Ölkə rəhbərliyi bütün vəzifəli şəxslərin kabinetlərindən dini simvolların yığışdırılması barədə göstəriş verib
Azərbaycan Servisi/Aran Agentliyi
Ölkə rəhbərliyi bütün vəzifəli şəxslərin kabinetlərindən dini simvolların yığışdırılması barədə göstəriş verib. Bu barədə Turan agentliyinə məlumatlı mənbələr bildirib.
Xüsusən, söhbət Qurandan və kalliqrafik şəkil kimi divarlardan asılan surə və ayələrdən gedir. Bütün bunlar bu günə qədər rəsmi kabinetlərdə Heydər və İlham Əliyevlərin portretləri ilə yanaşı, mütləq elementlər idi. Bundan sonra isə dini simvollar yığışdırılmalıdır.
Mənbə bunun rəsmi izahı kimi “Azərbaycanın sivil ölkə olduğunu və dinin dövlətdən ayrı olmalı olduğunu” qeyd edib.
Hakimiyyətin dinin cəmiyyətə və dövlət müəssisələrinə təsirinin artmasından ciddi şəkildə narahat olduğunu ehtimal etmək üçün əsas var. Hakimiyyət bu təsirin və dinə olan marağın nəzarətolunmaz xarakter almasından ehtiyat edir.
DEVAMM sədri, İçərişəhər “Cümə” məscidi dini icmasının imamı İlqar İbrahimoğlu bu prosesləri Turana şərh edərkən hakimiyyətin əməllərini vətəndaş hüquq və azadlıqlarına basqının davamı kimi qiymətləndirib. “Bütün bunlar həqiqətdirsə, bu əsas vətəndaş azadlıqlarına basqının növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Hakimiyyət indiyədək cəmiyyəti və insanları söz azadlığından məhrum edirdisə, indi söhbət vicdan azadlığından gedir”, deyə o bildirib. Onun fikrincə, dini azadlıqlara basqı prosesi yenilik deyil. Belə ki, ötən il bir neçə məscid bağlanıb və sökülüb, dindarların hüquqları müntəzəm olaraq pozulub.
İbrahimoğlu Bakıda 13 fevral hadisələrinin “İranyönümlü” qüvvələrin fəallığının təzahürü ilə əlaqələndirilməsini yanlış hesab edir. “Vətəndaşların dini fəallığını xarici dövlətlərin maraqlarının ifadəsi ilə əlaqələndirmək olmaz”, - deyə o, qeyd edib. (TURAN)