a/Aran Agentliyi
Müharibə şəraitində olan ölkənin ordusu, yoxsa Əbiyevin obyektləri?
İllərdən bəri dillər əzbərinə çevrilmiş bir ifadə - ölkəmiz müharibə şəraitindədir! Bəs görəsən milli ordumuz bu şəraitin tələblərinə uyğun səviyyədədirmi?
Torpaqlarımız işğal altındadır. Ölkəmizə, ərazi bütövlüyümüzə təcavüz davam edir. Doğrudur, 16 ildir ki, atəşkəs rejimi hökm sürür, biz müharibə etmirik, amma ən azından, hipotetik olaraq müharibə ehtimalı hər an, hər zaman real görünür. İşğalçı erməni tərəfilə siyasi danışıqlar illərdən bəri ölkəmiz üçün nəticəsiz qalır, bu yolla bir kəndi belə azad etmək mümkün olmayıb. Əksinə, ən yüksək səviyyədə keçirilən danışıqlardan dərhal sonra Ermənistan prezidenti dönə-dönə vurğulayır - “Dağlıq Qarabağ heç zaman Azərbaycanın olmayacaq!”. Beləcə, Azərbaycan ictimaiyyəti artıq bu rəzalətə alışıb və siyasi danışıqlarda Azərbaycanımızın xeyirinə hər hansı ciddi bir nailiyyətin əldə olunmasına, demək olar ki, inanmır.
Məlumdur ki, istənilən siyasi danışıqlarda uğurun ilkin şərti bilavasitə ölkənin hərbi potensialı, gücü, qüvvəsi ilə bağlıdır. Güclü dövlətlər istənilən siyasi-diplomatik danışıqlarda güclü tərəf kimi çıxış edir, onun danışıq dili, mövqe sərgiləməsi və hətta bu danışıqlarda dövləti təmsil edənlərin davranışları, hərəkətləri sərbəstliyi və arxayınlığıyla fərqlənir. Güclü dövlət danışıqlar zamanı da əzəmətli görünür və onunla ultimatum dilində danışmaq, onu təhdid etmək qeyri-ciddi və mənasız olur. Amma ordusu büdrəyən tərəf... Nə isə!
Həqiqətən də ölkəmiz müharibə şəraitindədir. Hətta bu şərait zahirən zərrə qədər sezilməsə belə. Cəmiyyətimiz öz həyat tərzini bu şəraitə uyğun qurmasa belə. Gəncliyimiz buna hazırlıqlı olmasa belə. Ən acınacaqlısı, milli ordumuz bu şəraitin tələblərinə heç cür uyğunlaşa bilməsə belə!..
Doğrudur, ilbəil büdcədən orduya ayrılan vəsaitin həcmi artırılır, amma bu vəsait hamının gözü qarşısında Səfər Əbiyev cənablarının komandası tərəfindən talanır, dağıdılır. Əsgərin çörəyi belə əlindən alınır. Əsgərə milli ordu sistemində bir gəlir mənbəyi kimi baxılır. Həm dövlət büdcəsindən, üstəlik, həm də əsgərlərin ailə büdcəsindən ayrılan külli miqdarda vəsait komandirlərin, zabitlərin ciblərinə, ailə büdcəsinin təminatına yönəlir. Nəinki döyüşlərdə iştirak etməyən, ömründə bircə dəfə də müharibə üzü görməyən, hətta savaş bölgəsinə, Qarabağ torpağına ayaq basmayan müdafiə nazirimiz milli ordunu və bütövlükdə ölkə hərbiyyəsini tam özününküləşdirib. Büdcə talançılığı bir yana qalsın, Müdafiə Nazirliyinin balansında olan ərazilərin satılıb, dağıdılması və milli ordu resurslarının talanması birilərinə milyonlar, on milyonlar, yüz milyonlar qazandırıb! Hərbi hissələrə bu adamlar öz obyekti gözü ilə baxır. Əvəzində isə, orduda rəzalət hökm sürür. Ailələrin əzab-əziyyətlə boya-başa çatdırdığı və qürurla MİLLİ ORDUya göndərdiyi övladlarımız min cür xəstəliklər tutur, aclıq və səfalət içində gününü sayır, üstəlik, zabitlərin ən ağır təhqirlərinə, küçə söyüşlərinə məruz qalır. Bu azmış kimi, döyülür, təpiklər altına salınır, həm mənən, həm də fiziki cəhətdən aşağılanırlar. Bir qədər öncə “dedovşina” rüsvayçılığı ifşa olundu. İndi də ölkə mətbuatı əsgərlərimizin seksual zorakılıqlara, zorlamalara məruz qaldığını açıqlayır. Əsgərlərimiz Səfər Əbiyev ordusunun əlində sözün əsl mənasında əsirə çevrilib! Onları bu əsirlikdən kim və nə zaman xilas edəcək?..
Ölkə müharibə şəraitindədir. Milli ordumuz isə dövlət və millət maraqlarını şəxsi mənfəətlərə qurban vermiş əbiyevlərin girovunda. Məgər ölkəmizin silahlı qüvvələri elə bir səviyyədə olmalı deyildimi ki, hər bir gənc sevinclə, şövqlə hərbi xidmətə getməyə tələssin? Niyə yeniyetmə və gənclərimiz xidmətdən yayınır, yaxud külli miqdarda pul-para xərcləyib, daha münasib və fərqli hərbi hissələrdə xidmət etməyə can atır? Bu ordu iləmi biz torpaqları işğaldan azad etməyi düşünürük? Bu nazirləmi biz savaşa hazırlaşırıq? Müharibə başlanarsa, Azərbaycanımızı, milli maraqlarımızı, balalarımızı bu adamamı etibar edəcəyik?..
Əfsuslar olsun ki, milli ordumuz milli-mənəvi dəyərlərimizdən, mənəviyyat ab-havasından xali bir formaya salınıb. Mənəviyyatsızlıq sindromu onun bütün sahələrinə sirayət edib. Əslində, belə bir orduya “milli” deməyə adımın dili də gəlmir! Mənəviyyatı yüksək olmayan ordu isə, heç bir uğur qazana bilməz. Daha doğrusu, uğursuzluğa düşar olar.
Orduda baş verən son qanlı olaylar illərdən bəri davam edən çirkinliklərin məntiqi davamıdır. Sonu deyil, davamı! Nə qədər ki, əbiyevlər iş başındadır, bu çirkinliklər, rüsvayçılıqlar da davam edəcək. Ölkəmiz üçün belə bir həssas dövrdə milli ordumuzu, silahlı qüvvələrimizi talançıların girovunda saxlamaq Azərbaycan dövlətçilik maraqlarını təhdid etməklə bərabər, həm də dövlətçiliyimizi sual altına alır! Zənnimizcə, Ali Baş Komandan qətiyyətli addım atıb, bu rəzalətə son qoymalıdır. Məgər şərait bunu tələb etmirmi ki, milli ordumuza saf, təmiz, cəsur, ləyaqətli və bacarıqlı, işğalçıyla savaşmış, şücaət göstərmiş, səngərlər görmüş Vətən oğulları rəhbərlik etsin?..
Həqiqətən də, milli ordumuz rəzalət və rüsvayçılıq içindədir. Zaman bizim xeyirimizə işləmir, hər halda. Bu biabırçılıqlara son qoyub, ordumuzu xilas etməyin vaxtı, çoxdan yetişib. Belə isə, ordumuzu xilas edək!..
Elşən Mustafaoğlu,
“Yeni Şərq” Araşdırmalar Mərkəzi