Bilirsiniz, bu ziyarətdə Azərbaycanın mənfəətlərindən daha ümdə İsrail mənfəətləri yer alır. Əvvəllər də Azərbaycanın bu kimi addımları olmuşdu
Azərbaycan Servisi/Aran Agentliyi
Sionist rejimin Xarici İşlər Naziri Aviqdor Liberman Azərbaycanda rəsmi səfərdədir.
Bu səfərlə bağlı İslam-Azeri.az internet qəzeti Türkiyənin tanınmış “Vakit” qəzetinin yazarı, Yaxın Şərq siyasəti üzrə ekspert Əhməd Varoldan münasibət öyrənib.
Bildiyiniz kimi İsrailin Xarici İşlər naziri Aviqdor Liberman Azərbaycanda rəsmi səfərdədir.
Bunun Azərbaycanın İslam dünyasındakı mövqeyinə necə təsiri ola bilər. Azərbaycanın xeyrinə və ziyanına nə kimi nəticələr doğura bilər?
Bununla əlaqədar fikrinizi bilmək istərdik?
Bilirsiniz, bu ziyarətdə Azərbaycanın mənfəətlərindən daha ümdə İsrail mənfəətləri yer alır. Əvvəllər də Azərbaycanın bu kimi addımları olmuşdu.
İsrailin Qəzzaya hücumundan sonra bütün dünyada nüfuzunu itirmişdi. Hələ də diplomatik sahədə və beynəlxalq münasibətlərdə bunun sıxıntısını yaşamaqdadır. Və bu sıxıntıdan çıxmaq üçün bəzi xüsusi əlaqələrindən yararlanmağa çalışır.
Azərbaycanla münasibətlərdə isə Azərbaycanın mənfəətləri yox, İslam aləmində İsrailə qarşı olan təzyiqin və etirazların azda olsa yumuşalması hədəfə alınmışdır.
Türkiyə ilə də bəzi diplomatik səfərlərlə əlaqələrini genişləndirməyə çalışmış lakin Türkiyənin sərt mövqeyindən dolayı nəticə əldə edə bilməmişdi. O cümlədən İslam dünyasında da İsrailə eyni mövqe nümayiş olunur. Lakin Azərbaycan İsrailə qapılarını açdı və İsrailin diplomatik sahədə nüfuzunu bərpa etməsi üçün onunla bu cür əlaqə qurmağı qəbul etdi.
Burda Azərbaycanın hər hansı bir mənfəət əldə edəcəyini güman etmirəm. Əksinə Azərbaycana qarşı etirazlar olacaqdır, xüsusi ilə də İslam dünyası və müsəlman xalqlar tərəfindən. Buda bir müsəlman dövləti olan Azərbaycan üçün utanc verici bir haldır ki, hərçənd Azərbaycana maddi baxımdan da heç bir faydası yoxdur.
İsrail Azərbaycan üçün maddi mənfəət verə biləcək gücə sahib deyildir. Onun arxasında duran Amerika da iqtisadi böhrandadır və buna görə də İsrailin ikili mənfəətləri üçün öz xeyrindən keçəcək vəziyyətdə deyil. Əgər iqtisadi razılaşmalar olsa belə bu yalnız diplomatik əlaqələrin genişləndirilməsi üçün atılmış addımlar olacaq və simvolik xarakter daşıyacaqdır. Bəzi layihələr müzakirə oluna bilər, lakin buda İsrailin mənfəətlərini güdən siyasətin bir parçası olacaqdır. Bu layihələr Azərbaycana müəyyən kiçik maddi gəlir gətirsə də bunun beynəlxalq aləmdə siyasi əlaqələr baxımından Azərbaycan üçün ziyanları maddi gəlirlərindən çox olacaqdır.
Biz Türk xalqı həmişə müsəlman Azərbaycan xalqı ilə birlikdəyik.