Hacı Namiq Babaxan: “Əsas məqsədim İmam Rzanın(ə) ziyarəti idi, amma səfər sonu KİV-lərin, elmi mərkəzlərin, mətbuat, elm və mədəniyyət sahəsində çalışan QHT-lərin də qonağı olduq...
Azərbaycan Servisi/Aran Agentliyi
Hacı Namiq Babaxan: “Əsas məqsədim İmam Rzanın(ə) ziyarəti idi, amma səfər sonu KİV-lərin, elmi mərkəzlərin, mətbuat, elm və mədəniyyət sahəsində çalışan QHT-lərin də qonağı olduq, sonda yeni tapdığım ürək və damar xəstəliyinin müalicəsi məqsədilə qısa müddətli bir müayinə və müalicəyə də vaxt tapdım”
Azərbaycan Birlik Təşkilatının sədri, “Birlik-Press” qəzetinin baş redaktoru, “Birlik” onlayn informasiya agentliyinin direktoru Hacı Namiq Babaxan Məşhəd ziyarətindən qayıtdı, bu barədə ABT mətbuat xidməti məlumat verib. Məlumatda bildirilir ki, 27 fevralda İranın Məşhəd şəhərindəki İmam Rzanın(ə) qəbrini ziyarət məqsədi ilə qonşu ölkəyə yola düşən Hacı Namiq Babaxan səfər ərəfəsində, daha dəqiq səfər sonu İranın Kütləvi İnformasiya Vasitələri, Elmi Müəssisələri və QHT-lərinin də qonağı olub və onlarla görüş keçirib. Hacı Namiq 4 martda səfərdən qayıdıb.
Hacı Namiq Babaxan özü birlik.az-ın sualını belə cavablandırdı ki, əsas məqsədim İmam Rzanın(ə) ziyarəti idi, çalışıram ildə bir və ya iki dəfə məsumların qəbirlərini, həmin mənəviyyat mənbələrini ziyarət edim, ötən il həm Məşhəddə İmam Rzanı(ə), həm də Kərbəla, Nəcəf və digər İran və İraq ziyarətlərini ziyarət etməyi Allah nəsib etdi, bu il təzə başlayıb, hələlik ilk olaraq İmam Rzanı(ə) ziyarət etdik. Mənəvi boşluqların doldurulmasında ziyarətlər çox mühüm rola malikdir. Adi vaxtlarda Azərbaycandakı ziyarətgahları da tez-tez ziyarət edirik. Amma İslam Peyğəmbərinin mövludu və vəhdət həftəsi ərəfəsində Peyğəmbərimizin(s) məzarını ziyarət etməyə imkan olmasa da heç olmasa onun nəvəsini – İmam Rzanı(ə) ziyarət etməyi məqsədə uyğun saydıq. Məşhədə İran daxilindən təyyarə ilə getdiyim üçün Tehran və Qum şəhərlərində ola bilmədim, təbii, bu iki şəhərin böyük imamzadələrini də ziyarət etməyə imkan tapmadım. Cənubi Azərbaycan şəhərlərindən Ərdəbil və Təbrizdə isə qısa müddətli də olsa dayandıq.
Səfər sonu, yəni ziyarətdən sonra qonşu ölkə olan İran İslam Respublikasının Kütləvi İnformasiya Vasitələrindən bir neçə İnformasiya Agentliyi və Azərbaycan dilli qəzet və jurnalların, elmi mərkəzlərin, mətbuat, elm və mədəniyət sahəsində çalışan Qeyri Hökumət Təşkilatlarının da qonağı olduq, bu barədə daha geniş açıqlamalar olacaq.
Sonda isə yeni tapdığım ürək və damar xəstəliyinin müalicəsi məqsədilə qısa müddətli bir müayinə və müalicəyə də vaxt tapdım, Ərdəbil və Sərəeyn şəhərlərində müayinə və müalicə məqsədilə bir sıra təbii müalicəvi vasitələrdən istifadə etdim. Ərdəbilin lap yaxınlığında olan Sərəeyn dünyada misli görünməyən bir müalicəvi məkandır, təbii və müalicəvi müxtəlif mineral mədən suları bir çox xəstəliklərin dərmanıdır, yerdən qaynayıb çıxan bu sularda vanna qəbul edərək, heç bir dərman qəbul etmədən müalicə olunan xəstələrin sayı – hesabı yoxdur. Bütün dünyadan bu şəhərə vanna qəbul etmək vasitəsilə müalicə olmağa gəlirlər. İnanıram ki, Allahın izniylə xəstəliyimin müalicəsində bu suların köməyi olacaq və dərmanlara artıq ehtiyac duymayacağam.