Azərbaycan Servisi/Aran Agentliyi
“Dövlət Neft Şirkətinə tabe olan Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda çox qəribə və təhlükəli hadisələr baş verir. Bunu bolşevizmdən başqa heç nə adlandırmaq olmaz.
Dərin Özüllər Zavodunun direktoru Səfixan Məmmədov bu yaxınlarda öz tabeçiliyində olan məmurları, vəzifəli şəxsləri, zavodun rəhbər işçilərini, sonuncular da öz növbəsində iş icraçılarını toplayaraq belə əmr veriblər: zavodun ərazisində istər iş zamanı, istərsə də işdən sonra bir nəfər də olsa namaz qılan, ibadət edən adam görsələr, onun barəsində dərhal tədbir görülməlidir”.
Bu barədə “Yeni Müsavat”a həmin zavodda çalışan şəxslərdən biri məlumat verib. Onun sözlərinə görə, bu qadağa zavoda lap yuxarılardan gəlib deyə rəhbərlik canfəşanlıq göstərir: “Hətta nahar fasilələrində də namaz qılmağı qadağan etməyə çalışırlar. Namaz qılan işçilərə bunu irad tutaraq onlara bu səbəbdən işdən çıxarılacaqları barədə hədə-qorxu gəlirlər”.
Zavod əməkdaşlarının redaksiyamıza verdiyi bu fakta münasibət öyrənmək üçün dünən Dövlət Neft Şirkəti ilə əlaqə saxladıq. Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nizaməddin Quliyevin suala cavabı yalnız bir cümlə oldu: “Başa düşmürəm ki, insanların namaz qılmağına necə maneçilik törətmək olar?”
Haqlı sualdır. Amma yaxşı olar ki, bu sual qəzetə, jurnalistə yox, namaz qadağası qoyan Dərin Özüllər Zavodu rəhbərliyinə verilsin. musavat