Tarix : 2010 Feb 05
Kod 16051

YAP YENİ GİZLİ SEÇKİ TAKTİKASI HAZIRLAYIB

Tanınmış müxalifətçilərə qarşı yeni güclü rəqiblər irəli sürüləcək
Azərbaycan Servisi/Aran Agentliyi
Yeni Azərbaycan Partiyası seçki hazırlıqlarını gücləndirib. Hazırlıqların tərkib hissəsi olaraq tanınmış müxalifətçi namizədlərə qarşı güclü rəqiblərin müəyyənləşməsidir. Bu barədə YAP-çı deputatlardan biri əməkdaşımızla söhbətində bildirib. YAP üzvünün dediyinə görə, hakim partiyanın rəhbərliyi tanınmış müxalifətçilərin hansının hansı dairədən seçkiyə qatılacağını müəyyənləşdirib və həmin dairələrdən güclü namizədlər irəli sürmək qərarını qəbul edib. Artıq həmin namizədləri də Prezident Administrasiyası ilə birlikdə müəyyənləşdiriblər.
Maraqlıdır ki, sözügedən siyahıdakıların əksəriyyəti yeni simalardır. YAP-ın parlament seçkilərində yeni namizədlərinin olacağını milli.az saytına müsahibəsində YAP-çı deputat Aydın Mirzəzadə də təsdiqləyib. O deyib ki, builki parlament seçkisində YAP-ın yeni namizədləri olacaq. Mirzəzadə onların arasında gənclərin və qadınların da olduğunu açıqlayıb.
A.Mirzəzadənin aşağıdakı açıqlaması isə YAP-da qocaların təqaüdə göndəriləcəyi haqda son vaxtlar yayılan xəbərləri təsdiqləyir: “Bu gün 30 yaşlı rayon təşkilatı sədrlərimiz var. Partiyanın özünün böyük gənclər təşkilatı fəaliyyət göstərir. Bələdiyyə seçkilərində qalib gələn partiya üzvlərimizin əksəriyyəti də yerlərdə, rayon təşkilatlarında fəal olan gənclərdir. Bu mənada YAP-da yeniləşmə və gəncləşmə prosesi əslində çoxdan başlayıb”.
Müxalifət isə YAP-ın seçkilərdə güclü və yeni rəqiblər irəli sürmək planından narahat deyil. Müsavat Partiyası başqanının müavini, deputat Arzu Səmədbəyli bildirdi ki, YAP-ın siyahısında nə qədər yeni, güclü şəxslər olsa da xalq YAP-a səs verəsi deyil. İnsanlar yenə də hakimiyyətin rəqibi olan partiyaların namizədlərinə üstünlük verəcək: “YAP son illər olan-qalan seçici etimadını da itirib. Xalqdan YAP-a heç bir dəstək yoxdur. Bunu YAP-çılar da bilir. YAP-ın namizədlərinin mandat əldə etməsi yalnız və yalnız seçki saxtakarlığı ilə baş verə bilər. İkincisi, seçki mübarizəsi təkcə şəxslər arasında mübarizə olmayacaq, bu, düşərgələrarası mübarizədir. Düzgün seçkidə müxalifətin tanınmış namizədlərinə qalib gəlmələri absurddur. Ona görə də bizim bir əndişəmiz yoxdur. Nə qədər güclü rəqiblər irəli verirlər versinlər. Seçki hazırlıqları bizdə də gedir”.
A.Səmədbəyli dedi ki, Müsavat Partiyası rəhbərliyindəki şəxslərin hansı dairələrdən namizəd olacağı müəyyən edilməkdədir: “Seçki qərargahımız bu məsələlərlə bağlı işləyir. Şəxsən mən də öz dairəmi müəyyənləşdirmişəm. Məni 2005-ci ildə deputat seçən seçicilərimin qarşısında üzüm ağdır. Onlara söz vermişdim ki, sizin burada görən gözünüz, parlamentdə danışan diliniz olacağam, problemlərinizi parlamentdə qaldıracağam. Bu vədimə əməl etmişəm. Seçicilərimi maraqlandıran elə bir məsələ olmayıb ki, cavabsız qalsın və ya parlament tribunasından səslənməsin”.
ADP sədri Sərdar Cəlaloğlu YAP-ın irəli sürdüyü namizədlərin müxalifətin tanınmış namizədlərinə qalib gəlməsinin mümkün olmadığını bildirdi: “YAP-ın siyahısında adı olan şəxsə seçicilərin əksəriyyətinin səs verməsinin qeyri-mümkün olduğunu sübut eləməyə ehtiyac yoxdur. Seçkilər demokratik keçirilsə, müxalifət namizədləri asanlıqla onlara qalib gələr. Seçki demokratik keçirilmədiyi halda isə YAP-ın namizədinin güclü olub-olmadığının önəmi yoxdur. Saxtakarlıqla istənilən zəif namizədi də qalib elan edirlər. Bizi YAP-ın bizə qarşı güclü rəqiblər irəli sürəcəyi narahat etmir. Narahatlıq seçkilərin demokratik keçirilməyəcəyi ehtimalının güclü olmağındadır”.
S.Cəlaloğlu ADP-nin namizədlərinin siyahısının müəyyənləşdirildiyini, lakin kimin hansı dairədən namizəd olacağının hələ dəqiqləşdirilmədiyini söylədi: “Çünki düşünürük ki, müxalifət birləşib vahid namizədlərlə seçkiyə qatılmalıdır. Bu istəyimiz baş tutmasa, istədiyimiz dairələrdə namizədlərimizi müəyyənləşdirəcəyik”.
Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə YAP-ın indidən ehtiyat tədbiri görməsini normal qarşılayır və bundan narahat olmadığını deyir: “Rəqabət aparan partiyalar əslində belə etməlidir. Məncə, bu, hamının qəbul edəcəyi seçki texnologiyasıdır. Rəqibin güclü namizədlərinə qarşı güclü namizədlər irəli sürmək taktikası doğrudur. Biz də hakimiyyətdə olsaydıq, bu cür edərdik”.
İ.Ağazadə Ümid rəhbərliyinə daxil olan şəxslərin bəzilərinin hansı dairədən namizəd olacağının müəyyənləşdiyini dedi: “Hazırlıq prosesi gedir. Qarşıdakı bir ayda kimin haradan namizədliyinin irəli sürüləcəyi bəlli olacaq”.
KXCP sədri Mirmahmud Mirəlioğlu da hesab edir ki, YAP-ın müxalifət namizədlərinin qarşısına güclü rəqiblər çıxarmaq istəyi normal qarşılanmalıdır: “YAP xalqın müxalifətə səs verəcəyinin fərqindədir. Ona görə də onun güclü rəqib taktikasını seçməsi təbiidir. Hesab edirəm ki, YAP nə qədər güclü rəqibləri irəli versə də tanınmış müxalifət partiyalarının rəhbərliyindəki ilk onluğa daxil olan şəxslərə qalib gələ bilməz. YAP müxalifətə yalnız seçki saxtakarlığı ilə qalib gələ bilir”.
M.Mirəlioğlu KXCP-nin namizədlər siyahısının tərtib olduğunu, müxalifətin birliyi ilə bağlı aparılan məsləhətləşmələri başa çatdırandan sonra siyahını açıqlayacaqlarını bildirdi.
 
  • Yazılıb
  • da (də) 2010 Feb 05