Tarix : 2010 Feb 28
Kod 16356

Azərbaycanlı ilahiyyatçı: “Qərbdə dindarlar aktiv siyasətlə məşğuldurlar”

İlahiyyatçı mütəxəssis, məşhur “əl-Əzhər” universitetinin məzunu Ramin Vəkilov Azərbaycanda dindar vətəndaşların siyasi proseslərdə aktiv iştirakına qarşı çıxan dairələri bundan qorxmamağa çağırıb
Azərbaycan Servisi/Aran Agentliyi
İlahiyyatçı mütəxəssis, məşhur “əl-Əzhər” universitetinin məzunu Ramin Vəkilov Azərbaycanda dindar vətəndaşların siyasi proseslərdə aktiv iştirakına qarşı çıxan dairələri bundan qorxmamağa çağırıb.
“Aran” İnformasiya Agentliyinin verdiyi məlumata görə, Lent.Az-ın “İslam Açıq Masada” proqramında iştirak edən ilahiyyatçı bu praktikanın Qərb dövlətlərində geniş yayıldığını və bunun normal hal olduğunu qeyd edib:
“Dinin siyasiləşməsi ilə dindarların siyasətlə məşğul olması arasında fərqi vurğulamalıyıq. Qərbin ən modern, liberal, demokrat ölkələrində belə, klerikal-dini partiyalar mövcuddur. Dindar insanların çox rahat şəkildə siyasətlə məşğul olduqları bir ortam var. Bu heç də kilsənin hakimiyyətə gətirilməsi deyil. Sadəcə, dindarlar dini kimliyi ilə siyasətlə məşğul olur və buna mühafizəkar siyasət deyirlər. Fikrimcə, bundan qorxmağa, ehtiyatlanmağa dəyməz.”
O, əvvəl-axır bu kimi meyllərin Azərbaycana da gəlib çıxacağını bildirib.
R.Vəkilov bəzi dairələrin daim İslamı radikallıqla əlaqələndirməsinin də yanlış olduğunu vurğulayıb. O, bunları söyləyib:
“Radikallaşma təkcə hər hansı bir məzhəbin, qrupun, ümumiyyətlə, İslamın məsələsi deyil. Müxtəlif dünyagörüşlü insanlar arasında radikallar ola bilir - tutaq ki, sosial-demokratın radikalı bolşevik, millətçinin radikalı faşistdir. Yəni radikalizm bütün dünyagörüşlərin problemidir.”
İlahiyyatçı, radikalizmin psixoloji və sosial köklərə dayandığını söyləyib.
Qeyd edək ki, həmin proqramda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov bildirmişdi ki, “Azərbaycanda hansısa dindar müəyyən siyasi qrupların təsiri altına düşürsə, bu məsələdə dövlət maraqlı deyil və onun qarşısını almaq üçün lazımi addımlar atır. Bu da normal qarşılanmalıdır.”
İlahiyyatçı mütəxəssis Ramin Vəkilov isə bu fikirlə bölüşməyərək, siyasi fəaliyyətlə məşğul olmağın bütün vətəndaşlar kimi, dindarların da hüququ olduğunu və bütün sivil dövlətlərdə məhz bu praktikanın normal qəbul edildiyini vurğulamışdır.
 
“Aran” İA
 
  • Yazılıb
  • da (də) 2010 Feb 28