Azərbaycan Servisi/Aran Agentliyi
Yüksək gərginlikli elektrik xətlərinin altında tikilən evlərin bir qismi ilə bağlı məhkəməyə müraciət olunub.
Bu barədə jurnalistlərə “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev məlumat verib. Etibar Pirverdiyevin sözlərinə görə, hazırda qanunsuz tiklilərlə bağlı monitorinq aparılır: “Evlərin fotoşəkilləri, onların tikilməsinə hansı dövlət qurumlarının icazə verilməsi barədə sənədlər də əlavə edilməklə, qanunsuz tiklilərin siyahısı hazırlanır. Amma bu, asan iş deyil, vaxt tələb edir”. E. Pirverdiyev qanunsuz tiklilərin Abşeron yarımadasında daha çox olduğunu da qeyd edib.
Qeyd edək ki, qəzetimizin ötən sayında sökülməsi ehtimal olunan evlər haqqında geniş reportaj dərc edilib. Həmin ərazilərdə yaşayan sakinlər əməkdaşımıza evlərini tərk etməyəcəklərini bildiriblər. Sakinlər həmin ərazilərdə evlərini özbaşına inşa etmədiklərini, bunun üçün məmurlara pul verdiklərini bildiriblər. Bir sıra evlərin sahibləri isə mənzillərinin keçmiş SSRİ dövründə inşa edildiyini və “kupca”larının olduğunu deyiblər.