Tarix : 2010 Mar 16
Kod 16600

ABŞ səfirliyi üzr istədi

ABŞ-ın Azərbaycandakı səfirliyi Dövlət Departamentinin ölkədə narkotiklərlə əlaqədar vəziyyət barədə yanlış hesabatına görə üzr istəyib
Azərbaycan Servisi/Aran Agentliyi
ABŞ-ın Azərbaycandakı səfirliyi Dövlət Departamentinin ölkədə narkotiklərlə əlaqədar vəziyyət barədə yanlış hesabatına görə üzr istəyib. "Mən Dövlət Departamentinin hesabatına görə Azərbaycan cəmiyyətindən və tələbələrdən üzr istəyirəm. ABŞ hökuməti çox işləyir və bəzən səhv edə bilər", - deyə ABŞ-ın Azərbaycandakı səfirliyinin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson çərşənbə axşamı jurnalistlərə bildirib.

Qeyd edək ki, azərbaycanlı tələbələr ABŞ səfirliyinin qarşısında etiraz aksiyası keçirib. 100-ə yaxın tələbə ABŞ Dövlət Departamentinin "Narkotiklərə nəzarət strategiyası-2010" adlı hesabatına öz etirazını bildirib.
Dövlət Departamentinin martın 2-də yaydığı hesabatda deyilirdi ki, Azərbaycanda tələbələrin 30-35 faizi narkomandır.

Devidson bildirib ki, Azərbaycanın ali məktəblərində təhsil alan narkoman tələbələrin sayı hesabatda şişirdilib: "Mən Dövlət Departamentinin nümayəndəsi ilə hesabata dəyişikliklərin zəruriliyi barədə söhbət etdim. Dəyişikliyin nə zaman olunacağını bilmirəm, amma bu, baş verəcək".

Devidsonun sözlərinə görə, ABŞ dünyanın bir çox ölkəsi ilə bağlı belə hesabatlar hazırlayır, çünki narkomaniya müasir dövrün ən böyük problemidir. "Biz başa düşürük ki, ABŞ-da narkotik problemi Azərbaycanda olduğundan daha irimiqyaslıdır. Biz etiraf edirik ki, səhv etmişik, lakin ən əsası odur ki, narkomaniyanın ciddi problem olaraq qaldığı Azərbaycanla işləyirik", - deyə Devidson vurğulayıb.
Trend News
 
  • Yazılıb
  • da (də) 2010 Mar 16