Azərbaycan Servisi/Aran Agentliyi
Hacı Şahin Həsənli ilə müsahibə.
-İlk növbədə müsahibə üçün vaxt ayırdığınız üçün sizə öz minnətdarlığımızı bildiririk. İlk sualımız isə bundan ibarətdir ki, hal-hazırda vəhdətin İslam ümməti üçün nə kimi əhəmiyyəti vardır?
- Allahın adı ilə. İslam vəhdəti günümüzün ən aktual məsələlərindən biridir.Bununla bağlı olaraq bütün dünyada və ölkəmizdə Həzrəti Muhəmmədin (s) mövludu münasibəti ilə İslam vəhdəti konfransları təşkil olunur. Bildiyiniz kimi İmam Xomeyni (r.a) Rəbiül-əvvəl 12 və Rəbiül-əvvəl 17 arasında olan günləri vəhdət həftəsi olaraq təyin etmişdir.Beləliklə İslam vəhdəti həftəsi şiə və sünnilər arasında olan ixtilafın aradan qaldırılması üçün bir vəsilə olmuşdur.Bu düşünülmüş,ağıllı və bəsirətli bir addım idi. Hal hazırda dünyanın hər bir yerində bu vəhdət həftəsi kimi qeyd olunur. Müxtəlif ölkələrdə vəhdət mövzusunda silsilə tədbirlər keçirilir. Konfranslar keçirilir, tədbirlər təşkil olunur və bu məslələ üzərində ciddi şəkildə işlər görülür. Vəhdət Quranın hökmüdür. Quranda buyurulur ki: Hamınız Allahın ipindən yapışın, parçalanmayın, səpələnməyin. Allah ipi, Quran ortaq dəyərdir. Bu ortaq dəyər olan Quran ətrafında müsəlmanlar birləşsələr bir çox problemləri aradan apararlar. Çünki insanların birləşməsi üçün ortaq dəyər olmalıdır. Qurandan da gözəl dəyər ola bilməz ona görədə Quran Şiə və Sünnilərin birləşdiyi ortaq dəyərdir. Təbii ki, məzhəblər arasında fərqlər var.Birləşmək deyiləndə nəzərdə tutulmur ki,hamı bir məzhəbdə olsun. Amma bayaqda dediyimiz kimi Quran həm Şiənin həmdə Sünninin müqəddəs kitabıdır. Bu müqəddəs kitab ətrafında birləşmək vəhdətin ən bariz nümunəsidir.Hər bir insan öz baxışında qala-qala ortaq dəyər ətrafında birləşməlidir. Bu gündə düşmənin İslam dininə vurduğu ən böyük zərbə ixtilafdır. Düşmən ilk öncə müxtəlif yollarla müsəlmanlar arasında ixtilaf salırlar. Məsələn müsəlmanlar arasında milli fərqlər düşmənin saldığı ixtilaflardan biridir. Ərəbi Türkə,Türkü Farsa qarşı döyüşdürməklə məqsədlərinə çatırlar. Qərb ölkələri İslam ölkələrində ya milli, yada məzhəbi zəmində ixtilaflar salaraq müsəlmanları zəiflədirlər. Bəzən Şiə məscidi partladılır Sünnilər etmiş kimi göstərilir, bəzəndə əksinə.Amma hamıda bilir ki, bunu edən radikal, təkfirçi qruplaşmalardı.Qərbin dəstəklədiyi bu qruplar etdikləri terror hadisələri ilə İslamı parçalayırlar. Amma biz bilirik ki, Əhli Sünnə terrora qarşıdır, Əhli Sünnə vəhşiliyə qarşıdır. Beləliklə bir mənalı fikrim budur ki,müsəlmanlar vəhdəti qorumalı və vəhdətlə əlaqədar olaraq ciddi addımlar atmalıdırlar.
- Azərbaycanda son zamanlar cümə namazı qılınmağa başlayıb. Azərbaycanda şiə və sünnilərin birgə iştirakı ilə cümə namazları təşkil etmək mümkündürmü? Bünün üçün Azərbaycandakı əhli-sünnə icmaları ilə danışıqlar aparmaq olarmı?
- Əslində cümə namazının özü vəhdətin təzahürüdür, vəhdətin rəmzidir. Məzhəbindən aslı olmayaraq müsəlmanların bir yerdə cümə namazı qılması gözəl olardı. Amma Azərbaycanda bu tələbə cavab verəcək məscidlər yoxdur. Azərbaycanda olan məscidlərin bir çoxu qədimdən tikilən məscidlərdir. Bu məscidlər öz dövrünün tələbatına uyğun tikildiyi üçün bu gün bu məscidlərdə kütləvi halda namaz qılmaq çətin olur. Buna görədə Şiə və Sünnilərin bir yerdə namaz qılması üçün şərait yoxdu. Amma bu təklifi mən bir mənalı olaraq gözəl qarşılayıram.
-Hacı telekanallarda yayımlanan bəzi proqramlar milli mənəvi dəyərlərimizə xidmət edirmi ?Azərbaycan mətbuatı İslamın təbliğinə kömək edirmi?
-Bilirsiz telekanallarda mənəviyyata aid proqramlar demək olar ki hazırlamır. Belə bir fikir formalaşıb ki, din dövlətdən ayrıdır. Ona görədə din təbliğ olunmur.Bu tamamilə absurd yanaşmadır. Yəni dövlət dünyəvi dövlət ola bilər. Amma xalqın inancı olan İslam dini KİV-lər və xüsusən telekanallar tərəfidən təbliğ olunmalıdı. Telekanallar borcludur ki,bu xalqın inancını yüksək səviyyədə təbliğ etsin. Əgər telekanallar xalqa xidmət etdiklərini iddia edirlərsə inanc məslələrinə həssas yanaşmalı və düzgün,obyektiv şəkildə İslam fəlsəfəsini işıqlandırılmalıdırlar. Amma bəzən telekanallarda görürük ki, daha çox şou xarakterli verilişlər baş alıb gedir. Mən bunu mənəvi terror adlandırardım. Yəni insanların ailəsinə bu əxlaqsızlıqların təbliğ olunması və bu kimi işlərin vüsət alması təhlükəlidir. Bu kimi işlər xalqın mənəviyyatına zərbədir. Əgər xalqın mənəviyyatı itirilərsə mənliyi,milli kimliyi əldən gedər.
Əgər döyüş alnımıza yazılıb deyiriksə, gərək qəhrəman övladlar yetişdirək.Eyş-işrət məclislərində bütün gününü əyləncəylə keçirən gənclərlə heç bir iş görmək mümkün olmayacaq.
-Dini Etiqar Azadlığı qanununa düzəliş edilib. Düzəlişlərdən biridə inanclıların xaricdə dini təhsil alıb Azərbaycanda bu təhsillə fəaliyyət göstərə bilməməsidir. Bu qanun Azərbaycanın inanclı əhalisini dahada sıxışdırmağa xidmət edirmi?
-Dünyanın hər bir yerində inansaların azad təhsil almaq hüququ var. Bunlardan biridə dini təhsil hüququdur. Bizdə də deyilir ki, insanlar dünyanın hər bir yerində dini təhsil ala bilərlər. Amma qayıdandan sonra o dini təhsilini Azərbaycanda tətbiq edə bilməyəcək. Bu çox absurd yanaşmadır. Əgər bir insan təhsil alıb, təhsilini reallaşdıra bilmirsə o zaman təhsil almağın nə mənası var?! Əgər təhsilini alıb reallaşdıra bilmirsə bu onu göstərir ki,insan haqları kobud şəkildə pozulur. Mən bunun necə qəbul edilməsini başa düşə bilmirəm. Deyirlər ki,guya təhsil alan şəxs xaricdə təhsil alarkən o ölkənin xüsusi xidmət orqanına xidmət edə bilər, o ölkənin siyasətini burada təbliğ edə bilər. Buna qalanda bir adam iqtisadiyyat sahəsində və yaxud hüquq sahəsində Amerikada və digər Qərb ölkələrində təhsil alırsa onda o insan da oranın təsirinə düşə bilər. Mən buna bir mənalı şəkildə pis baxıram.Bu vicdan azadlığının,insan haqqlarının kobud şəkildə pozulmasıdır.
-Dini kitablara senzura qoyulması nə dərəcədə düzgündür?
-Mən tərəfdarıyam ki, dini radikalizimlə bağlı kitablara qadağa qoyula bilər. Amma harda tarix boyu insanlar sıxışdırılıb, orda radikallıq olub. Bəzi şeyləri məhdudlaşdırmaqla dini inancı zəiflətmək olmur, əksinə güclənir. Bəzən məhdudlaşdırma mühitində bəzi nalayiq insanlar ortaya atılır və dövlətlə inanclı əhali arasında nifaq salmaq istənilir. Bu məsələlərdə həm dövlət məsuliyyət daşıyır, həm dindar məsuliyyət daşıyır. Mən həmişə demişəm və indidə açıq şəkildə deyirəm: Azərbaycan dövləti dinə qarşı deyil. Dövlət səviyyəsində bəzi məmurlar var ki, İslam dininə hörmətlə yanaşır. Amma təəssüf ki,bəzi məmurlar köhnə sovet düşüncəsində qalıb. İstəyirlər öz düşüncələrini yeridələr. Bunlar İslam dininin adından da narahat olurlar. Bəziləri var azan səsindən narahat olur.Bəziləri məscidlərdən qorxurlar. Hicabdan narahat olurlar. Bütün dünyada insanlar azad şəkildə dini təlimlərini yerinə yetirirlər, dini ədəbiyyatlarını rahat şəkildə oxuyurlar. Bu gündə Azərbaycanda dini ədəbiyyatların qadağası mənasızdı.
-Fələstin məsələsi bu gün bir inanclı, Qarabağı itirmiş bir vətəndaş olaraq bizim üçün nə qədər əhəmiyyətlidir?
Fələstin bizim ən böyük dərdimizdir. Bu məsləyə biganə yanaşmaq qeyri-mümkündür. Azərbaycan İslam Konfransı Təşkilatına üzv bir ölkədir. Buna görədə Azərbaycan gərək Fələstinin həmişə yanında olsun. Bununla bağlı Azərbaycan mediasıda obyektiv xəbərlər verməlidir. Dezinformasiya xəbərlər verilməməlidir. Bunuda unutmamaq lazımdır ki, Fələstinin dərdiylə bizim dərdimiz eynidir. Bəziləri deyir İsrail dərdi ilə Azərbaycanın dərdi eynidir. Bu çox yalnış fikirdir. Əksinə İsrail özü işğalla yaranmış bir ölkədir. İsrail yox Fələstin işğala məruz qalıb. Ona görədə Fələstinlə Azərbaycanın talehi eynidir. Məscidül Əqsada yaşanan proseslər bizə doğma olmalıdır.
-Bəzi rəsmi qurumlarda namaz qılmaqla bağlı problemlər var. Bizim dövlət qanunveriliciyimizdə hansısa rəsmi qurumda namaz qılıb-qılmamaqla bağlı qanun var?
-Qanunvericiliymizdə namazla bağlı heç bir qadağa yoxdur. Hər bir dövlət qurumunda namaz qılmaq olar. Məhdudlaşdırıla bilər hansısa ictimai asayiş pozularsa. Amma digər hallarda heç bir məhdudiyyət yoxdur.
Vaxt ayırdığınız üçün təşəkkür edirik.
Müsahibəni apardı İlkin Hüseyni. İsra.az