Bu səfər bəziləri üçün yerində olan və faydalıdır, böyük əksəriyyət üçün isə yersiz və zərərli bir görüş hesab olun
Azərbaycan Servisi/Aran Agentliyi
“Bu səfər bəziləri üçün yerində olan və faydalıdır, böyük əksəriyyət üçün isə yersiz və zərərli bir görüş hesab olunur. Ümumiyyətlə Azərbaycan tərəfinə lazım deyil. İsrail tətəfi isə bu səfəri gecikmiş addım kimi qiymətləndirir. İsrailin Türkiyə ilə münasibətləri korlandığı və bu vəziyyət kəskin xarakter aldığı üçün regionda əməkdaşlıq edə biləcək ikinci ehtiyat ölkə ilə yaxın münasibətlərini qurur. Bununla da Türkiyəyə mesaj göndərir ki, İsrailin maraqlarını təkcə Türkiyə deyil, Azərbaycan tərəfi də müdafiə edə bilər” – bu sözləri Azərbaycan Birlik Təşkilatının sədri Namiq Babaxan FaktXəbərə açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycan İsrail üçün çox önəm daşıyır. İsrail məzlum və günahsız müsəlmanların qanı bahasına öz qondarma dövlətini qurub. Azərbaycan kifayət qədər acı tale yaşadığı, minlərlə şəhid verdiyi və işğala məruz qaldığı üçün İsraillə əlaqə yaratmamalıdır: “İsraillə əməkdaşlıq etmək Azərbaycana həm İslam dünyasındakı nüfuzuna, həm də müsəlman ölkəsi kimi mövcud iqtidarın xalq qarşısında etimadına ciddi ziyan vura bilər. İsrail Azərbaycandan ancaq öz çirkin niyyətlərinə çatmaq üçün istifadə etmək istəyir. Buna görə də hesab edirəm ki, belə səfərlər bizə başucalığı gətirməyəcək”.
N.Babaxan Libermanın Azərbaycandan qonşu İran və Türkiyəyə qarşı ittihamlarına münasibət bildirərkən əlavə etdi ki, xarici mətbuatlardan izlədiyim məlumatlara əsasən, Liberman Bakıdakı çıxışlarında bir neçə dəfə Türkiyə və İrana mesaj göndərib: “İsrailin Azərbaycandan yaxın və qonşu ölkələrə belə mesajları təbii ki, onlarla Azərbaycan arasında soyuq münasibətlərə səbəb ola bilər. Mövcud vəziyyətdə Azərbaycana qonşuları ilə xüsusən, nəinki regionda, bəlkə dünyada siyasi gücə mailk olan Türkiyə, İran və Rusiya ilə daha yaxın əməkdaşlıq zərurudir. İsrail xarici işlər nazirinin belə mesajları regionda ciddi narazılıqlara səbəb ola bilər”.
Biz müqayisə etsək, məzlum, işğala məruz qalmış, torpağı əlindən alınmış, əhalisi qaçqın və köçkünə çevrilmiş Fələstinə daha yaxınıq. Onlarla eyni acı tale yaşayırıq. Bu gün dünyada gedən münaqişələrə nəzər salsaq, görərik ki, Fələstindən sonra ikinci yeri Dağlıq Qarbağ məsələsi tutur. Fələstinlə bizim aramızda oxşar tərəflər kifayət qədərdir – deyə N.Babaxan bildirdi: “Hər halda biz Fələstinə daha çox yaxınıq. İsrail tərəfi isə Ermənistanla eyni, bəlkə ondan daha çox çirkin siyasət aparır. Hər ikisi müsəlman torpaqlarını işğal edib, qondarma dövlət qurublar. Bu cür ölkə ilə Azərbaycan rəhbərliyi ümumiyyətlə əlaqə qurmamalıdır. Çünki, İsrail müsəlmanların qanını axıtmaqla yanaşı, eyni zamanda bizə acı anlar yaşadan ermənilərlə bir əqidəyə yaxın dövlətdir. Bizi mədəni, siyasi və iqtisadi işğala məruz qoymaq məqsədilə əlaqələr qururlar. Bu, birbaşa Azərbaycan dövlət rəhbərlərinin fikirləşəcəkləri və qərar verəcəkləri məsələdir. Hesab edirəm ki, İsrail təcavüzdən əl çəkənə qədər, onunla heç bir əlaqə yaratmaq düzgün deyil”.
Əli Mövlud / Faktxeber.com