Qarabağ Azadlıq Təşkilatı ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında aksiya keçirib
Azərbaycan Servisi/Aran Agentliyi
Qarabağ Azadlıq Təşkilatının üzvləri ABŞ səfirliyi qarşısında sanksiyalaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.
APA-nın məlumatına görə, bir qrup QAT üzvü gözlənilmədən avtobusla səfirliyin binası qarşısında gələrək “Ya Qarabağ, ya ölüm” və digər şüarlar səsləndirməyə başlayıblar. Dərhal əraziyə Nəsimi rayon Polis İdarəsinin əməkdaşları gəlib. Polisin müdaxiləsinə baxmayaraq aksiya 10-15 dəqiqə davam edib. Aksiyanın sonunda aksiyanın qətnaməsi oxunub. Qətnamədə ABŞ Konqresinin xarici əlaqələr komitəsinin qondarma “erməni soyqrım”ını tanıması qəti şəkildə pislənib. Həmçinin ABŞ hökumətindən Türkiyə və Azərbaycana təzyiqlərinə, ikili standartlara son qoyması tələb olunub. Aksiyanın sonunda təşkilatın sədri Akif Nağı da daxil olmaqla bir neçə QAT üzvü saxlanılaraq 22-ci Polis Bölməsinə aparılıb.
Qeyd edək ki, bir neçə gün bundan qabaq ABŞ səfirliyi qarşısında icazəsiz aksiya keçirən hökumətyönlü gənclər təşkilatı heç bir müdaxilə ilə qarşılaşmayıblar. Amma bu gün keçirilən aksiyaya polis müdaxiləsi olub. Bu isə onu göstərir ki, aksiya keçirmək üçün ancaq gərək hakim partiyanın nümayəndəsi olasan.