Martın 4-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qondarma "erməni soyqırımı"nı tanıması haqqında qətnaməni qəbul edib
Azərbaycan Servisi/Aran Agentliyi
Martın 4-də ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi qondarma «erməni soyqırımı»nı tanıması haqqında qətnaməni qəbul edib. Beləliklə, Birləşmiş Ştatlar da erməni fitnəsinə dəstək verən bir neçə ölkənin sırasında yer aldılar.
Baş verənlərlə əlaqədar «Milli-Mənəvi Dəyərlər» İctimai Birliyinin Ruhanilər Şurası, İdarə Heyəti və bəzi üzvlərinin iştirakı ilə keçirilmiş toplantıda ABŞ Konqresinin bu qərarı qətiyyətlə pislənib.
Çıxış edən tədbir iştirakçıları Amerikanın qeyd olunan məsələdə tutduğu mövqeyini qeyri-konstrutkiv və müasir dünyanın real tələblərinə cavab verməyən kimi qiymətləndiriblər. Eyni zamanda vurğulanıb ki, ABŞ Konqresində qondarma «erməni soyqırımına» bildirilən münasibət nəinki Qafqazda və Yaxın Şərqdə, ümumiyyətlə bütün dünyada siyasi və ictimai mühitə böyük gərginlik gətirəcək. Çıxış edənlər sözügedən qətnamənin 20 ildən artıq davam edən Qarabağ probleminin həlli prosesinə də ciddi zərbə vurduğunu söyləyiblər.
Tədbirin sonunda söz alan «Milli-Mənəvi Dəyərlər» İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov bütün dünya müsəlmanlarına və mütərəqqi insanlarına müraciət edərək, bu haqqla nahaqqın üz-üzə dayandığı mürəkkəb anda Türkiyəyə dəstək olmağa çağırıb.islam-azeri.az