Tarix : 2010 Feb 19
Kod 16248

Bakının mərkəzində günün günorta çağı adam oğurluğu

Cümə axşamı saat 11.20 radələrində «Sahil» parkında iki gənc vətəndaş İlahə İlyasovanı oğurlamağa cəhd edib
Azərbaycan Servisi/Aran Agentliyi
Cümə axşamı saat 11.20 radələrində «Sahil» parkında iki gənc vətəndaş İlahə İlyasovanı oğurlamağa cəhd edib. Onlardan biri İlyasovanın qolundan tutub, digəri isə yaxınlıqda cinayət ortağını ört-basdır edib.

Turanın müxbiri Tapdıq Fərhadoğlu yoldan keçərkən qadının qışqırtısını eşidib və onun köməyinə yetişib. Jurnalistin müdaxiləsi naməlum şəxsləri qadını buraxaraq qaçmağa məcbur edib.

Bir qədər sonra Turanın müxbiri bu canilərdən birini hadisə yerinin yaxınlığında görüb. Gənc kimə isə telefonla qadını oğurlaya bilmədiyi barədə məlumat verirdi. Jurnalistin sözlərinə görə, o, cənub (Lənkəran) ləhcəsi ilə danışırdı.

İlahə İlyasova artıq çoxdan təzyiqlərə məruz qalır. O, 2007-ci ildə fırıldaqçıların qurbanı olub. Mənzil alarkən makler onu aldadıb. Makler Məlik Məmmədov onun 42 min dollarını alıb, amma mənzil verməyib. İstintaq əsassız olaraq fırıldaqçılıq haqqında işi borc probleminə tövsif edib. Məmmədovun təqsiri məhkəmədə sübuta yetirilib, amma İlyasova itirdiyi pulları geri ala bilmir.

İlyasova bildirib ki, Suraxanı rayon Polis İdarəsinin baş müstəntiqi Eltun Cəfərov bir neçə dəfə onu hədələyib.

2008-ci ildə Orucov qardaşları (Əli Orucov – DİN-in Daxili Təhqiqatlar İdarəsi rəisinin keçmiş müavini, Elxan Orucov – Bakı şəhər Apellyasiya Məhkəməsinin katibi) şantaj məqsədilə iki dəfə İlyasovanı oğurlayıblar.

Həmin vaxt Apellyasiya Məhkəməsi hakimləri işə müdaxilə etdikdən sonra İlyasovanın pulunun bir hissəsi (2500 man.) qaytarılıb.

İlyasova bir neçə dəfə hüquq-mühafizə orqanlarına və ölkənin siyasi rəhbərliyinə, habelə Mehriban Əliyevaya həyatına olan təhlükə haqqında məktublar yazıb, lakin heç bir cavab almayıb.

Belə əməllərə reaksiya verilməməsi cəzasızlıq sindromu doğurur ki, bunun nəticəsində orta səviyyəli poqonlu məmurlar tərəfindən ört-basdır olunan cinayətkarlar günün günorta çağı vətəndaşların həyatına qəsd edir. /Turan/
 
  • Yazılıb
  • da (də) 2010 Feb 19