiyyət nümayiş etdirərdilər. Zülm təzahür etdiyi zaman, zülmkarın deyil, zülmə məruz qalanların yanında olardılar. Azərbaycandan fərqli olaraq!..
Ölkədə İslam dini “yuxarıların” zülmünə məruz qalıb, inanclı insanların din və etiqad azadlıqları kobud şəkildə pozulub. Ölkə müsəlmanlarının gözü dini lider axtarışındadır. İnanclı müsəlmanlar arasında Şeyx artıq bu fürsəti əldən verib. Qalır onun rəsmən bunu etiraf etməsi və kənara çəkilməsi. Yerini o yerə layiq birisinə təhvil verməklə, meydanı tərk etməsi. Bəlkə bununla Şeyx etirazlardan, ölkəmiz isə dini lidersizlik sindromundan yaxa qurtarmış olar.