Tarix : 2010 Feb 24
Kod 16291

Bənəniyardan ölüm xəbəri yayıldı

Naxçıvanın Bənəniyar kəndində Aşura günü mərasimini təşkil etməkdə ittiham edilərək, həbsə alınan və polis zorakılığına məruz qalan kənd sakini Rza Nuriyev vəfat edib
Azərbaycan Servisi/Aran Agentliyi
İranın "Aran" İnformasiya Agentliyinin Bakıdan verdiyi məlumata görə, Naxçıvanın Bənəniyar kəndində Aşura günü mərasimini təşkil etməkdə ittiham edilərək, həbsə alınan və polis zorakılığına məruz qalan kənd sakini Rza Nuriyev vəfat edib.
Bu haqda "Yeni Müsavat" qəzeti məlumat yayıb. Qəzetin yazdığına görə, dünən gecə qəzet çapa hazırlanarkən Naxçıvan Muxtar Respublikasından redaksiyaya müraciət edərək, bildiriblər ki, Culfa rayonunun Bənəniyar kəndində baş verən hadisələr zamanı həbs edilən və bir müddət həbsdə saxlanılan Rza Nuriyev dünyasını dəyişib.
Qəzet həmçinin əlavə edib: "AXCP-nin Culfa Rayon Şöbəsinin sədri olan Rza Nuriyev məlum hadisələrdən sonra həbs edilmişdi. Böyükdüz təcridxanasında saxlanılan kənd sakinlərindən Bənəniyar hadisələrinin təşkilatçısının guya Rza Nuriyev olması barədə ifadələr almağa cəhd edirdilər. Mənbəmiz bildirdi ki, həbsdə üzləşdiyi haqsızlıqlar və təzyiqlər təqribən 50-52 yaşlı cəbhəçinin səhhətində dərin izlər buraxdığından o, xəstəxanaya yerləşdirilibmiş. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə, cəbhəçinin ürəyi partlayıb. Son məlumata görə, Bənəniyar kəndində gərginlik davam edir və daha bir günahsız insanın ölümü kənd sakinlərini qəzəbləndirib."
Bu günədək Bənəniyar kəndi Naxçıvan Muxtar Respublikası rəhbərliyinin göstərişilə informasiya blokadasında saxlanıldığından hadisənin təfərrüatı haqda məlumat əldə etmək hələ ki, mümkün olmayıb. Lakin Bakıda yaşayan bənəniyarlıların "Aran"ın müxbirinə verdiyi məlumata görə, kənddə vəziyyət hələ də stabil deyil və əhali qorxu içində yaşayır: "Hətta digər yerlərdə yaşayan bənəniyarlılar doğma kəndlərinə getməyə qorxurlar və adları bu kəndlə bağlı olan hər kəs Talıbov rejiminin qara siyahısına düşüb".
"Aran" İA
  • Yazılıb
  • da (də) 2010 Feb 24