Son günlər ölkədə dini dükanlarla bağlı narahatlıqlar yaşanmaqdadır. Daxil olan məlumatlarda dini dükanlara qarşı son vaxtlar təzyiqlər edildiyi bildirilir
Azərbaycan Servisi/Aran Agentliyi
Son günlər ölkədə dini dükanlarla bağlı narahatlıqlar yaşanmaqdadır. Daxil olan məlumatlarda dini dükanlara qarşı son vaxtlar təzyiqlər edildiyi bildirilir. Deyilənlərə birbaşa dükan sahiblərinin münasibəti almaq və dükanlardakı durumu araşdırmaq üçün paytaxtımızın dini dükanlarına baş çəkdik. Onu da qeyd edək ki, araşdırmalarımız zamanı dini dükan işlədənlərin bir çoxlarına hələ də təzyiqlər davam etdiyindən onların adlarını açıqlamırıq.
Dini dükanlarda araşdırmalar zamanı məlumatlarda bildirələn siqnallar özünü doğrultdu. Belə ki, ilk olaraq qeyri-qanuni və məcburi tərzdə dükanlardakı manekenlərdən hicabların açdırıldığının şahidi olduq. Bir qayda olaraq dini dükanlarda bizə bildirdilər ki, vergi məmurları dükanlara gələrək manekenlərdən hicabların açılmasını tələb edirlər. Dükan işçiləri bildirirlər ki, məmurlardan bunun səbəbini soruşduqda isə onlara verilən cavablar belə olur: “İstəmirsən başın ağrısın -onda aç”, “məndən izah istəmə” və s.
Təsdiqin tapan növbəti məsələ isə vergi məmurları tərəfindən əsası oldu-olmadı dükanların cərimələrə məruz qoyulmaları oldu. “İlişdin-ilişmədin cərimə edirlər”, - deyə dükan sahibləri bizimlə söhbətlərdə bu haqda danışarkən vurğuladılar. Bəzilərinin fikrincə isə bu cərimələr məqsədli şəkildə həyata keçirilir ki, bu dükanlar iflasa uğradılsın. Bunu bizə dolanışığını dükanlardan çıxaran bir respondentimiz bildirmişdir. Onun sözlərinə görə bu cərimələr dükanların birdəfəlik bağlanılmasına hesablanmışdır. Belə ki, bildirilir ki, ötən il vergi qanunvericiliyində edilmiş dəyişikliklərə görə 2 cərimədən (birinici dəfə 400 manat, ikinci dəfə 800 manat) sonra üçüncü dəfə 1200 manatlıq cərimə tətbiq edilir. Araşdırmalar zamanı demək olar ki, əksər dini dükanların 400 manatlıq cəriməyə, bəzilərinin isə hətta 800 manatlıq cərimələrə məruz qoyulmaları məlum olmuşdur.
Bəzi dükanlarda isə bildirdilər ki, lisenziyaya görə də vergi məmurları tərəfindən incidilmişlər. Lakin bir sıra dükanlar bu zaman DQİDK ilə əlaqə saxlayaraq onların fikirlərini öyrənmiş, gələnlərin bununla bağlı tələblərinin yersizliyini sübuta yetirə bilmişlər.
Araşdırma zamanı digər faktlar da aşkara çıxmışdır. Bildirilir ki, hazırda bir sıra sahibkarın ətirləri gömrük məntəqələrində saxlanılaraq ölkəyə keçirilməsinə imkan yaradılmır. Dükanlarda bizə bildirdilər ki, bunu o adla edirlər ki, guya ətirlər "vəhhabi malıdır" (?!) və buna görə də ölkəyə gətirilməsinə icazə verilmir.
Sonda qeyd edək ki, araşdırmalar bunu göstərir ki, dini dükanlarda yaşanan təzyiqləri iki qrupa bölünür: bir qrup narahatlıqlar bütün sahibkarlara yaradılmış ənənəvi total əngəllər, digər qrup isə sırf dini etiqad sahəsinə yönəlik qeyri-qanuni təzyiqlərdir. /Deyerler.org/