"Başda ABŞ olmaqla Qərb ölkələrinin müsəlmanlara etdikləri ədalətsizlik və haqsızlıq bu dəfə də Türkiyə simasında özünü göstərdi"
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan İslam Partiyası (AİP) ABŞ Nümayəndələr Palatasının alt komitəsində qondarma erməni soyqırımının qəbul edilməsi ilə bağlı bəyanat verib. AİP mətbuat xidmətindən FaktXəbərə daxil olan bəyanatda deyilir: “ABŞ Nümayəndələr Palatasının alt komitəsində qondarma erməni soyqırımının qəbul edilməsi Qərb dünyasının müqəddəs İslam dininə qarşı yürütdüyü çirkin siyasətin təzahürüdür. Zaman-zaman başda ABŞ olmaqla Qərb ölkələrinin müsəlmanlara etdikləri ədalətsizlik və haqsızlıq bu dəfə də Türkiyə simasında özünü göstərdi.
Əslində tarixçilərin və tədqiqatçıların araşdırmaları nəticəsində qiymətləndiriləcək bir məsələni bir qrup siyasətçinin ixtiyarına qoymaq, qərəz və haqsızlıqdan başqa bir şey deyil. Xəstə təxəyyülün məhsulu olan qondarma soyqırım iddialarını şişirtmək regionda inkişaf etmiş və zəngin tarixə malik olan Türkiyəyə qarşı ən böyük ədalətsizlikdir.
AİP hesab edir ki, Amerikanın bu hərəkəti müsəlmanlara və İsalam dünyasına qarşı təhqirlə yanaşı, həm də ədalətsiz mövqedir. ABŞ bu mövqeyi ilə regionda və xüsusən Cənubi Qafqazda nisbətən normallaşan prosesləri yenə qarışdırmaq istəyir. Bu mənada uzun illər davam edən Dağlıq Qarabağ münaqişəsini öz maraqları çərçivəsində naməlum istiqamətə yönəltmək niyyətindədir.
Biz, AİP olaraq, Amerikanın ədalətsiz mövqeyindən çəkinməyi tələb edirik.”