Tarix : 2010 Feb 26
Kod 16320

“İslam ölkələri Ermənistanla əlaqəni kəssinlər!”

Qum tələbələri müraciət qəbul etdi
Azərbaycan Servisi/Aran Agentliyi
26 fevral 2010-cu il tarixində İranın Qum şəhərindəki Beynəlxalq Mustafa Universitetinin (BMU) azərbaycanlı tələbələri Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçiriblər.
Tədbir universitetin tələbəsi Nicat Yəyhyayevin Quran tilavətilə başladı. Giriş sözü ilə çıxış edən Niyam Aqil Xocalıda qəddarcasına törədilmiş cinayət haqqında qısa məlumat verib, dini və milli dəyərlərdən danışdı. Sonra çıxış edən Tehran Əhli-beyt (ə) universitetinin tələbəsi Mirbaqi Ağayev tarix boyu ölkəmizdə törədilən soyqırımlar haqda məlumat verdi.
Daha sonra söz BMU-in məzunu Hacı Zülfüqar Mikayılova verildi. Sözünü xalqımıza başsağlığı ilə başlayan Hacı Zülfüqar vətəni sevməkdə ideologiyanın zəruriliyindən danışıb, torpaqlarımızı azad etmək üçün ölkə daxilində dini ayinlərin icrasına şərait yaradılmasının əhəmiyyətini vurğuladı.
Bundan sonra çıxış üçün söz Azərbaycan Respublikasının İİR-dakı səfirliyinin əməkdaşı Kamran Xəlilova verildi. Xocalı haqqında statistik məlumat verən natiq bu barədə səfirlikdə keçirilən tədbirlərdən söz açdı.
Daha sonra çıxış edən “Haqq Yolu” Elm və Mədəniyyət İnstitutunun nümayəndəsi, “Yeni Şərq” Elmi Araşdırmalar Mərkəzinin direktoru Elşən Mustafaoğlu torpaqlarımızın işğal edilməsində daxili və xarici faktorların təsirindən söz açıb, problemin həlli üçün ATƏT-in Minsk qrupuna bel bağlamağın məqsədəuyğun olmadığını vurğuladı, İslam dövlətlərinə səslənərək ümumislam maraqlarını rəhbər tutub, Ermənistanla əlaqələrin kəsilməsini istədi.
Sonra universitetin tələbəsi Vüsal Hüseynzadə Qum şəhərində təhsil alan azərbaycanlı tələbələr adından BMT TŞ-a və İKT-yə ayrı-ayrılıqda ünvanlanan müraciətləri oxudu. Müraciətdə beynəlxalq təşkilatlardan Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsində ölkəmizi sözlə deyil, əməllə dəstəklənməsi, müsəlman dövlətlərindən isə işğalçı Ermənistanla hər cür əlaqələrin kəsilməsi tələb edilir.
Tədbir Hüseyn Mehdiyevin ifasında mərsiyə oxunuşu ilə başa çatdı.
 
“İslam Məktəbi”
  • Yazılıb
  • da (də) 2010 Feb 26