Azərbaycan Servisi/Aran Agentliyi
İlk baxışda İmad Muğniyənin şəhidliyə yetişməsinin ikinci ildönümü, İran İslam İnqilabının 31-ci ildönümü, İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana səfəri, Azərbaycanın siyasi simasını formalaşdıran bəzi insanların çıxışları və fevralın 13-də Bakıda Azərbaycan polisi tərəfindən dindarların dinc aksiyasının iştirakçılarına qarşı törətdikləri zorakılıq arasında heç bir əlaqə yoxdur.
Amma ilk baxış bəzən aldadıcı olur. Odur ki, bu hadisələrə diqqətlə nəzər etdikdə, onların bir zəncirin halqaları olduğunu anlayarıq.
İki il öncə Suriyada terror nəticəsində «Hizbullah» hərəkatının aparıcı simalarından biri olan İmad Muğniyə şəhid edildi. Bu qanlı cinayətin arxasında hansı qüvvələrin dayanması isə heç bir araşdırmasız da bəlli idi – sionist İsrail və onun yüzlərlə, minlərlə günahsız insanı qətlə yetirmiş xüsusi xidmət orqanları. Müsəlmanlar cəsur mücahidin aralarından getməsinə üzüldükləri vaxtda, ABŞ, Qərb və İsrail sevinc içindəydilər. Onlar «terrorçu məhv edildi!» xəbərlərini gündəmə gətirərək, biri-birilərini təbrik edirdilər. Hərçənd, bu sevinc uzun sürmədi. «Hizbullah»ın lideri Seyyid Həsən Nəsrullahın «Muğniyənin qisası mütləq alınacaq» vədi düşmənləri qorxunc sükuta qərq olmağa vadar etdi.
Beləliklə, Muğniyyəyə «terrorçu» damğası vurmağa cəhd etdilər. Amma bu ittihamçılara sadə sual verməyə çalışanları eşitmək istəyənlər az tapıldı. Hərçənd sual çox aktual idi: «terrorçu» adına başqa bir ölkənin ərazisində terror aktı təşkil edən sionist qurumu daha layiqdir, yoxsa vətəninin bütövlüyü, azadlıq uğrunda mübarizəyə qalxan Muğniyə? Əlbəttə ki, Muğniyənin avtomobilini partlatmaqla, İsrail bir daha terrorçu rejim olduğunu sübuta yetirdi. Və belə bir terrorçu qurumun xarici işlər naziri İmad Muğniyənin şəhidliyinin ikinci ildönümündə Azərbaycana gəldi. Ayaqları altına qırmızı xalılar salınaraq qarşılanan Aviqdor Liberman vətənimizdə yüksək səviyyədə qarşılandı. Bəlkə onu heç İsraildə belə qarşılamazdılar. Azərbaycan isə sanki çoxdan intizarında olduğu bir xilaskarın pişvazına çıxmışdı. Əlbəttə ki, xilaskarı gözləməkdəyik. Bu səfəri müxtəlif cür qiymətləndirənlər oldu. Ancaq dərin şərhlərə varmayaraq, Libermanın Bakı səfərinə bir sözlə şərh vermək istəsək, yalnız «Rüsvayçılıq» deməklə kifayətlənməliyik. Çünki əllərindən məsum müsəlmanların qanı damcılayan Liberman Azərbaycan torpağına ayaq basmaqla doğrudan da bizi bütün müsəlman dünyasında rüsvay etdi. Qardaşlarımızın, İmad Muğniyə kimi şəhidlərin qanına susayan nakəsi qardaşcasına qəbul etdik. Müsəlmanlar yaşayan bir məmləkət üçün bundan böyük rüsvayçılıq, bundan böyük rəzalət ola bilərmi? Bəlkə də. Məsələn, məscidlərin dağıdılması. Ancaq hər halda üst-başı şəhidlərin qanına bulaşmış Liberman kimi cəllad Xocalı, Daşaltı, Şuşa, Ağdərə şəhidlərinin qanı ilə suvarılmış Azərbaycan torpağına ayaq basmamalıydı.
Azərbaycan isə bu günlərdə yalnız mənfur sionistin gəlişindən utanc duymaqla yaşamırdı. Milyonlarla azəri küçələrə çıxaraq, həm də İran İslam İnqilabının 31-ci ildönümünü qeyd edirdi. Söhbət, əlbəttə ki, İran Azərbaycanından gedir. Tehranda olduğu kimi, Ərdəbildə, Təbrizdə, Xoyda yaşayan soydaşlarımız İslami dəyərlərə, İslami qanunlara, İslam İnqilabının lideri Seyyid Əli Xameneiyə sədaqətlərini və dəstəklərini nümayiş etdirdilər. Bu, tam fərqli bir duyğular idi. Təbrizin, Ərdəbilin küçələrinə çıxan azərilər başlarını uca tutmuşdular və biri-birilərin gözünün içinə mərd-mərdanə, kişiyana baxırdılar. Onların utanmağa əsasları yox idi. Onlar müsəlman idilər və müsəlmanlıq adına xələl gətirəcək heç bir şey etməmişdilər, müsəlman qatilinə ağuşlarını açmamışdılar. Əfsuslar olsun ki, Arazın bu tayında Libermanın səfəri fonunda eyni hissləri yaşamaq olduqca çətin idi.
Amma desək ki, Bakıda bütün xalq israillinin gəlişindən qəm içində boğulurdu, yanlışlığa yol vermiş olarıq. Təəssüflər olsun ki, Libermanın ayaqları altına yıxılanlar, onu öz doğması kimi qarşılayanlar da oldu. İranla əlaqələri qırmaq, sionistlərlə qardaşlaşmağı təklif edənlər də var idi. Bunlar soyköklərindən, tarixlərindən, milli və mədəni dəyərlərindən imtina edən kimsələr idi. Soyunda, əcdadları arasında kiminsə mütləq şəkildə dindar olduğunu şəxsiyyət vəsiqəsindəki soyadları ilə qeyri-ixtiyari, istəməsələr belə təsdiqləyən bu insanlar, dilləri ilə onların ifadəsi ilə desək, «İranın molla rejimindən» uzaq olmağı tövsiyyə etdilər. Onlara müəyyən ismarıclar göndərmək də olardı. Amma müsəlman xalqımızın gözəl, yerinə düşən bir deyimi var – «donqarı qəbir düzəldər».
Və məhz belə əqidə sahiblərinin səyləri nəticəsində Həzrəti Peyğəmbərin şəhadəti günü Şəhidlər Xiyabanını ziyarət etmək istəyən dindarlar vəhşicəsinə döyüldülər, təhqir edildilər.
Polis tərəfindən.
Həmən polis ki, guya onların asayişini qorumalıdı. Şəhərin digər bir guşəsində isə Peyğəmbər və İmam Həsən (ə)-ın şəhadəti ilə əlaqədar matəm məclisi təşkil etmək istəyənlər yenə də həmən polisin zorakılığına məruz qaldılar. Başda “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov olmaqla bir qrup dindar polis bölməsinə aparıldılar. Artıq böyük analitik olmaq lazım deyil ki, Azərbaycanda dindarlara və İslama qarşı Səlib yürüşünün başladılması qənaətinə gələsən. Bu məqsədə çatmaq üçün artıq heç bir maneə nəzərə alınmır. Hətta bəzi təntənəli mərasimlərdə spekulyasiya predmetinə çevrilən şəhidlərimizin müqəddəs xatirələri belə.
Artıq kartlar açılıb. Kiminsə baş verənlərə anti-İslam hərəkatından savayı don geyindirməyə haqqı yoxdur.
Lakin artıq nəzər saldığımız deyimə dönmək istərdik. “Donqarı qəbir düzəldər”.
Həm nikbin, həm də bədbin bir deyimdir. Çünki «donqarın» nə vaxtsa mütləq düzələcəyi şübhə doğurmur. Eyni zamanda bu «düzəlişi» qəbir evinə qədər də saxlamaq düzgün olmazdı. Odur ki, ümid edirik. Ümid edirik ki, nə vaxtsa həqq-ədalət öz yerini tutacaq. Dostu dost kimi qəbul edib, düşmənə isə qapını göstərəcəyik. Ümid edirik ki, «donqar» düzələcək. Özü də qəbirdə yox…