Mədəniyyət və Turizm İdarəsi, Bakı Dövlət Universiteti də qaz borcuna görə məhkəməyə çəklib
Azərbaycan Servisi/Aran Agentliyi
Bu həftə Bakı şəhər 1 Saylı İqtisad Məhkəməsində maraqlı iddialara baxılacaq. «Səhm.az» saytının məlumatına görə, Dövlət Sosial Müdafiə Fondu, daha dəqiqi fondun Bakı üzrə hüquqi şəxslərlə iş departamenti borca görə Binəqədi qəsəbə Bələdiyyəsini, ADDU-nun Müharibə və Əmək Veteranları Şurasını, Bakı Dövlət Cıdır Meydanını məhkəməyə verib. «Azəriqaz» İstehsalat Birliyi isə qaz pulu borcu olanların hamısını, hətta dövlət təşkilatlarını da məhkəməyə verib. Qazpulu borcuna görə məhkəməyə verilənlər arasında Bakı Mədəniyyət və Turizm İdarəsi, Bakı Dövlət Universiteti, hətta Müdafiə Nazirliyi var. Digər maraqlı iddialar arasında «MBask»ın borca görə Daxili İşlər Nazirliyini məhkəməyə verməsini qeyd etmək olar. «Riyad» şirkəti Nəqliyyat Nazirliyinin «Avtonəqliyyatserviz» Departamentini, Bakı şəhər İH-nin Mənzil-Kommunal departamenti isə Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Komitəni məhkəməyə verib.