Tarix : 2010 Feb 14
Kod 16182

Peyğəmbərə (s) matəm saxlamaq cinayətdirmi?!

.
Azərbaycan Servisi/Aran Agentliyi
Bismillahir Rəhmanir Rəhim.
Həzrəti Muhəmməd (s.ə.v.v): “Allah Təalanı qəzəbləndirmək üçün bir hökmdarı məmnun edən Onun dinindən çıxar”
Bir neçə gün bundan qabaq Azərbaycan Dövlət Televiziyasında bir xəbərlə rastlaşdım. Ümumiyyətlə bu kanala nadir hallarda nəzər salıram. Xəbər Ermənistanda aksiyaların keçirilməsi ilə əlaqədar idi. Doğrusu, bu xəbər mənim üzümdə təbəssüm yaratdı. Ona görə yox ki, Ermənistan bu çıxışlardan sonra çökəcək, ona görə ki, Azərbaycan Respublikasının Dövlət telekanalı bu barədə xəbər verirdi, bir halda ki, təmsil etdiyi respublikada Ermənistanda baş verənlərə imkan verilmir. Əslində AzTv bu xəbəri verməkdə Ermənistanda böhran olduğunu söyləmək istəyirdi. Ancaq bəlkə də, Ermənistan özü bu cür xəbərləri yaymaqla ölkəsində söz azadlığının olduğunu nümayiş etmək istəyir. Mən öz-özümə fikirləşdim, bir halda ki, bizim respublikamızda nəinki hökumət əleyhinə, sadəcə olaraq bir icmanın dini düşüncələrini göstərmək üçün birlikdə yığışmasına icazə verilmirsə, nə üçün düşmən ölkələrdən bizə reportajlar hazırlanır?! Birinci, öz daxilimiz deyilmi?! Kimsə məni (məndən çox uzaq olan) ermənipərəstlikdə qınayar bu dəfə. Amma diqqətlə fikirləşin. Ermənistan bu yolla göstərir ki, bizdə söz azadlığıdır, müxaliflər etiraz edə bilər. Azərbaycanda isə, hökumətə əleyhinə heç bir aidiyyatı olmayan, sadəcə dini görüşlərini müdafiə edən kəslərə belə icazə verilmir. Daha sonra isə Azərbaycanda söz azadlığının olmadığını irəli sürüb Qarabağ məsələsini öz xeyrinə istifadə edə bilər. Allah bizi həm daxili, həm də xarici düşmənlərdən qorusun.
Ümumiyyətlə, söhbət dünənki aksiyalardan gedir. Eşitdiyimə görə, hətta bu aksiya İCAZƏli idi! Demək ki, bu yerli məmurların göstərişi əsasında divan tutulmuş aksiya idi. Aksiyanın mahiyyətini belə anlamadan boğmağa çalışıblar. Mənə çox acı olsa da, deyirəm: “(Bu məsələdə) heç olmasa Ermənistandan nümunə götürün”.
Qeyd edim ki, dünən (14 fevral 2009) Həzrəti Peyğəmbər (s.ə.v.v) və İmam Həsən (ə)-ın şəhadəti günü idi. Bir qrup mömin icazəli şəkildə bu hadisəni qeyd etmək istəmişdilər. Lakin yerli polislərin qəzəbinə tuş gəlmişdilər. Amma yenə də ümüd edirəm ki, möminlərə qarşı son zamanlar artan təzyiqlər dayandırılar. Kimisə həbs etmək istəyirsiz?! Dayanın deyim buyurun həbs edin:
- Bir halda ki, Azərbaycan İslamın yaranmasının ilk illərindən bu dinə iman gətirmişdir, bu din əleyhinə təbliğat aparanları həbs edin
- Bir halda ki, bizim milli-mənəvi dəyərlərimiz var, o zaman yarıçılpaq ekranlara çıxıb, insanların əxlaqını pozan şəxsləri həbs edin
- Din altında fəaliyyət göstərib, əslində İslama qarşı işlər görən radikal məzhəbçiləri həbs edin
- Peyğəmbəri (s), İmamları (ə), seyidləri, pirləri təhqir edənləri həbs edin. Onları ziyarət edən kəsləri təkfir edənləri həbs edin
- Xarici ölkələrə xidmət göstərib, ölkəsinə xəyanət edənləri həbs edin
- …
Əgər desəz ki, fikir azadlığıdır, deyərəm ki, bəs dini rəhbərlərin şəhadət gününü qeyd etmək də fikir azadlığıdır. Əgər desəz ki, ictimai yerlərdə olmasın, mən də qarşılıqlı sizə deyərəm ki, bəs nə üçün əxlaqsız müğənnilər ictimai yerlərdə rahat gəzir, konsert verir?!
Əgər desəz ki, dövlət əleyhinədir. Soruşuram, peyğəmbərin (s) şəhadətini keçirməkmi?! Bu ağılsızlıq deyildirmi?! Qarşılıqlı olaraq, Azərbaycan dövlətinin qurucularının da əlamətdar günləri dövlət əleyhinədir?! Yuxarıda sadaladığım (həbs olunmaq üçün) şəxslər əxlaq və dövlət əleyhinə işlər görür. Bəlkə onlara qarşı da tədbir görülsün? Yenə də bunu ümüd edirəm, inanıram ki, dövlətimizdə mənəviyyatlı ziyalılar da vardır və bütün baş verənlərə layiqincə münasibət bildirəcəkdir.
İndi isə, üzümü tuturam möminlərə. Allahın salamı olsun üzərinizə və Allah Təala sizi qiyamət günündə İmam Həsən (ə) ilə məşhur etsin və Peyğəmbərin (s) şəfaəti üstünüzdən əksik olmasın!
Ey möminlər, bu dünyanın işi belədir. Hədislərdə bizə gəlib belə çatıb:
“Dünya mömin üçün zindandır, hansı zindandan xeyir gəlmişdir ki?!” (İmam Cəfər Sadiq)
Ey möminlər Qurani Kərimdə Allah Təala buyurur:
Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır. (Əhzab 21)
Həzrəti Muhəmməd (s) hamımızdan çox əziyyətlə rastlaşmışdı. Peyğəmbərliyi təbliğ edərkən, bəziləri divanə adlandırmış, bəziləri üstünə zibil atmış, bəziləri namaz qılmağa qoymayıb mübarək başına heyvan bağırsaqları atmış, bəziləri onu daşlamışdı. Ancaq nümunə götürməli olduğumuz şəxs (s)-in qəlbində yalnız Allah olmuş və yalnız Onun rizası üçün çalışmışdır. Sonda da Allah Təala onu (s) qalib etmişdir. Onun gətirdiyi din qiyamətə kimi nəinki öz əhəmiyyətini itirməyəcək, necə ki, indi müşahidə olunur, dünyada ən çox itaət ediləcək din olacaq. Biz də bunun üçün əlimizdə gələni etməliyik. Qəlbimizdə kin deyil, vacib buyurulan Təvəlla (Allah dostları ilə dostluq) və Təbərranı (Allah düşmənləri ilə düşmən olmaq) daşımalıyıq. İstər Həzrəti Əli kimi səbr edək, istər İmam Həsən kimi sülh bağlayaq, istər İmam Hüseyn və tərəfdarları kimi başımız kəsilib, tikə-tikə doğranaq. Hər 3 halda İslam uğrundadır. Ona görə də, onlar (ə) axirəti bir yana qoyaq, dünyada böyük məqam qazanmışlar. Həmişə adlarını zikr edəndə salavat deyib, yad edirik onları.
Bütün mömin qardaşlara Allahdan səbr diləyirəm. Hər qaranlıq gecənin, bir işıqlı sabahı var. Həmin sabahda doğacaq Günəşin ümüdi ilə…Allah Taala İmam Zamanın (ə.f) zühurunu təcil etsin və bizi də onun (ə.f) layiqli əsgərlərindən qərar versin! AMİN!
“Əgər bəndələr bilmədikləri zaman dayansaydılar və bilərək inkar etməsəydilər, kafir olmazdılar” (İmam Cəfəri Sadiq əleyhissəlam)
E. Hüseynli
 
 
  • Yazılıb
  • da (də) 2010 Feb 14