Seyyid Tofiq Rəsizadə: "Gündüz İsmayılov dedi ki, biz sənədləri geri qaytarmışıq, onlardan imtina etməmişik"
Azərbaycan Servisi/Aran Agentliyi
“Turan”a açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Gündüz İsmayılov Yeni Günəşlidəki "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin qeydiyyatına dair sənələrdən imtina edildiyi istiqamətində açıqlamalarla çıxış etmişdir. Açıqlamalarla tanış olduğunu deyən "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin dini icmasının rəhbəri Seyyid Tofiq Rəsizadə Deyerler.org-a açıqlamasında yayılan məlumata aydınlıq gətirmişdir: “Məlumatla tanış olduqdan sonra G.İsmayılovla əlaqə saxladıq. Bizə bildirdi ki, “Azərbaycanda hər kəs qanunları bilmir. Biz sizin sənədləri geri qaytarmışıq ki, yenidən hazırlayıb gətirsinlər. Qeydiyyat üçün yenidən müraciət etsinlər”. Biz istənilən bütün sənədləri hazırlayıb bir daha komitəyə verəcəyik. Bizim məscidin sənədlərinin qeydiyyatından imtina edilməyib. Sadəcə sənədlərin tamamlanması üçün onlar geri qaytarılıb. Bunu bu gün G.İsmayılov bir daha bizimlə söhbətində bildirdi”. Haqqında danışılan informasiyanın yanlışlıqla yayıldığını vurğulayan icma sədri bu deyilənlərin komitənin bir neçə rəsmisinin təsdiqlədiyini də vurğulamışdır. “Ondan soruşduq ki, Gündüz müəllim, sizin idarədə belə bir hal varmı ki, bizim sənədlərdən qəti olaraq imtina edilib. Dedi ki, xeyr, belə bir şey olmayıb. Dedi biz sənədləri geri qaytarmışıq, onlardan imtina etməmişik”.