Tarix : 2010 Feb 28
Kod 16355

Dini ədəbiyyata görə həbs

Sumqayıt şəhərində dini ədəbiyyat satan şəhər sakini hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Sumqayıt şəhərində dini ədəbiyyat satan şəhər sakini hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Sumqayıt şəhər Polis İdarəsi də bu xəbəri təsdiqləyib. Polis İdarəsindən bildirilib ki, Asif İsmayılov adlı şəxs qadağan olunmuş dini ədəbiyyat satdığına görə tutulub.
“Aran”ın Sumqayıt dindarlarına istinadən verdiyi məlumatda bildirilir ki, bir neçə polis Asif İsmayılova məxsus «Rəsulullah» mağazasına girib, burada İslam dininə aid “qeyri-qanuni kitabların” satıldığını bildiriblər. Sonra polis nəfərləri mağazada axtarış aparılıblar və oradan 100-dən artıq “yayılması qadağan olunmuş dini ədəbiyyat” aşkarlayıblar. Kitablar müsadirə olunub, mağazanın sahibi Asif İsmayılov isə polis şöbəsinə aparılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib.
Sumqayıt şəhərinin dindar sakinləri “Aran”ın müxbirinə bildiriblər ki, 2010-cu ilin ilk günlərindən dövlət orqanları tərəfindən müsəlman dindarlara qarşı yeni və əvvəlkilərdən daha sərt kampaniyaya start verilib və demək olar ki, şəhərin bütün dindar sakinləri haqqında MTN və DİN tərəfindən gizlin məlumat bazası hazırlanır. Hazırda da bu “siyahıyaalma” işi davam edir. “Rəsulullah” mağazasında aparılan əməliyyat da bu kampaniyanın davamıdır.
 
“Aran” İA
  • Yazılıb
  • da (də) 2010 Feb 28