Tarix : 2010 Mar 06
Kod 16444

Azərbaycan parlament seçkilərinə hazırlaşır

Azərbaycan bu il parlament seçkilərinə hazırlaşır. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar öz namizədlərini müəyyənləşdirir
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan bu il parlament seçkilərinə hazırlaşır. Ölkədə fəaliyyət göstərən siyasi partiyalar öz namizədlərini müəyyənləşdirir.

Bu il keçiriləcək parlament seçkiləri ilə bağlı artıq siyasi partiyalarda seçkilərə hazırlıq işlərinə start verilib. Bu gün Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların nümayəndələri seçkilərdə iştirak edəcək namizədlərini müəyyənləşdirib. İttifaqın həmsədri, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Fəttayevin sözlərinə görə, hələlik Bakı, Sumqayıt və Abşeron rayonlarının dairə seçki komissiyaları üzrə namizədlər müəyyənləşdirilir.

“Bizim 83 dairə üzrə namizədlərimiz müəyyənləşib. Amma istəyimiz alınsa, nəzərdə tutduğumuz böyük birliyi əldə edə bilsək, hesab edirəm ki, 125 dairənin hamısında bizim namizədlərimiz olacaq”,- deyə Demokratiya Uğrunda İttifaqın həmsədri Mirmahmud Fəttayev bildirib.

Müsavat Partiyası da bu il parlament seçkilərində iştirak edəcəyi ilə bağlı qərarını verib. Partiyanın sədr müavini Arif Hacılının sözlərinə görə, Müsavat Partiyası Məmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəyin yolunu davam etdirən partiyalarla koalisiya yaratmaq niyyətindədir. “100-dən artıq dairə seçki komissiyasından namizədlərimizi müəyyənləşdirmişik. Eyni zamanda müəyyən koalisiyaların qurulması və eyni zamanda dairələrdə hətta Müsavatdan olmayan, amma güclü olan namizədlərinin müdafiəsi taktikasına uyğun olaraq müzakirələr aparılır. Bununla yanaşı, biz ölkədə seçkiqabağı demokratik şəraitinin yaradılması və seçki qanunvericiliyində müvafiq dəyişikliklərin aparılması istiqamətində də müəyyən addımlar atmaq niyyətindəyik”,-deyə o bildirib.

"Azadlıq" blokunun üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də parlament seçkilərinə hazırlaşdıqlarını deyib. “Parlament seçkilərində biz çalışacağıq ki, yaratdığımız blok 60-dan çox dairədə qeydə alınmış namizədlərlə iştirak edə bilsin ki, biz dövlət büdcəsindən maliyyələşən resurslardan istifadə edə bilək”,-deyə Əli Əliyev bildirib.

Qeyd edək ki, hazırda parlamentdə Demokratiya Uğrunda İttifaq bir, Müsavat Partiyası isə 4 deputatla təmsil olunur. Azadlıq Bloku isə əvvəlki seçkiləri qanunsuz hesab edərək seçkilərdə iştirak etməyib.
ANS
  • Yazılıb
  • da (də) 2010 Mar 06