Tarix : 2010 Mar 06
Kod 16429

CÜMƏ NAMAZI YASAQLANMAYIB

Hacı Şahin Həsənli: "Dini komitənin tövsiyəsindən sonra "Məşhədi Dadaş" məscidində cəmi bir dəfə cümə namazı qılınmayıb, ibadətə qadağa qoyulması şayiəsi yəqin bu səbəbdən yayılıb"
Azərbaycan Servisi/Aran Agentliyi
Hazırda Azərbaycanın bir sıra ibadət ocaqlarında cümə namazı qılınır. Həmin gün «Məşhədi Dadaş» məscidi demək olar ki, daha qələbəlik olur. Cümə namazına toplaşan inanclı insanların çoxluğundan onların bir hissəsi məscidin həyətində ibadət edirlər. Bir neçə gün əvvəl «Məşhədi Dadaş»da cümə namazının qılınmasının qadağan edildiyi xəbərini eşitdik. Məlumatı araşdırmaq məqsədi ilə məscidin imam-camaatı Hacı Şahin Həsənli ilə əlaqə yaratdıq.
FaktXəbərə açıqlama verən Hacı Şahin belə bir qadağanın olmadığını, sadəcə ötən həftənin cümə günü yağışlı hava şəraiti nəticəsində məsciddə cümə namazının təxirə salındığını dedi: «Amma bundan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bizə müraciət edərək, ibadətgahın həyətində namaz qılmamağı tövsiyə etmişdi. Məhz bu tövsiyə əsasında məsciddə cəmi bir dəfə cümə namazı qılınmayıb. Yəqin şayiələr də məhz bundan qaynaqlanıb».
Məscid rəhbəri cümə namazını qadağan edən hər hansı rəsmi qərarın olmadığını diqqətə çatdırdı. Və bildirdi ki, «Məşhədi Dadaş»da cümə namazının sərbəst şəkildə qılınması davam edir: «Cümə namazı İslamda müstəhəb namazlardan sayılır. Şəriət nöqteyi-nəzərindən cümə namazının qılınmasına heç bir maneə yoxdur. Cümə namazında bütün şərtlərə riayət olunur. Əsas məsələ də şəriətin qoyduğu tələblərə uyğun qılınması və ona əməl edilməsidir».
Son dövrlər dini dəyərlərə qarşı hörmətsizlik faktlarına, dindarların hüquqlarının pozulması prosesinə münasibət bildirən ilahiyyatçı bəzi məscidlərin bağlanmasını, bir neçəsinin isə sökülməsini, qanunvericilikdəki məhdudiyyətləri etirazla qarşıladıqlarını bildirdi: «Düşünürəm ki, bütün bu təzyiqlərin arxasında məmurların İslama yanlış yanaşma təfəkkürü dayanır. İslam Azərbaycan xalqının dinidir və onu necə deyərlər, kəsib atmaq mümkün deyil. Ən kəskin diktatura, totalitar rejim dövründə də həmin inanc aradan çıxmayıb. Və bu gün bütün dünyada İslama, ondan qaynaqlanan mənəvi-əxlaqi dəyərlərinə yönəlmə prosesi gedir. Ölkəmizdə də insanlar, xüsusən gənclər mənəvi dəyərlərə üz tuturlar. Odur ki, Azərbaycan dövləti demokratik dəyərləri əhatə edən dini konsepsiya hazırlamalıdır».

Ş.Həsənli dedi ki, bəzi hallarda dövlətin dinlə bağlı ehtiyatı başadüşülən olsa da, məsələyə yanaşması düzgün deyil: «Bəziləri hesab edirlər ki, Azərbaycana xarici təsir varsa, onda mütləq inancı məhdudlaşdırmaq lazımdır. Amma əksinə, insanlar İslami dəyərlərə tapınarlarsa və dinin təbliğinə sərbəst şərait yaradılarsa, avtomatik olaraq xarici təsirlər minimuma enəcək. Məhdudiyyətlər radikallaşma, siyasiləşmə meyllərini gücləndirir. Təəssüf ki, bəziləri dinə qarşı tam yanlış mövqedədir. Onlar başa düşməlidirlər ki, əlavə, yersiz yasaqlar yalnız dövlətin və dinin ziyanına ola bilər».  

  • Yazılıb
  • da (də) 2010 Mar 06