Azerbaijan Servisi/Aran Agentliyi
Azərbaycanın dini mühitində yaranmış gərginliyin başlanğıc anı kimi 2010-cu il fevralın 13-nü göstərsək, yanılmış olarıq. Bəli, məhz fevralın 13-də Şəhidlər Xiyabanına ziyarətə yollanan bir qrup dindar polis tərəfindən amansızcasına döyüldü, qanına bulandı, zindanlara atıldı. Ancaq baş verənlər son bir neçə il ərzində cərəyan edən hadisələrin məntiqi davamı idi. 2007-ci ilin mayı Yəqin ki, indi çoxları 2007-ci ilin mayında nə baş verdiyini unudublar. Amma zənnimizcə, məhz təqribən 3 il əvvəl 2010-cu il fevralın 13-nə aparan yolda əhəmiyyətli addım atıldı (yolda ilk addlım isə xeyli əvvəldən atılmışdı). 2007-nin mayında azana qadağa qoyuldu. Daha doğrusu isə, ibadətə çağırışı səsgücləndirilənlər vasitəsi ilə yaymaq Bakı camaatının istirahətinə təcavüz kimi qələmə verildi. O zaman məsələni bir təhər yoluna qoymaq oldu. Hərçənd 2007-ci ilin baharında azana qarşı başlayan kampaniya hələ də davam etməkdədir. Bəzən bu kampaniya daha geniş vüsat alır, bəzən isə sanki unudulur. Amma hər halda o zaman artıq Azərbaycan məkanında İslama, dindarlara qarşı bir dözümsüzlüyün yaranmasını sezmək olardı. Ən qəribəsi isə burasındadır ki, anti-azan kampnaiyası Azərbaycanın müstəqilliyə qovuşmasından 16 il sonra başlanıldı. Bu 16 il ərzində ölkədə bir çox kataklizmlər baş vermişdi - dövlət çevrilişinə cəhdlər, üsyanlar, çörək qıtlığı, saxtalaşdırılmış seçkilər, torpaqlarımızın erməniyə satılması və s. Eyni zamanda Azərbaycanda hakimiyyət dairələrində də dəyişikliklər müşahidə edilmişdi. Amma bütün bu qeyd olunanların fonunda azanın verilməsi qarşısında heç bir maneə yaradılmamışdı. 2007-ci ilin mayında isə bu baş verdi. Və hələ də davam etməkdədir. Və belə gedirsə, hələ davam edəcək. Maraqlıdır ki, 16 il müstəqil Azərbaycan vətəndaşının asudə həyatına mane olmayan azan, qəfildən 2007-ci ilin mayında vətəndaşları "narahat" etməyə başladı. Əslində isə narahatlıq başqa dairələrdə və başqa səbəbdən idi. Növbə hicaba çatdı Sonra isə hicaba qarşı dözülməzlik nümayiş etdirilməyə başlandı. Mömin xanımlar dərs otaqlarından, Ali məktəb auditoriyalarından xaric edildilər, təhqir olundular. Müxtəlif instansiyalara müraciət olundu, insan hüquqlarından söz açıldı, yeddi qapı arxasında gizlənən məmurların daş ürəklərini və Allahsız xislətlərini yumşaltmağa cəhd göstərildi. Desək ki, heç bir nəticə hasil olmadı - səhv olar. Amma hicablı xanımların, Allahın buyurduğu bu vacibatın hüquqlarının Azərbaycanda tam bərpa olunmasını da söyləyə bilmərik. Bu gün hicab məsələsi digər özbaşnalıqlar fonunda bir qədər kölgəyə çəkilib. Amma bu heç də hər şeyin yolunda olmasının əlaməti deyil. Bu gün elə bir sistem yaradılıb ki, istənilən təhsil ocağının, şirkətin və ya fabirikin rəhbəri hicablı xanıma qapını göstərə bilər. Və heç kim də ona "gözün üstə qaşın var" deməyəcək. Söhbət, əlbəttə ki, rəsmi dövlət idarələrindən gedir. Dindarlar isə, sözsüz, bu məmura həm "gözü", həm də "qaşı" olmasını həmişəki kimi xatırladacaqlar. Bu nə dərəcədə uğurlu alınacaq - demək çətindir. Gülməyə taqət qalmamışdı Azan və hicab "savaşlarından" sonra İslamı və dindarları hədəfləyən dairələr "ağır artilleriyanı" işə saldılar. Bu dəfə hətta rəsmən ateist olduğunu bəyan edən Sovet hökumətinin cürət etmədiyi Allahsızlıqlar həyata keçirildi. Əgər bolşevkilər, kommunistlər məscidləri anbarlara, kitabxanalara çevirirdilərsə, müstəqil Azərbaycanda Allah evləri yerlə yeksan edildi. Əvvəlcə Yasamaldakı Peyğəmbər məscidi dağıdıldı. Sonra isə Neft Daşlarındakı ibadət ocağı nakəslərin qəzəbinə gəldi. Növbəti hədəf Günəşlidəki Xanım Fatimeyi Zəhra məscididir. Burda xüsusi olaraq vurğuya ehtiyac var. Xanım Fatimeyi Zəhra məscidi məhz NÖVBƏTİ hədəfdir. Sonuncu yox. Təbii ki, inanclı insanlar, rüşvəti haram bilənlər, Allahdan qeyrisinin qarşısında əyilməyən zümrə baş verənlərə biganə qala bilməzdi. Qəlblərdə kütləvi surətdə oxunan lənətdən savayı üzdə bu məscid yıxanlara tam sivil bir sual da ünvanlanmalıydı: "Axı niyə? Məscidlərimizi nə üçün dağıdırsınız?". Bu suala da biri-birindən gülməli cavablar eşidildi. Tikili qanunsuzdur, inşaat işləri zamanı səhvlərə yol verilib və s. Cavablar gülməli idi. Bəlkə də başqa vaxt buna ürəkdən qəhqəhə çəkmək olardı. Ancaq məscidlərin dağıdılması görüntüləri və daşlaşmamış qəlblərdən süzülüb gələrək gözlərdən axan yaşlar, halları başqa müstəviyə yönəltmişdi. Qan axıdılmalıydı, amma… Əlbəttə ki, bütün bu baş verənlər dindar əhalinin səbrini tükədir, əsəblərini tarıma çəkir, qanını damarlarda qaynadırdı. İslama dözümsüzlük, inanclılara təzyiqlər aşkar, göz önündə olsa da, buna televiziya ekranlarından, qəzet səhifələrindən min bir don geyindirilirdi və bu davam etməkdədir. Sonra isə… Sonra isə fevralın 13-də baş verənlər gerçəkləşdi. Polisin "sücaətini" əks etdirən kadrları çoxları izlədilər. Bəli, torpaqlarının 20 faizi işğal altında olan bir məmləkətin vətəndaşları qan axıtmağa borcludurlar. Həm özlərinin qanını, həm də düşmənin. Əlbəttə ki, əgər torpaqları azad etmək istəyirlərsə. Fevralın 13-də də qan axıdıldı. Bakı küçələrində. Amma bu qanların hamısı bir damardan gəlirdi. Azəri qanı idi bu. Bu qanı axıdanlar da azərilər idi (hər halda ilk baxışdan belə təsəvvür yaranır, yaxşısını isə Allah bilir). Nə qədər paradoksal görünsə də, sonda zindana da məhz qanı axıdılanlar atıldılar. Hərçənd, yuxarıda qeyd olunanlar fonunda burda bir sensasiya aramağına dəyməz. Azanı qadağan edilən, hicablı anası, bacısı, həyat yoldaşı yaşadığı məmləkətin şəxsiyyət vəsiqəsini ala bilməyən, məscidi dağıdılan dindarın sonuncu dayanacağı elə zindan olmalıdır! Ən yaxşı halda! "Məşhədi Dadaş" hədəfi Təzyiqlər isə davam edirdi. Bu dəfə hədəf kimi Məşhədi Dadaş məscidi seçildi. Bu da anti-İslam komandasının məntiqinə tam uyğun idi. Axı Bakıda cümə günü ən çox dindarın toplaşdığı iki məkandan biri məhz Məşhədi Dadaş məscididir. Məscidin İmam camaatı olan Hacı Şahin Həsənliyə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən şifahi xəbərdarlıq edildi. Məqsəd isə bura hər cümə toplaşan 2000-2500 inanclı insanın sayını azaltmaq idi. Bu mərhələdəki vəzifə məhz bu idi. Maraqlıdır ki, Hacı Şahinin bu tələbə məhəl qoymaması Komitədə qıcıq yaratdı. Və Komitə rəsmisi özü də istəmədən əsl məramlarını faş etdi. APA-ya baş verənlərə dair münasibət bildirən DQİDK-nin şöbə müdiri Gündüz İsmayılov biri-birindən "şok" açıqlamalar verdi. Sən demə, Komitəni hərəkətə gətirən "təxribatların baş verəcəyi haqda daxil olan məlumatlar"dır. Çox maraqlıdır. Görəsən MTN-i, DİN-i, FHN-i mövcud olan bir məmləkətdə təxribat problemlərini nə üçün DQİDK həll edir? Və sadalanan samballı strukturlar, onların peşəkar mütəxəssisləri dura-dura cənab İsmayılov bu məlumatları hansı "agentura" vasitəsiylə əldə edir? Elə tutaq ki, söylənilənlər həqiqətdir. Camaatın məscidin həyətində namaz qılmasına maneə törətmək çıxış yoludumu? Deməli, sabah Milli banka quldur basqını haqda məlumat daxil olsa, Bankın binasını dağıtmalıyıq? Amma şöbə müdirinin "açıqlamaları" bununla bitmədi. O bildirdi ki, Hacı Şahin Həsənli Məşhədi Dadaş Məscidi dini icmasının nə sədri, nə üzvü, nə də QMİ tərəfindən təyin olunan axundudur. Təəssüf ki, APA-nın əməkdaşı cənab İsmayılova labüd olan bir neçə sualla müraciət etməyib. İmkan olsaydı, onun aşağıdakıları cavablandırmasını istərdik. Birincisi, əgər Hacı Şahin Həsənlinin bu məscidə heç bir aidiyyatı yoxdursa, nə üçün DQİDK ona müraciət edir? Eyni uğurla Sanitar-Epidemioloji Stansiyasının rəhbərinə, ya da ki, şanlı Bakı Metopoliteninin başçısına müraciət qəbul oluna bilərdi. İsmayılovun məntiqi ilə hər üçünün Məşhədi Dadaş məscidinə aidiyyatı yoxdur. İkincisi. Bəlkə bu məsciddə Bakıdakı digər ibadət yerləri ilə müqayisədə daha çox izdihamın olmasının məhz onun Axundunun QMİ tərəfindən təyin edilməməsində aramaq lazımdır? Bəlkə camaat artıq mücərrəd nağılları dinləməkdən bezib və real, konkret, günümüzlə uzlaşan problemlər haqda fikirləri dinləmək istəyir? Əlbəttə ki, bu suallar ritorik olaraq qalacaq. Ən yaxşı halda belə sualları səsləndirənlərə "ifratçı və radikal" damğası vuracaqlar. KİV əvvəlcə "görmədi", sonra isə… Daha bir məqama da toxunmamaq olmur. Bu da ki, nəzər salınan problemlər fonunda KİV-in mövqeyidir. Maraqlıdır ki, fevralın 13-də polisin dəyənəkləri, təpikləri, yumruqları ilə əzilən vətəndaşlar haqqında yalnız ölkənin bir neçə İslami elektron KİV-ləri xəbər yaydılar. Azərbaycanın ucqar kəndində kimnsə buzovunun oğurlanmasından xəbərdar olan telekanallar, bu dəfə sözü bir yerə qoyaraq, Bakının mərkəzindəki özbaşnalığı "görmədilər". Əvəzində, iki gün sonra "radikal dindar qrupun icazəsiz aksiyasını" kəskin şəkildə pislədilər. Yenə də, sözü bir yerə qoyaraq. Burda hansısa şərhə heç ehtiyac da duyulmur. Hadisələr Azərbaycan KİV-inə olduqca real diaqnoz qoydular. Kor-kor, gör-gör. Lakin sonrakı günlərin hadisələri medianın hələ tam sözünü demədiyini nümayiş etdirdilər. … "qollarını çırmaladı" Baş verənlərə cəlb olunan tərəflər olayların əsl mahiyyətini anlayırdılar. Lakin bunu Azərbaycanın bütün vətəndaşları haqqında söyləmək mümkünsüzdür. Elə əksər KİV də bu təbəqəyə hesablanan siyasəti həyata keçirməyə başladı. İslam davamçılarını digər kütlə ilə üz-üzə qoymaqdan daha gözəl nə ola bilər? Yəni, "ey xalq! Bunlar sizə düşməndirlər" deyib, yaxanı bir kənara çəkmək. Qoy məsələni özləri "çürütsünlər" və dəyənəklənənlərə mərhəmət hissi oyanmasın. Yenə də köhnə, dəfələrlə sınanmış strategiya işə düşdü. Hər şeyi qonşu İrana bağlamaq. Bu strategiyanın gerçəkləşdirilməsi yolunda isə istənilən çirkinlikdən və yalandan istifadə edildi. Hətta İslam Respublikasında bayrağımızın yandırılması xəbərləri də yayıldı. Sonradan bu "xəbər" yalanlandısa da, təkzib verməyə heç kim tələsmədi. Zatən, bunun yalan olduğunu özləri elə əvvəldən də bilirdilər. Yenə də DAK meydana atıldı. Bəli, "İranda türkləri boğullar" deyib, köhnə adəti üzrə qollarını çırmaladı. Və yenə də bunlara bir neçə elementar sual verən, bir neçə həqiqəti xatırladan olmadı. Axı ay qardaş, guya bayrağımızın yandırılması ilə yekunlaşan aksiya Tehranda, İsfahanda, Məşhəddə deyil, Təbrizdə keçirilmişdi. Və Azərbaycan konsulluğunun qarşısına gələrək fevralın 13-dəki hadisələrə etiraz edənlər də sizin "müdafiəsinə" qalxdığınız azəri türkləri idi. Və Bakıdakından fərqli olaraq, orda onlara bir çırtma da vurulmadı. Bir də ki, ay qardaş, axı nə üçün İrandakı etirazları belə qabardaraq, Türkiyədəki aksiyanı qulaqardına vurursunuz? Axı İstanbuldakı konsulluğumuzun da qarşısında dindarlar bir araya gələrək, Azərbaycandkı anti-İslam siyasətinə etirazlarını bildirmişdilər, hələ konsulluğun qarşısına "Zalımlara lənət olsun" şuarı yazılmış qara çələng də qoymuşdular. Bunu niyə "görmürsüz"? Əlbəttə ki, "niyə"si bəllidir. Düşünülmüş ssenariyə bu heç cavab vermir. Qayıdış nöqtəsi Bu gün Azərbaycanımızda çox xoşagəlməz vəziyyət yaranıb. Müxtəlif vasitələrdən istifadə edilərək, dindarlar, onların dini ayinlərini icra etmələri qarşısında hər cür maneələr yaradılır. Acınacaqlıdır ki, bu maneələrin yaradılmasına ölkəmizin rəsmi strukturlarında müxtəlif vəzifələrdə çalışan məmurlar da dəstək verirlər. Dünyanın istənilən dövlətinə bu ancaq ziyan verə bilər. Xüsusən də torpaqlarının 20 faizi işğal olunmuş Azərbaycana. Hər bir prosesdə qayıdış nöqtəsi mövcuddur. Onu keçmək ağılasığmaz problemlərin, fəlakətlərin meydana gəlməsi ilə nəticələnə bilər. Ümid etmək istərdik ki, nəzər saldığımız məsələdə, ümumiyyətlə Azərbaycan məkanında bu qayıdış nöqtəsi heç vaxt keçilməyəcək. "Yeni Şərq" Araşdırmalar Mərkəzi