Şirkətətə tabe olan «Azəriqaz» və Xəzər Dəniz Neft Qaz Layihə İnstitutundan 2 ayda 500 nəfər işdən çıxarılıb
Azərbaycan Servisi/Aran Agentliyi
Şirkətətə tabe olan «Azəriqaz» və Xəzər Dəniz Neft Qaz Layihə İnstitutundan 2 ayda 500 nəfər işdən çıxarılıb
Mirvari Qəhrəmanlı: «2010-cu ildə ölkədə işsizliyin səviyyəsi kəskin şəkildə artacaq»
Bu ilin 2 ayı ərzində Dövlət Neft Şirkətinin (ARDNŞ) iki idarəsində - «Azəriqaz»İB və Xəzər Dəniz Neft Qaz Layihə İnstitutundan 500 nəfər azad edilib. Bu barədə məlumatı «Bizim Yol»a Neftçilərin Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Mirvari Qəhrəmanlı verib.
Onun sözlərinə görə, ixtisarlar zamanı qanunun tələbləri tamamilə pozulub: «2009-cu ildə Əmək Məcəlləsində mühüm dəyişikliklər oldu. 45-ci maddənin 5-ci bəndinə edilən əlavə və dəyişikliyə görə, əgər bir şəxs müəssisədə 5 il müqavilə ilə işləyirsə, bu müddət bitdikdən sonra daimi ştata keçməlidir. Dövlət Neft Şirkəti isə həmişə olduğu kimi, indi də Əmək Məcəlləsini kobud şəkildə pozur. İşədüzəlmənin daimi olduğunu bilə-bilə işçilərlə müvəqqəti müqavilə bağlayırlar. Bu isə ciddi qanun pozuntusudur».
M.Qəhrəmanlının fikrincə, pensiya yaşına edilən dəyişikliklər prosesi lap sürətləndirib: «ARDNŞ-ın bəzi idarə və müəssisələrində qanuna ümumiyyətlə, əməl olunmur. Pensiya yaşının uzadılması da prosesi lap sürətləndirib. Pensiya haqqında qanun dəyişiləndə, bildirmişdim ki, bu, kütləvi şəkildə işsizliyə səbəb olacaq. Əvvəllər 57 yaşına çatan kimi qadınları məcburi şəkildə pensiyaya göndərirdilərsə, indi 52-53 yaşlı işçilərlə müvəqqəti müqavilə bağladıqlarına görə işinə xitam verib, qovurlar».
Hüquq müdafiəçisi Xəzər Dəniz Neft Qaz Layihə İnstitutunda ixtisarların kütləviləşdiyini söylədi: «Burada işləyən elmi işçilərin böyük əksəriyyəti qadınlardır. 50-53 yaşlı elmi işçilərlə bağlanan müvəqqəti müqavilələrin müddətinin bitməsi adı ilə onların fəaliyyətinə xitam verilir. Bağlanmış müqavilələrin hamısı qanunazidd idi».
«Çox təəccüblü haldır ki, qanun qüvvəyə mindikdən sonra «Azərneftyağ»da, Xəzər Dəniz Neft Qaz Layihə İnstitutunda, Dəri Özüllər Zavodunda, «Azəriqaz»da ixtisarlar aparıldı» deyən müsahibimiz bildirdi ki, «Azəriqaz»da vəziyyət, ümumiyyətlə, acınacaqlıdır: «Ucdantutma hər kəsi işdən çıxarırlar. Əslində, buna ixtisar adı da vermək olmaz. Əgər ixtisar olsaydı, yenə haqq qazandırmaq olardı. İşin həcminin azaldığını, hasilatın aşağı düşdüyünü əsas gətirib, ixtisarları başa düşmək olardı. Ancaq burada kimin kimdən xoşu gəlmirsə, onu çıxarıb yerinə başqasını qoyurlar. Neçə illərin təcrübəli elmi işçisini elə yaşda çıxarırlar ki, təqaüd də ala bilmir. Bu, çox biabırçı kadr siyasətidir. 2010-cu ildə ölkədə işsizliyin səviyyəsi kəskin şəkildə artacaq. Əsas böhran hələ qarşıdadır. Biz çalışacağıq ki, insanlar məhkəməyə müraciət etsinlər. Amma məhkəmə prosesində də hakimlər, nədənsə, Əmək Məcəlləsində 45.5-ci maddəyə edilən əlavə və dəyişikliyi tanımaq istəmir.
Bununla bağlı bizim bir məhkəmə prosesimiz oldu. Hakim Bəhram Şükurovun qanunsuz qərarı ilə əlaqədar Məhkəmə Hüquq Şurasına şikayət də yazmışıq».
M.Qəhrəmanlı deyir ki, ilin sonuna kimi hər iki idarədə «təmizlənmə» prosesi apalıcaq. Cəmiyyətin sədrinin dediyinə görə, Dövlət Şirkətində fəhlə və mühəndislərə qarşı ayrıseçkilik hökm sürür: «Fəhlələrə qarşı diskriminasiya başlayıb. Dövlət Neft Şirkətində idarə və şöbə rəislərinin əməkhaqları 200-300 manat qaldırılsa da, bu, fəhlələrə və mühəndislərə aid edilmir. Fəhlə və mühəndislərin ən böyük mükafatı işdən çıxarılmalarıdır». /Bizim Yol/