Türkiyə Servisi/Aran Agentliyi
Türkiyə 5 aydır ki, normallaşma prosesi ilə bağlı yeni addım atmır. Belə bir bəyanatla Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan çıxış edib. Almaniyanın paytaxtı Berlində keçirilən “Ermənistan və qonşuları: Yeni dinamikalar” adlı toplantıda çıxış edən Nalbandyan bildirib ki, Türkiyə parlamentinin protokolları ratifikasiya etməsinin ardından ölkəsi də bu sənədləri təsdiqləyəcək.
Ermənistan XİN rəhbəri Türkiyənin yeni şərtlər önə çəkəcəyini də iddia edib. Onun sözlərinə görə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində və İsveç parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı qətnamənin təsdiqlənməsi iki ölkə arasında normallaşma prosesinə zərər vurub, lakin problemlərin həlli edilməsi və aradan qaldırılması üçün Türkiyə də səy göstərmir.
”Türkiyə geriyə doğru addım atır. Ermənistan isə normallaşma prosesinin uğurla başa çatmasını istəyir. Əgər Türkiyə də Ermənistanla münasibətlərini normallaşdırmaq istəyirsə, bölgənin gələcəyi üçün yaradıcı bir münasibət sərgiləməli və çətin də olsa, lazım olan və məsuliyyət tələb edən qərarlar verməyi bacarmalıdır".
ANS