Tarix : 2010 Mar 14
Kod 16541

NATO SÜLH VƏ DEMOKRATİYA ÜÇÜN REAL TƏHLÜKƏDİR

Mayis Güləliyev: "Baxmayaraq ki, Türkiyə NATO-nun üzvüdür, onun varlığı həm Rusiya və Türkiyə, həm Çin və İran, həm də başqa ölkələr üçün təhlükə yaradır"
Azərbaycan Servisi/Aran Agentliyi
“İnanmıram ki, Rusiyanı NATO-ya belə asanlıqla daxil, yaxud dəvət etsinlər. Çünki, NATO-nun yaranmasında əsas səbəb, sovet ittifaqına qarşı olması idi. Kommunist düşərgəsi məhv edildikdən sonra onun varisi kimi Rusiya qalıb. Baxmayaraq ki, sosialist idarə etmə sturuktu yoxdur, amma Rusiya öz yerindədir” – bu sözləri Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev NATO-Rusiya münasibətlərini şərh edərkən FaktXeber.com-a bildirdi. Onun sözlərinə görə, bu hal baş verərsə, NATO lazımsız bir quruma çevriləcək: “Ona görə də, Rusiyanı NATO-ya qatmaqla böyümüş və inkişaf etmiş bir qurum kimə qarşı çevriləcək? Bax bu sual hamını düşündürməlidir. Təqribən 1 triliyon dollardan çox büccəyə sahib olan hərbi təşkilatın mövcudluğuna nə ehtiyac var? NATO-nun özünün mənası məhz Rusiyaya qarşıdır. Əlbətdə ki, bu gün Rusiyadan əlavə Çin və Hindistan kimi başqa güclər də formalaşır. Hər halda bu ölkələrin Rusiya kimi qüdrətli hərbi alyansı yoxdur”.
 
M.Güləliyev əlavə etdi ki, dünyada Amerikadan sonra hərbi baxımdan ən güclü dövlət Rusiyadır. Belə bir zamanda Rusiyanın NATO-ya daxil olması nəzəri baxımdan bu alyansı lazımsız bir quruma çevirir: “NATO yol üstü Yuqoslaviyanı dağıda, Əfqanıstanda “antiterror əməliyyatı” apara, yaxud kimisə cəzalandıra bilsə də, əsas hədəfi Rusiyadır. Əgər Rusiya bu quruma daxil olursa, bu, o deməkdir ki, yeniləşmiş və rusiyalaşmış NATO üçün yeganə hədəf Çin seçilir. Çünki bu qədər hərbi arsenalı saxlamaq yalnız daha böyük ölkənin hərbi qüdrətini azaltmağa xidmət edə bilər. İnanmıram ki, Rusiyanı NATO-a daxil etsinlər yaxud Rusiya bu məsələdə maraqlı olsun. Lakin Rusiyanın təzə formalaşdırdığı hərbi kollektiv getdikcə NATO-a qarşı gücə çevrilər. Bu alyansa İran və Çin qoşularsa, dünyada ikinci hərbi qütb formalaşa bilər”.
 
İkinci dünya müharibəsindən sonra böyük maliyyə tutumlu hərbi arsenalın saxlanılmasının heç bir mənası yox idi. Çünki, dünyanı hədələyən faşizm məhv olunduqdan sonra hərbi qüvvə balansı pozmağa xidmət edirdi. Baxmayaraq ki, Türkiyə NATO-nun üzvüdür, onun varlığı həm Rusiya və Türkiyə, həm Çin və İran, həm də başqa ölkələr üçün təhlükə yaradır – deyə əlavə edən M.Güləliyev qeyd etdi: “Çünki, onun digər ölkələrlə müqayisə olunmayan hərbi qüdrəti var. Ölkələr arasında balansın olmasına gəldikdə, bir-birlərinə hücum etməyə çəkinirlər. Bu zaman udmaq ehtimalı olduğu kimi uduzmaq şansı da artır. NATO balansı pozur. İstənilən vaxt istədiyi ölkənin ərazisində hərbi əməliyyat keçirdə bilər. Burada haqq-ədalətdən söhbət gedə bilməz. Bunları nəzərə alaraq, birmənalı və dəqiq deyirəm ki, NATO heç bir yaxşı iş görməyib və görə də bilməz”.
 

Bu gün NATO-a qətiyyən ehtiyac yoxdur. Avropa ölkələri hərbi baxımdan bir-birləri ilə fərqlənmir. Eyni zamanda müasir sivil dünyada torpaq zəbt etmək əsas məsələ deyil. İndi bazarların ələ keçirilməsi önəmlidir. Nə qədər mümkünsə, tez bir zamanda bu kimi hərbi qurumlar dağıdılmalıdır - M.Güləliyev bildirdi.

  • Yazılıb
  • da (də) 2010 Mar 14