Tarix : 2010 Feb 17
Kod 16206

“Yeni Müsavat” və etnik zəmində saxtakarlıq:tariximiz gözümüz qarşısında təhrif edilir

Keçən əsrin ortalarında aparılan arxeoloji qazıntıların nəticələrindən məlum oldu ki, hələ eramızdan əvvəl 3000 il əvvəl bu ərazidə əhali məskunlaşıb” cümlələrilə başlayır
Azərbaycan Servisi/Aran Agentliyi
Ötən gün “Yeni Müsavat” qəzetində Fərahim İlqaroğlu və Emil Salamoğlu adlı müəlliflərin “Altı qəbiristanlığı olan kənd Şağanın tarixi və bu günü” adlı məqaləsi doğma kəndimiz Şağana həsr edilmişdi. Amma bu yazını oxuyub, ailəmizlə, həmkəndlilərimizlə birlikdə təəccübləndik. Eyni zamanda tarixi məlumatların saxtalaşdırıldığını, kəndimizlə bağlı uydurma informasiyaların verildiyini oxuyub, qəzəbləndik. “Milliyyətçi” görüntüsü yaradan yazarların qəsdənmi, bilməyərəkmi kəndimizin tarixini təhrif etməsi bizi çox narahat etdi. Görəsən bu, Bakı və Abşeron əhlinə qarşı növbəti növbəti təxribatdırmı? Yoxsa sadəcə naşı yazarların təxəyyülünün məhsulu? Hər nə olursa olsun, əlimizə qələm alıb cavab yazmağı özümüzə borc bildik.
Sözü gedən məqalə “Şağan Abşeron yarımadasının ən qədim yaşayış məskənlərindən biridir. Keçən əsrin ortalarında aparılan arxeoloji qazıntıların nəticələrindən məlum oldu ki, hələ eramızdan əvvəl 3000 il əvvəl bu ərazidə əhali məskunlaşıb” cümlələrilə başlayır. Bu sözləri müəlliflərə Şağan kəndinin yaşlı sakini Hacı İbrahim kişi deyir. Guya Hacı həm də deyib ki, coğrafi məfhum kimi Şağan toponiminin bir neçə izah variantından ən çox uyğun gələni adın məhz etnotoponim olaraq Çağan oğuz eli (?!) ilə bağlı olmasıdır.
Daha sonra isə oxuyuruq: “Şağan kəndinin əhalisi tarixən türkdilli olmuşdur. Toponimin “sakan” etnonimi ilə oxşarlığı bizə belə bir mülahizə yürütməyə əsas verir ki, vaxtı ilə burada sakan tayfasından olan adamlar yaşamışdılar.”
Əfsus ki, mövcud şərait Bakı və Abşeron yarımadasının tarixini, etnoqrafiyasını lazımınca öyrənməyə, məlum olanları isə təbliğ etməyə imkan vermir. Elə bundan sui-istifadə edib, özlərini “türkçü” kimi qələmə verənlər də meydan sulamaqla məşğuldur. Bu adamlar yerli əhalinin tarixini bu rahatlıqla mənimsəyib, öz adlarına çıxır, gözümüz görə-görə haqqımızda yalan və uydurma yazılar dərc edirlər.
Keçək mətləbə. Əsli-kökü, nəsli-nəcabəti Şağan kəndindən olan bir sakin kimi bildirmək istəyirəm ki, bu kəndin əhalisini etnik tatlar, Abşeronun farsdilli qövmü təşkil edir. Vaxtıyla əksər Bakı kəndləri kimi, bizim kəndimizdə də tat dilinin Abşeron şivəsində danışıblar və bu gün də qocalarımız arasında hələ də bu dili unutmayanlarımız var. Orta yaşlı hər bir şağanlıya gün kimi aydındır ki, bizdən əvvəlki nəsillərimiz – baba və nənələrimiz evdə tat dilində danışıblar. Bunu yazılı tariximiz də sübut edir. Belə ki, 19-cu əsrin ortalarında məşhur tarixçi Abbasqulu Ağa Bakıxanov “Gülüstani-İrəm” kitabında yazırdı ki, türk dilində danışan cəmi altı kənddən (tərəkəmə kəndləri) savayı, Bakı qəzasının bütün qalan kəndlərinin sakinləri (onların sayı 30-a yaxın olub) tat dilində danışır və bu da onların fars mənşəli olduğunu göstərir. (Bax: Бакиханов А.К. Гюлистани-Ирам, Баку, 1926. с.15-16).
Başqa bir fakta nəzər salaq. Çar Rusiyası dövründə illik “Qafqaz təqvimi” («Кавказский календарь») toplusu çap edilirdi. Burada rəsmi dövlət statistikası açıqlanır, Qafqaz regionu haqqında ətraflı məlumatlar işıqlandırılırdı. “Qafqaz təqviminin” 1908-ci il sayının ikinci hissəsində “1897-ci ilin siyahıyaalmasına əsasən Qafqaz sakinlərinin dini etiqadlarına və ana dillərinə görə bölünməsi” fəslində qeyd olunur ki, Bakı quberniyasının 89 519 nəfər sakini milli mənsubiyyətini tat, 6 minə yaxını isə fars kimi göstərir. Həmin mənbədə rəsmi statistik məlumatlar sırasında Şağan kəndi əhalisinin də məhz tatlardan ibarət olduğu və kənd əhlinin dilinin tat dili olduğu bildirilir.
Əlbəttə, bunları bilmək üçün kəndimizin ağsaqqal-ağbirçək sakinlərinə yaxınlaşıb, söhbətləşmək kifayətdir. Biz sadəcə yazılı tariximizdən nümunələr gətirməklə, hər kəsdən, ələlxüsus jurnalistlərdən tariximizə ehtiramla yanaşmağı tələb edirik.
“Şağan kəndinin əhalisi tarixən türkdilli olmuşdur” deyib, kəndimizin adını gah “Çağan” oğuz tayfasıyla, gah da “sakan” etnonimi ilə əlaqələndirməyə nə lüzum var? Bu saxtakarlıq kimə gərəkdir? Bir kəndi də “türkləşdirməklə” türk millətinin başını ucaldacağınızımı zənn edirsiniz? Şağanın tarixi sakinlərini danmaqla, Azərbaycan tarixinə xidmət etdiyinizimi düşünürsünüz?
Bir daha açıq və aydın çəkildə bildiririk ki, Şağan kəndinin əhalisi tarixən türkdilli deyil, farsdilli olmuşdur və burada türk dili yalnız iyirminci yüzillikdə tat dilini sıxışdırıb, istifadədən çıxartmışdır. Lakin bununla belə, bütün yerli sakinlər öz mənşəyini və dədə-babasının məhz tat dilində danışdığını gözəl bilir. İstərdik ki, bunu bütün xalqımız da bilsin!
 
Şağan kənd sakini Ə.Məmmədov
 
  • Yazılıb
  • da (də) 2010 Feb 17