Tarix : 2010 Mar 17
Kod 16601

AZƏRBAYCAN HAKİMİYYƏTINDƏ “AMERİKA AGENTİ” AXTARILIR

Vaşinqtonun artan təzyiqləri Bakıda təşviş yaradıb
Azərbaycan Servisi/Aran Agentliyi
ABŞ-dan Azərbaycan hakimiyyətinə qarşı təzyiqlərin güclənməsi Bakıda, iqtidar düşərgəsində narahatlığa səbəb olub. Kifayət qədər mötəbər qaynaqlardan redaksiyamıza daxil olan məlumata görə, bu təzyiqlərin görünməyən tərəfi görünən tərəfindən daha böyükdür. Təqribən 2-3 ay əvvəl Azərbaycan hakimiyyəti münasibətləri düzəldə bilmək üçün Vaşinqtona qeyri-rəsmi emissarlar göndərib, lakin onlar heç bir nəticə əldə edə bilmədən geri dönüblər. Belə ki, onların ABŞ hakimiyyətində söz sahibi olan çevrələrlə təmasları baş tutmayıb, Ağ Evə təsir göstərə bilmək üçün ənənəvi lobbi çevrələrinə verilən sifarişlər də işə yaramayıb və ardınca təzyiqlərin daha da ciddi xarakter alması müşahidə edilib.
ABŞ-ın təzyiqlərinin məqsədi əslində Qarabağ məsələsi və Bakını Türkiyə-Ermənistan yaxınlaşmasına əngəl törətməkdən çəkindirmək olsa da, hakimiyyətdə yaxşı başa düşürlər ki, yaxınlaşan parlament seçkiləri ilə bağlı təzyiqlər daha da artacaq. Lakin narahatlıq bir çoxlarının təxmin etdiyi kimi ABŞ-ın və digər Qərb dövlətlərinin seçkilər ərəfəsində Azərbaycanda müxalifəti dirçəldərək onun vasitəsi ilə hakimiyyəti zəiflədə biləcəyi ehtimalından irəli gəlmir. Çünki hakimiyyətdə və Qərbdə müxalifət düşərgəsindəki indiki real durum barədə kifayət qədər məlumatlıdırlar. Belə qənaət formalaşıb ki, Qərb hakimiyyətə ənənəvi müxalifət vasitəsilə deyil, elə onun öz daxilindən dayaqlar tapıb təzyiq edə, yəni iqtidar düşərgəsini parçalaya bilər.
Əldə etdiyimiz məlumata görə, hazırda hakimiyyət düşərgəsində narahatdırlar ki, parlament seçkiləri ərəfəsində “Fərhad Əliyev sindromu” bu və digər formada baş qaldıra bilər. Xatırladaq ki, 2005-cü il parlament seçkiləri ərəfəsində hakimiyyətə Rusiya kəşfiyyatından ötürülən məlumatlar əsasında iqtisadi inkişaf naziri Fərhad Əliyev də daxil olmaqla bir qrup yüksək rütbəli məmur həbs edildi. Onlar müxalifətin bir qismi ilə birləşərək ABŞ-ın dəstəyi ilə ölkədə “çevriliş” hazırlamaqda şübhəli hesab edilirdilər, lakin istintaq dövründə bu suçlamaları konkret korrupsiya ittihamları ilə əvəzlədilər. Bununla belə, istintaq F. Əliyevin ABŞ-la əlaqələrini uzun müddət araşdırıb, hətta onunla bağlı cinayət işinin materiallarına ABŞ-ın Bakıdakı keçmiş səfiri Rino Harnişin və dövlət katibinin müavini Daniel Fridin adlarını daxil etmişdilər. Seçki ərəfəsində F.Əliyev tez-tez ABŞ səfirinin müşayiəti ilə bölgələrə səfərlər edir, korrupsiyaya qarşı mübarizə, Qərbə inteqrasiya və digər məsələlərdə önəmli mesajlar verirdi. Nəticədə hakimiyyətdə belə rəy formalaşmışdı ki, Qərb iqtidar komandası daxilində çevriliş hazırlayır. Nəticədə o vaxt Rusiyanın dəstəyi ilə Qərbin seçkilərlə bağlı bütün planları iflasa uğradıldı.
Yenidən parlament seçkiləri ərəfəsində Qərbin fəallaşması hakimiyyətdə belə narahatlıq yaradıb ki, ola bilsin yenidən iqtidar düşərgəsi daxilində başqa niyyətdə olanlar tapılıb və onlarla gizli iş gedir. Bu narahatçılıqla bağlı önləyici tədbirlər görmək qərara alınıb və məlumata görə, hazırda hakimiyyət daxilində potensial “Amerika agentləri” axtarılır. Bu axtarışlar çərçivəsində Qərblə əlaqələri olan bütün məmurlar barəsində dosye toplanır. Belə araşdırmalar təkcə hakimiyyət daxilində deyil, ona bağlı olan və indiyədək müxalifət rolunu oynayan çevrələrdə də gedir. Bildirilir ki, ilkin araşdırmalar iqtidarın daxilində ABŞ-la yaxın münasibətlər saxlayan heç bir yüksək rütbəli məmur ortaya çıxarmayıb. Çünki belələri çoxdan təmizlənib. Lakin nisbətən aşağı eşalonda, deyildiyi kimi, iqtidara bağlı olan qruplarda, o cümlədən parlament üzvləri arasında və digər ehtimal olunan istiqamətlərdə araşdırmalar davam edir. Araşdırmalar zamanı xüsusi xidmət məlumatlarından istifadə edilir. Bu durumdan xəbəri olan ekspert hesab edir ki, hakimiyyət parlament seçkilərini tam nəzarət altında keçirə bilmək və Qərbin təsir imkanlarını məhdudlaşdırmaq üçün bütün zəruri hazırlıqları görməkdədir.
Lakin digər məlumatlı mənbə deyir ki, söhbət təkcə parlament seçkiləri ərəfəsində hakimiyyətə təzyiq edib onu hansısa addımlar atmağa sövq etməkdən getmir. ABŞ Azərbaycana və onun hakimiyyətinə təsir etmək baxımından əldən verdiyi mövqeləri qaytara bilmək üçün həmlə edir: “Hazırda vəziyyət belədir ki, Rusiyanın Azərbaycana və onun hakimiyyətinə təsir imkanları fövqəladə ölçülərdə məhdudlaşıb. 5 il, 10 il əvvəl, yaxud 90-cı illərin ortalarından başlayaraq vəziyyət belə deyildi, hakimiyyətdə qüvvələr nisbəti baxımından müəyyən balans formalaşmışdı. Ancaq indi Kreml Azərbaycan iqtidarına təsir etmək gücü olan tək qüvvədir, Moskvanın istər parlamentdə, istər Prezident Administrasiyasında adamları var, ABŞ isə tam kənarda qalıb. Əgər əvvəllər ABŞ səfirliyində birbaşa dövlət başçısının köməkçisi ilə əlaqə yaratmağa imkan verən telefon xətti fəaliyyət göstərirdisə, indi o da yoxdur”. Mənbə deyir ki, bütün bunları nəzərə alaraq ABŞ-ın hakimiyyətdə yenidən paya sahib olmaq cəhdləri təəccüblü deyil: “Ola bilsin ki, ABŞ yaxınlaşan seçkilərdən istifadə edərək heç olmasa parlamentdə ”öz adamlarını" yerləşdirmək istəyəcək. Burada “ABŞ-ın adamları” şərti ifadədir, yəni bu ölkəyə işləyən agentlərdən deyil, sadəcə olaraq, Qərbə inteqrasiya tərəfdarı olanlar, Qərbmeyllilər, xüsusən Qərbdə təhsil almış gənclərdən gedə bilər. Ona görə də iqtidar daxilində parlament seçkiləri ilə bağlı siyahılar hazırlananda bu məsələlərə diqqət yetirilir, yəni xüsusi fikir verilir ki, Qərbin adamları sayıla biləcək şəxslər bu siyahılara düşməsin".
Sızan məlumatlar əsasında belə ilkin rəy formalaşıb ki, hazırda hakimiyyət düşərgəsində ABŞ-ın hansı istiqamətdən və necə “vuracağını” təxmin etməkdə çətinliklər var. Əgər əvvəllər ABŞ-ı geri oturtmaq üçün ənənəvi Qərbmeylli müxalifətə qarşı hücumlar edilirdisə, indi müdafiəni necə təşkil etmək barədə aydın strategiya yoxdur. Çünki zərbə gözlənilməz istiqamətlərdən gələ bilər.
  • Yazılıb
  • da (də) 2010 Mar 17