Azərbaycan Servisi/Aran Agentliyi
Daha bir əsgərimiz naməlum şəraitdə dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, martın 6-da Müdafiə Nazirliyinin Səbail rayonunda yerləşən “N” saylı hərbi hissənin həyətindəki hovuzda 18 yaşlı Mahmudov Vüsal Əlisehran oğlunun meyiti tapılıb. O, yanvar ayında Cəlilabad rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
Əsgərin əmisi Mahmudov Vüqar Tarqulu oğlunun ANS PRESS-ə verdiyi məlumata görə, martın 4-ü hərbi hissədən onlara əsgər V.Mahmudovun itkin düşdüyünü bildiriblər. "İki gündən sonra onun meyitinin hərbi hissədə aparılan axtarış zamanı həyətdəki içərisində 50 sm su olan hovuzdan tapıldığını bizə bildirdilər", - deyə o qeyd edib.
Meyit tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib. Lakin əsgərin hansı şəraitdə və nə səbəbdən ölməsi barədə ailəsinə heç bir məlumat verilməyib.
Məlumatı dəqiqləşdirmək üçün Müdafiə Nazirliyi ilə əlaqə saxlasaq da, telefon zənglərimiz cavabsız qaldı.