Tarix : 2010 Feb 28
Kod 16348

DİLLƏR UNİVERSİTETİNDƏKİ QALMAQAL BÖYÜYÜR

Müəllimlər və tələbələr qovulan dekanla müavinin müdafiəsinə qalxırlar
Azərbaycan Servisi/Aran Agentliyi
Artıq bir həftədir ki, mətbuat Azərbaycan Dövlət Xarici Dillər Universitetində ciddi problemlərin olduğundan, ingilis dili fakültəsinin dekanı Leyla Xanbutayeva və onun müavinin universitetdən qovulmasından yazır. Universitet rəhbərliyi baş verənləri ört-basdır etməyə çalışsa da, bu universitetdə oxuyan tələbələr hər gün redaksiyamıza zəng edərək yazılanların həqiqət olduğunu bildirirlər.
Dünən isə müəllimlərindən biri redaksiyamıza zəng edərək qəzetimizdə gedən məlumatların tamamilə doğru olduğunu söylədi: “Həqiqətən də Leyla Xanbutayevanı və dekan müavinini işdən qovublar. Qəzetdə gedən məlumatların hamısı doğrudur. Universitetdə rüşvət baş alıb gedir. Həqiqətən də tələbələrdən hər semestr 1000 manata qədər pul yığılır. Amma sizi əmin edirəm ki, bu pullardan bir qəpik də müəllimlərə çatmır. Biz müəllimlərin o universitetdə heç nökər qədər də hüququmuz yoxdur. Nökər yenə bilir ki, işləyib haqqını alacaq. Amma biz müəllimlər universitetdə havayı nökərlərik. Dillər Universitetində bir mafiya var bütün pullar da yığılıb o insana çatdırılır. Əgər kimsə buna əməl etmirsə, aqibəti Leyla xanım kimi olur. Ümumiyyətlə, universitetdə heç bir müəllim risk edib tələbələrdən pul istəyə bilməz. Universitetdə rüşvəti tamam başqa şəxslər yığır və ünvanına çatdırır”.
Redaksiyamıza zəng edən digər şəxs isə həyat yoldaşının iki il öncə universitetdən çıxarıldığını dedi: “ Yoldaşımın 69 yaşı var. İki il öncə onu zorla universitetdən çıxarıb pensiyaya göndərdilər. Yoldaşım dedi ki, mən 70 manat təqaüdlə nə edim. Dedi get, onu dövlətə de, mənlik deyil. Yoldaşın nə qədər getdi-gəldi xeyri olmadı. Amma Səməd Seyidovun 78 yaşlı əmisi Fikrət Seyidov hələ də universitetdə müəllim işləyir. Hər yerə şikayət ərizəsi yazsaq da baxan olmadı. Axırda da bizə dedi ki, prezidentin təqaüd yaşına çatan müəllimlərin işdən çıxarılması ilə bağlı sərəncamı var. Əgər belə bir sərəncam varsa, Səməd Seyidovun əmisinə niyə şamil edilmir? Universitetdə rüşvət yığılmasına, müəllimlərin işdən azad edilməsi məsələsinə Səməd Seyidovun müavini Səməd Həsənov baxır”.
Qeyd edək ki, ali məktəbin ikinci ingilis dili fakültəsinin rəhbərliyi rektor Səməd Seyidovun əmri ilə işdən azad edilib. Fakültənin dekanı Leyla Xanbutayeva, dekan müavini və bütünlüklə heyət S.Seyidovun qəzəbinə tuş gəlib. Bizə çatan məlumata görə, buna səbəb onların tələbələrdən rüşvət yığıb yuxarı ötürməməsi olub. Hazırda fakültədə nə dekan var, nə dekan müavini, nə də başqa rəhbər vəzifəli şəxs.
  • Yazılıb
  • da (də) 2010 Feb 28