Azərbaycan Servisi/Aran Agentliyi
“Qarabağ münaqişəsi kimi məsələlərdə qalib olmur. O zaman, 80-ci illərin sonlarında razılaşma ola bilərdi. Biz hansısa yola Qarabağ problemini həll edə bilərdik”. Bunu Moskvada keçirilən mətbuat konfransında SSRİ-nin birinci və sonuncu prezidenti Mixail Qorbaçov deyib.
“Məsələn, mən həmişə təklif edirdim ki, Qarabağa respublika statusu verilsin. Azərbaycanın o vaxtkı rəhbərliyi deyəsən, Vəzirov idi, buna razı olmağa hazır idi, amma sonradan bu alınmadı. O vaxt ola bilsin ki, bu məsələni həll etmək olardı, amma artıq Qarabağı yenidən Azərbaycanın təkibində təsəvvür etmək mümkün deyil”, deyə Qorbaçov əlavə edib.
“İndi yenə müharibəyə çağırışlar səslənir. Qarabağda yenidən müharibə başlamasına imkan vermək olmaz, danışıqlar aparmaq lazımdır. Başqa çıxış yolu yoxdur. Müharibəni istisna etmək lazımdır, əks təqdirdə buna nəhəng dövlətlər də cəlb olunacaq”, deyə Qorbaçov qeyd edib.
Qorbaçovun 80-ci illərdə başlatdığı yenidənqurma siyasətinin 25 illiyi münasibətilə Qorbaçov fondunun dərc etdiyi hesabatda bildirilir ki, SSRİ-nin dağılmasına səbəblərdən biri də Qarabağ hərəkatı olub. Bununla yanaşı, hesabatda qeyd olunur ki, Qarabağ problemi Sovet İttifaqının qurulduğu zaman aparılan yanlış siyasətin nəticəsi olub.
"O vaxt mənə deyirdilər ki, mən erməniləri sevirəm, azərbaycanlıları isə sevmirəm. Bu axmaqlıddır”, deyə Qorbaçov bildirib.
Xatırladaq ki, 20 yanvar hadisəsi məhz Qorbaçovun hakimiyyətdə olduğu dövrdə baş verib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı Bakıda 132 insan öldürülüb, onlardan 117-si azərbaycanlıdır. 744 adam ağır xəsarət alıb, 4 nəfər itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib.ans
Buna baxmayaraq, Qorbaçov Nobel mükafatı laureatına layiq görülüb.
Qarabağ münaqişəsi isə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon hələ də Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.