Tarix : 2010 Feb 05
Kod 16053

QIZ QALASI HƏR AN UÇA BİLƏR

Qalanın mühafizə zonasında planlaşdırılan tikinti Azərbaycanın simvolunun taleyini təhlükə altında qoyub; yeni bina üçün kotlavan qazılsa, fəlakət baş verəcək
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanın və Bakının simvolu sayılan, dünyanın ən unikal memarlıq incilərindən biri olan Qız qalası təhlükə altındadır və hər an uça bilər. Bu barədə Milli Məclisin son iclasında deputat Pənah Hüseyn məsələ qaldırıb. Millət vəkili bizim bu barədə sorğumuzu cavablandırarkən məlumatı təsdiqlədi.
“Bu fikir sessiyanın ilk iclasında ““Tarix və mədəniyyət abidələri haqqında” qanuna əlavə və dəyişikliklər"in müzakirəsi ilə bağlı çıxışımda səsləndirilib. Problem barədə məni tarixi və memarlıq abidələri üzrə mötəbər avtoritetlər olan alim-mütəxəssislər xəbərdar edib. Həyəcana səbəb olan odur ki, Qız qalasının mühafizə zonasına daxil olan və özü də abidə siyahısında olan Neftçilər prospekti, 75/77 ünvanlı bina qanunsuz olaraq uçurulub yerlə-yeksan ediləndən sonra onun yerində hotel və ya digər funksiyalı çoxmərtəbəli bina tikiləcəyi barədə informasiya yayılıb. Bu zaman orda kotlavan qazılsa, ağır kranlar quraşdırılsa, zonanın yük tutumu və balansı Qız qalasının özülü üçün təhlükə yarada bilər. Baxmayaraq ki, indi onun ətrafında bərkidilmə işləri aparıldığı deyilir. Bu, özlüyündə müsbət iş sayıla bilər. Lakin narahatlıq var ki, bu, Qız qalasının az qala dibində olan həmin uçurulan binanın yerində tikintiyə kotlavan qazılmasına hazırlıqdır. Qız qalası böyük qaya üzərində tikilib. Onu əsrlərdən bəri saxlayan da bu təbii özüldür. Lakin onun ətrafı boşalsa, nə baş verəcəyini düşünəndə adamın ürəyi qopur. İş orasındadır ki, uçurulan bina da qaya üzərində idi. Bakının, özəlliklə sahilboyu zonanın süxur quruluşu olduqca həssasdır. Buna görə burda binalar müasir binalarda olduğu kimi dərin kotlavan özüllərə yox, daha çox divarların qalınlığına istinad olunaraq inşa edilirdi. Uçurulan “qəzalı” binanın divarının qalınlığı 1 metrdən çox olub. İndi oliqarxların tamahı və cahillik İçərişəhəri məhv edir. Hamı Bakının amfiteatr görüntüsündən məlumatlıdır. Lakin çoxu bilmir ki, əsl Bakı, yəni İçərişəhər ərazisi İstanbul, Roma ərazisi kimi təpələrdən ibarət olub və ən hündür təpənin də üstündə Şirvanşahlar sarayı tikilib. Deyilənə görə, Bakıda da bu təpələrin sayı yeddidir. İçərişəhər zonasında yük balansının saxlanması üçün bu quruluş mütləq nəzərə alınmalıdır. Oradakı bir çox binaların da özülləri sal qayalardan ibarətdir. Lakin bu qayaların kökü dərin deyil. Onların altından, yanlarından həqiqətən yeraltı çaylar axır və dənizə tökülür. Odur ki, Qız qalası ətrafındakı ərazidə çoxmərtəbəli bina tikmək istəsələr və dərin qazıntı işləri aparılsa, böyük sürüşmə və çökmə baş verə bilər. Dərin özül qazılanda, betonlaşdırma həyata keçiriləndə bu axıntıların təbii məcrası pozulur. Yeni məcralar yaranır. Sular dəniz axa bilmir və yeraltı ovdanlar yaranır və s. 30-a yaxın binanı uçurulub yerində «Azneft» meydanındakı hoteli tikirlər; onun hansı fəsadlar yaradacağı hələ tam aydın deyil. Lakin mütəxəssislər deyir ki, bu tikintidən sonra bəzi kəhrizlər quruyub, bəziləri isə dolub. Əvvəllər su çıxmayan yerlərdən su üzə qalxıb. İçərişəhər ərazisində eninə-uzununa çatlar əmələ gəlib və onların böyüməyə meylliyi müşahidə olunur. Odur ki, həyəcan təbili çalınmalı, bu barbarlığa dur deyilməlidir. Mütəxəssislər hazırda İçərişəhərdə kanalizasiya sisteminin yenidən qurulması adı altında hər yeri qazıb töküblər. Dünya əhəmiyyətli qoruq şəhərdə belə iş görməzlər. Çıxışımın əsas yerlərindən biri o idi ki, qanunda dəyişiklik edilərək “abidənin bərpası” anlayışı “abidə üzərində iş aparılması” anlayışı ilə əvəzlənirdi. Bütün mütəxəssislər bilir ki, bərpa anlayışı nə deməkdir və özündə hansı böyük məzmunu daşıyır; habelə mühafizə və qoruma mənasını daşıyır. Odur ki, bu dəyişiklik sadəcə terminoloji dəyişiklik olmayıb konseptual dəyişiklikdir; faktiki olaraq abidələrin məhv edilməsinin legitimləşdirilməsidir. Məndə məlumat var ki, bir sıra QHT-lər prezidentə müraciət edib bir neçə dəyişikliklərlə bağlı olan qanunu imzalamamağı xahiş edəcək. Mənə bildirildiyinə görə, İçərişəhərdə yeni kanalizasiya xətlərinin çəkilişi zamanı köhnə borulardan istifadə olunur. Bu isə o deməkdir ki, bir-iki ildən sonra oraları yenə qazacaqlar. İçərişəhərin bərpasına xəsislik edirlər, amma şəhərdəki binaların divarlarının qaşınmasına 90 milyon manat ayrılıb. Pul çatmırsa, oradan götürülsün" - deyə P.Hüseyn bildirdi.
***
Bu qəbildən olan həyəcanlı məlumatların çoxluğunu, həmçinin məsələnin artıq Milli Məclisə də çıxarılmasını nəzərə alaraq problemi ictimai müzakirəyə çıxarmaq qərarına gəldik. Bu məqsədlə dünən İçərişəhərdə olub araşdırmalar apardıq.
Öncə Qız qalasının ətrafını gəzib sürüşmə və ya çökmə olub-olmadığı ilə maraqlandıq. Ərazidə çalışan mütəxəssislərdən öyrəndiyimiz isə o oldu ki, qazıntılar nəticəsində tapılan qədim kəhrizlər doğrudan da Qız qalasının taleyini sual altında qoyub.
“Tarixdən də məlum olduğu kimi, İçərişəhər salınarkən onun kanalizasiya sistemi çox mükəmməl qurulub. Tarixi sənədlərdə İçərişəhərin planına baxanda görürük ki, qədim kanalizasiya xətti çarpaz şəkildə çəkilib. Kəhrizin və kanalizasiya sisteminin Xəzərə birbaşa çıxışı var. Çökməyə səbəb isə bərpa və yenidənqurma işlərinin düzgün aparılmamasıdır. Çünki yeni kanalizasiya sistemini o kəhrizlərin üzərində qazmaqla ortada boşluq yaradırlar. Bu boşluq da ağırlığa tap gətirmir. Nəticədə böyük çökmə və sürüşmələr olur”.
Bunu bizə ərazidə müşahidə aparan müstəqil ekspert, memar Hacı Mirəliyev söylədi. O deyir ki, bu tipli tektonik hallar Qız qalasının yerləşdiyi ərazidə də baş verəcək və nəticədə qala uçacaq: “Bu, çox ciddi məsələdir. Müvafiq orqanlar bu məsələ ilə bağlı həyəcan təbili çalmalıdır. Bizdəki məlumata görə, təzəlikcə sökülən tarixi bina da eyni təhdidlə üzləşibmiş. Belə ki, Qız qalasının solunda yerləşən tarixi binaya baxış zamanı bildirilmişdi ki, binanın altında böyük boşluqlar yaranıb. Binanın bünövrəsində yaranan kiçik çatlardan sonra ekspertlər rəy verdi ki, guya binaya 2000-ci ildə baş verən zəlzələ zamanı ziyan dəyib”.
Ekspert dedi ki, qalanın sağındakı bina da təhdid altındadır. O bildirdi ki, bu bina bir neçə dəfə təmir olunub, lakin hələ də binanın özülündə eroziya prosesləri davam edir. Qeyd edək ki, yenidən qurulan kanalizasiya xətlərində köhnə borulardan istifadə olunduğunu gözlərimizlə gördük.
Məsələyə münasibət öyrənmək üçün Qız qalasının yaxınlığındakı Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə getdik. Lakin məsələ ilə bağlı danışmağa bir nəfər də olsun tapılmadı.
Məlumat üçün bildirək ki, prezident İlham Əliyevin 16 dekabr 2009-cu il tarixli sərəncamı ilə İçərişəhər ərazisində uçmuş və uçmaq təhlükəsi olan, tarixi-memarlıq əhəmiyyətinə malik olmayan tikililərin yerində ənənəvi küçə şəbəkələri olduğu kimi saxlanılmaqla turizm infrastrukturu obyektlərinin qurulması, yaşayış binalarının təmiri və mühəndis kommunikasiyalarının dəyişdirilməsi, ərazidə abadlaşdırma işlərinin aparılması üçün 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 3 milyon manat vəsait ayrılıb.
  • Yazılıb
  • da (də) 2010 Feb 05