Tarix : 2010 Feb 28
Kod 16357

Küsüb getdi bizdən igid...

Mərhum Rza Nuriyevin əziz xatirəsinə
Azərbaycan Servisi/Aran Agentliyi
Bu dünyadan daha bir igid küsüb getdi. Amma ölmədi! Sadəcə, dünyadakı rəzilliklərə etiraz edərək, tərk etdi bizləri. Çünki şəhidlər ölmürlər! Onlar ölməzliyə qovuşurlar...
Naxçıvan MR Culfa rayonunun Bənəniyar kəndində bu il də izdihamlı Aşura mərasimi keçirildi. Hər il keçirildiyi kimi. Əsrlərdən bəri bu kəndin sakinləri şəhidlər şəhidi İmam Hüseynin (ə) xatirəsini hər ilin Aşura günündə xüsusi tərzdə anırlar. Və o böyük şəxsiyyətin məktəbindən dərs alır bənəniyarlılar. Qorxmazlıq, igidlik, mərdlik dərsi.
Xatırladaq ki, bu il Aşura ərəfəsində dövlət orqanlarından kənd sakinlərinə bir mesaj verildi – Aşurada izdihama yol verməyin!.. Amma kənd sakinləri hətta 70 il allahsız sovet rejiminin aradan apara bilmədiyi ənənəni bir mesajla pozacaq deyildilər. Bu il də Aşura həmişəki izdihamla qeyd edildi. Və daha sonra məlum hadisələr baş verdi...
Hadisələrlə bağlı rəsmi dairələr maraqlı açıqlama verdi. Sən demə, bu hadisələrin arxasında kənd sakini, “cəbhəçi” (AXCP-nin Culfa Təşkilatının sədri) Rza Nuriyev dayanırmış. Tutulan kənd sakinlərindən də tələb edilirdi ki, R.Nuriyevə qarşı ifadələr versinlər, ona qara yaxsınlar. Törədilən cinayətlərin bu saf simanın adına yazılmasına cəhd edilirdi...
Rza Nuriyevin özünü də tutub, 17 gün qanunsuz təcridxanada saxladılar. Olmazın müsibətini açdılar başına, döydülər, təhqir etdilər, aşağılamağa cəhd etdilər kənd ağsaqqalını. Özünün dediyinə görə, hətta bu sərt qış günlərində soyundurub iki gün qarın üstündə saxladılar. Amma o, əyilmədi, diz çökmədi. Çünki Aşura məktəbini – Azadlıq məktəbini keçmişdi bu igid!
Bütün millətin, bütün dünyanın gözü qarşısında zülm edildi bu adama. Təkcə ona deyil, bütün bənəniyarlılara. Əslində, yalnız bənəniyarlılaramı?..
Amma millət səsini çıxarmadı. Zindandan ucalan haray səslərinə səs vermədi. Təpiklənən qocalara, qadınlara, hətta kiçik yaşlı uşaqlara sahib çıxmadı. Göz yumdu hamı Bənəniyar cinayətinə. Ürək qızdırmadı. Və bununla da niskilli Rza müəllimin ürəyini qırdı...
Rza Nuriyev incik düşdü bu millətdən. Küsdü. Beləcə, küsüb getdi bizdən igid!..
Dəfn mərasimində AXCP Naxçıvan təşkilatının sədri Asəf Quliyev bəyan etdi ki, Rza Nuriyev hakim üsul-idarənin qurbanıdır. Amma zənnimizcə, həm də milli sükutun! Biganəliyin. Axı igid zora qarşı dayanar, laqeydliyə isə heç də hər zaman tab getirməz. Demək ki, Rza Nuriyev həm də milli biganəlik sindromunun qurbanı oldu...
Mərd adam idi Rza kişi. O, sözün həqiqi mənasında KİŞİ idi! Naxçıvan kimi yerdə siyasi müxalifətdə fəaliyyət göstərdi, hər zaman, hər yerdə sözünü dedi. Yaltaqlıqdan uzaq oldu. Əqidəsinə dönük çıxmadı. O, Allaha bağlı adam idi. Dini dəyərlərini uca tutan, milli varlığını qoruyan, insani keyfiyyətlərini mərdliklə gerçəkləşdirən nadir şəxsiyyətlərdən idi. Amma, heç kim inciməsin, nə “Xalq Cəbhəsi” onun həqiqi dəyərini vermedi, nə də Xalq! Dövlət repressiya maşınının təkərləri altından heç kəs xilas etmədi bu məzlum insanı. Rza kişi də küsüb, tərk etdi bizləri. Bu dünya onun amallarına, arzularına dar gəldi. O, Azərbaycanımızı da, onun ayrılmaz hissəsi olan doğma Naxçıvanı da, qəlbən bağlı olduğu millətini də fərqli görmək istəyirdi. Görə bilmədi. Və gözünü yumdu...
Artıq aramızda yoxdur bu igid. Allah ona rəhmət eləsin!
 
Elmar,
“Yeni Şərq” Araşdırmalar Mərkəzi
  • Yazılıb
  • da (də) 2010 Feb 28