Tarix : 2010 Mar 17
Kod 16602

AZ''RBAYCAN R-nin MİLLİ MƏCLİSINDƏ HÖKUMƏTƏ İSTEFA TƏLƏBİ

Müxalifətçi deputat parlamentin hesabatına Qarabağ ifadəsini salmayan hökumətə etimadsızlıq göstərməyə çağırdı
Azərbaycan Servisi/Aran Agentliyi
Müxalifətçi deputat parlamentin hesabatına Qarabağ ifadəsini salmayan hökumətə etimadsızlıq göstərməyə çağırdı
Pənah Hüseyn: “Bu hökumətin siyasəti nəticəsində obrazlı ifadə etsək, Azərbaycan ət yeyən ölkədən ot yeyən ölkəyə çevrilib”
Milli Məclisin dünənki islasında hökumətin hesabatı dinlənildi. İlk çıxış edən spiker Oqtay Əsədov bildirdi ki, ötən ildən dünyada iqtisadi böhran başlasa da, onun Azərbaycana təsiri olmayıb. Spiker 2009-cu ildə ölkənin 9,3 faiz iqtisadi inkişafa nail olduğunu, nəzərdə tutulan bütün iqtisadi layihələrin həyata keçirildiyini dedi. Daha sonra o, hesabatı təqdim etmək üçün söz alan baş nazir Artur Rəsizadə bildirdi ki, dünyadakı iqtisadi böhrana baxmayaraq, 2009-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik saxlanılıb. Onun sözlərinə görə, hökumətin fəaliyyəti böhranın mənfi təsirinin qarşısının alınmasına, pul-kredit siyasətinin gücləndirilməsinə, əhalinin sosial müdafiəsinə yönəlib: “Azərbaycanın iqtisadiyyatı möhkəmliyini, iqtisadiyyatın müxtəlifləşdirilməsinə doğru təmayül nümayiş etdirib.
2009-cu ildə nominal ÜDM 34,6 milyard manat, real artım 9,3 faiz təşkil edib. Qeyri-neft sektorunun artımı 3,2 faiz, inflyasiya 3,2 faiz təşkil edib. Ölkədə orta aylıq əməkhaqqı 8,6 faiz artaraq, təxminən 298 manat, təqaüdlərin orta səviyyəsi 100,4 manat təşkil edib. 654 min nəfər ünvanlı sosial yardım alıb, bu, 180 milyon manat təşkil edib. Yoxsulluq səviyyəsi 11 faizədək azalıb. 2009-cu ildə regionların inkişafı üçün dövlət büdcəsindən 1,5 milyard manat ayrılıb. Əlillərə ötən il 2007 mənzil ayrılıb, 2 reabilitasiya mərkəzi tikilib, 500 avtomobil verilib. 2009-cu ildə dövlət büdcəsinin gəliri 10,3 milyard manat, xərcləri 10,6 milyard manat təşkil edib. Azərbaycanın strateji valyuta hesabatları 1,8 milyard dollar artıb və Dövlət Neft Fondunun aktivləri nəzərə alınmaqla, 20 milyard ABŞ dolları təşkil edib. Bu zaman valyuta aktivlərinin idarə edilməsindən gəlirlər ötən il 430 milyan dollar təşkil edib. Dövlət borcu üzrə ödəmələrə 287,7 milyon dollar sərf olunub. 2009-cu ildə Milli Sahibkarlığa Yardım Fondu 2100 sahibkara 130 milyon manat ayırıb. 2009-cu ildə neft hasilatı 50 milyon tondan artıq olub. Ötən il qaz istehsalı 23,6 milyard kubmetr təşkil edib ki, bu da 2008-ci il ilə müqayisədə 300 milyon kubmetr çoxdur. Gürcüstana qaz ixracı artıb, İrana qaz verilməsi üzrə danışıqlar aparılır, Rusiyaya qaz ixracına başlanılıb”. A.Rəsizadə çətinliklə də olsa, təqribən 40 dəqiqə ərzində hesabatı təqdim etdi. Qeyd edək ki, xarici işlər naziri və güc strukturları rəhbərləri xaric, hökumət üzvlərinin hamısı iclasa qatılmışdı.
Deputatlardan Astan Şahverdiyev, Musa Urud, Bəxtiyar Əliyev, Mirkazım Kazımov, Eldar Quliyev hesabatı təqdir etdilər. Hadı Rəcəblinin çıxışı isə alternativ hesabata daha çox bənzəyirdi. Bir-bir nazirliklərin fəaliyyətini təqdir edən komitə sədri maraqlı arqumentlə ünvanlı sosial yardımların verilməsində şəffaflığın olmasına qarşı çıxdı: “Dinimizdə də var ki, sağ əlin verdiyini sol əl bilməməlidir”. O, ünvanlı sosial yardım verən işçiləri tərifləməyi də unutmadı.
Müsavat deputat qrupunun üzvü Pənah Hüseyn isə hökumətin hesabatını darmadağın etdi: “Mən belə hesab edirəm ki, bizim dövlətin, xalqın, cəmiyyətin bir nömrəli probleminin Qarabağ problemi olmasını heç kim inkar etməz. Lakin hökumətin növbəti dəfə rekord səhifədə - yəni 460 səhifəlik hesabatında Qarabağ məsələsinə həsr olunmuş bir bölmə, paraqraf, hissə belə yoxdur. Bu hesabatda təqribən 1 milyon 200 min söz var. Mən burda çox axtardım, Qarabağ sözünə rast gəlmədim. Hörmətli baş nazir, deyəsən, Qarabağ əlilləri ifadəsini işlətdi, ola bilsin o ifadə var. Təkcə buna görə bu hesabata etimadsızlıq göstərilməsi kifayətdir. Qarabağ məsələsində özünün xətti, təklifi, strategiyası olan, bu məsələ barədə hesabat verməyə sözü olmayan bir Nazirlər Kabinetinin, bir hökumətin Azərbaycan kimi müharibə aparan bir dövlətdə hökumətlik etmək haqqı yoxdur”. P.Hüseyn uğurlardan danışılmasına belə reaksiya verdi: “Biz açıq-aydın burda bir rəqəm foksunu gördük. Mən hesabatın 10-cu səhifəsinə diqqətinizi çəkirəm. 2008-ci ildə ümumdaxili məhsul təqribən 40 milyard, 2009-cu ildə 34 milyard olub. Göstərilib ki, 9,3 milyard artım əldə olunub. İqtisadçılar bilir bu rəqəmi nəyin hesabına artırıblar. Bilirsiniz ki, keçən il 40 milyon, bu il isə 50 milyon ton neft, 1 milyarddan bir qədər artıq qaz istehsal olunub. Bunu keçənilki real qiymətlərlə hesablayıblar və bu cür fokus göstərərək bizə artım haqqında hesabat veriblər. Halbuki 2008-ci ildə hökumətin hesabatında bu artım 30 faiz göstəriləndə bu, yalnız həmin ilin nominal qiymətləri ilə hesablanırdı. Bu uğurun başqa bir rəqəminə də diqqətinizi cəlb edirəm. Anoloqu olmayan xarici siyasət dövriyyəsində Azərbaycanda azalma baş verib. Yəni xarici ticarət dövriyyəsi təqribən 54 milyard manatdan 20 milyarda qədər azalıb. Təqribən 2,7 dəfə azalma baş verib. Azərbaycan ixracatı 3,2 dəfə azalıb, təqribən 47 milyarddan 14 milyarda düşüb. Bu, anoloqu olmayan, bir neçə ölkədə baş verən məsələdir”. Millət vəkili bunun böhranla bağlı olmadığını vurğuladı: “Bu, neftdən asılılıqla bağlıdır. Hətta dünyada böhran baş verməsə belə, neftin qiymətindəki bu cür rəqslərin Azərbaycan iqtisadiyyatı üçün hansı fəlakətlərə gətirib çıxaracağını göstərir. Kənd təsərrüfatı sahəsində 3 faizdən bir qədər artıq artımdan danışırlar. Statistikanın rəqəmlərinə baxsaq, guya bu artım əsasən dənli bitkilərin, xüsusən taxıl bitkilərinin 1 milyondan çox artımı hesabına baş verib. Digər sahələrin əksəriyyətində - bir kartofdan başqa - azalma müşahidə olunub. Halbuki Maliyyə Nazirliyinin apardığı yoxlamalarda taxıl artımı və taxıl əkininin fiksiya olduğu, dövlət büdcəsindən ayrılan çox yüksək bir vəsaitin bir sıra rayonlarda mənimsənilməsi barədə məlumatlar verilib, Baş Prokurorluq bu istiqamətdə cinayət işi açıb. Faktiki olaraq bu statistikanın ən azı 30 faizinin saxta olduğu sübut olunmaqdadır. Keçən il Azərbaycan 1 milyon ton buğda ixrac edib. Burda çox əlamətdar rəqəm var. Bu gün Azərbaycan vətəndaşı orta hesabla 1985-ci ilin yalnız 85 faizi qədər ət, 4 dəfə artıq isə kartof yeyir. Bu, rəsmi statistikadır. Bu hökumətin siyasəti nəticəsində obrazlı ifadə etsək, Azərbaycan ət yeyən ölkədən ot yeyən ölkəyə çevrilib”. P.Hüseyn hesabatda ölkədə cəmi 11 faiz yoxsulluğun, 40 min işsizin olması ilə bağlı rəqəmləri də saxta saydı. Ancaq elə hesabatın digər səhifələrində fərqli rəqəmlərin əksini tapdığına diqqət çəkdi: “Guya biz işsizlik və yoxsulluqla bağlı problemlərin həllində ABŞ-dan da qabaqdayıq. Dünyanın böhran içində olduğu bir vaxtda bu rəqəm foksu, şişirtmə rəqəmlər kimə lazımdır? Kimi aldadırıq, kimi ələ salırıq? Bu cür nağılvari hesabatlarla biz özümüzə ancaq hörmətsizlik gətiririk”. Millət vəkili digər bir mühüm məqama diqqət çəkdi. Dedi ki, ən mühüm investisiyaya ehtiyacı olan iki sahədə - səhiyyədə 21 faiz, təhsildə isə 15 faiz ayrılan büdcə vəsaiti xərclənməyib: “Bizim iqtisadçılar hesablama apardı, o xərcləri əməkhaqqına çevirsək, hər bir səhiyyə işçisinin aylıq əməkhaqqını 85 manat, təhsil işçisinin isə 52 manat artırmaq mümkündür. Niyə məhz təhsildə və səhiyyədə ayrılan büdcə vəsaitinin ixtisarları baş verir? Bunun səbəbi ondadır ki, korrupsiyayönümlü sahələrə ayrılmış vəsaitin, əksinə, daha çox pis şəkildə xərclənməsini görürük. Keçən il investisiya xərcləri haqqında sənədlər üzə çıxdıqda məlum oldu ki, onların 70 faizi proqramsız xərclənib. Bu, dövlət büdcəsi və dövlət satınalmaları haqqındakı qanunların cinayətkarcasına pozulmasıdır. Keçən il Muğam Evinə 20 milyon manat pul ayrılıb. Halbuki Muğam Evi 2008-ci ildə işə salınıb. Heydər Əliyev Fondunun təmiri 2008-ci ildə başa çatıb. 2008-ci ildə tikintisi başa çatmış obyektlərə keçən ilin büdcəsi hesabına vəsait ayrılıb”. Daha sonra müxalifətçi deputat hökumətə xitab etdi: “Hörmətli hökumət, mən keçənilki hesabat zamanı da demişdim, bu gün də təkrar edirəm, sizə qarşı ən ciddi ittihamımız dünyada ən güclü korrupsioner bir hökumət olmağınızdır. Siz faktiki olaraq başdan-ayağa oliqarxlardan ibarətsiniz və yaxud oliqarxlara xidmət edirsiniz. Hakimiyyətlər bölgüsü məsələsinə qayıtsaq, Azərbaycanda iqtisadi və siyasi hakimiyyəti bir-birindən ayırmaq lazımdır”. Növbəti müraciət ölkə başçısına ünvanlandı: “Mən dövlət başçısına təklif edərdim ki, ən birinci bu islahatı aparmağa qadirdirsə, bu oliqarxları, onların lobbilərini hakimiyyətdən uzaqlaşdırsın və kommersiya təfəkkürlü insanları kommersiyaya, biznesə göndərsin, dövlətçilik təfəkkürü olan insanları isə hətta öz komandasından, YAP-dan və sairdən dövlətin idarəçiliyinə gətirsin. Belə olsa bu gün biz çox biabırçı, rüsvayçı, bütün dünyada bizi biabır edən faktlarla rastlaşmarıq. Bu gün biz hesab edirdik ki, hökumətin hesabatında bütün dünyada müzakirə olunan, Azərbaycan müxalifəti tərəfindən ciddi şəkildə səsləndirilən, dünya mediasında işıqlandırılan Azərbaycanın dövlət başçısının xaricdəki mülkiyyətləri və onun guya gizli biznes strukturları haqqında da burda deputatlara və cəmiyyətə açıqlama veriləcək. Azərbaycan müxalifətinin nümayəndəsi, Demokratiya Uğrunda İttifaqda cəmləşmiş siyasi partiyaların təmsilçisi olaraq, Müsavat Partiyasının və Müsavat deputat qrupunun, şəxsən özümün siyasi mövqeyimi ifadə edərək bildirirəm ki, dövlət başçısı hörmətli İlham Əliyev bu barədəki məlumatlara aydınlıq gətirməlidir, izahat verməlidir. Buna aydınlıq gətirməzsə, o, 2008-ci ildə seçilməsinə baxmayaraq, istefa üzərində düşünməlidir və biz də bu istiqamətdə öz fəaliyyətimizi davam etdirib tələblərimizi ortalığa qoyacağıq”. Maraqlısı odur ki, bu cür sərt çıxışdan sonra Pənah bəy sözlərini hökumət də daxil olmaqla, hamını Novruz münasibətilə təbrik etməklə bitirdi. 
Qüdrət Həsənquliyev də çıxışını hesabatı tənqid üzərində qurdu: “Pənah bəy haqlı olaraq söylədi ki, hesabatda Dağlıq Qarabağla bağlı məsələ öz əksini tapmır. Biz dəfələrlə burda məsələ qaldırmışıq ki, xarici işlər naziri, güc strukturlarının rəhbərləri, müdafiə naziri də hökumətin üzvüdür. Hər dəfə xahiş etmişik ki, hökumətin hesabatı zamanı Milli Məclisə gəlsinlər və bəzi suallara cavab versinlər. Çox təəssüf ki, bu gün də onlar iclasa qatılmayıblar”. Prezidentin adına olan mülklərdən danışarkən Q.Həsənquliyev əlavə etdi ki, Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana vermək üçün ABŞ-ın başçılığı ilə böyük təzyiqlər başlayıb: “Azərbaycanda uşaqdan-böyüyə hamı bilir ki, bu gün ABŞ bu məsələləri heç də Azərbaycanda demokratik cəmiyyət quruculuğu üçün qaldırmır. Bu, Azərbaycan prezidentinin Obamanın dəvətindən imtina etməsi ilə bağlıdır və Azərbaycanın sərhədlərin açılması ilə bağlı Türkiyəyə edilən təzyiqlərə dəstəyi ilə əlaqədardır”. Deputat orduda son vaxtlar əsgərlərə qarşı zorakılıq, zorlama, ölüm hallarının artdığını xatırlatdı: “Bilmək istərdik, bu, Nazirlər Kabinetində müzakirə olunubmu?” Q.Həsənquliyev çıxışını “hökumətin fəaliyyəti qeyri-qənaətbəxş hesab olunmalıdır” deməklə bitirdi.
“Prezident İlham Əliyev Azərbaycan xalqının maraqlarına əsaslanan müstəqil siyasət yürüdür”. Bunu isə spiker bildirdi. Ardınca da maraqlı müşahidəsini bölüşdü: “Mən fikir verdim ki, Qüdrət Həsənquliyev ”The Washington Post" qəzetində Azərbaycan prezidenti barədə dərc olunan məqalədən də söhbət açdığı çıxışını başa vuran kimi, Milli Məclisin iclas zalında oturan sözügedən qəzet və Amerika səfirliyinin nümayəndələri zalı tərk etdilər. Yəni səfirlik nümayəndəsi bu məsələnin burada müzakirə olunub-olunmayacağını izləyirdi. İkincisi isə hamı bilməlidir ki, Azərbaycan prezidenti nə sağa, nə də sola baxır. O öz müstəqil siyasətini yürüdür. O, xalqının iradəsinə söykənən siyasət aparır. Heç bir xarici müdaxilə, heç bir “The Washington Post”, heç bir nəşr, heç bir ittiham İlham Əliyevi ləkələyə bilməz".
Fazil Mustafa hesabatı tərifləyən həmkarlarına və tənqidi fikirlər söyləyən P.Hüseynə irad tutan spikerə mesaj verdi: “Biz də hökumət üzvləri kimi danışsaq, hökumətin hesabatına ehtiyac olmaz. Bu hesabatlar çox zaman iqtisadi roman kimi hazırlanır. Ona bir az da əl gəzdirilsə, lap oxunaqlı olar”. F.Mustafa da ölkədə 41 min işsizin, 11 faiz yoxsulun olması barədə rəqəmləri inandırıcı saymadı: “Onda hər müəssisəyə 500 nəfər işçi götürək, yeganə işsizi olmayan ölkəyə çevrilək”. Deputat tələbələr arasında narkomaniyanın mövcudluğu barədə ABŞ Dövlət Departamentinin hesabatına da toxundu. Dedi ki, tələbələr arasında narkomaniyanın hansı həddə yayıldığı hələ araşdırılmamış mövzudur və bu, ciddi təhlükədir. Saakaşvilinin gürcü məmurların narkotestdən keçməsi barədə göstərişini xatırladan deputat Azərbaycanda da bu təcrübədən istifadə olunmasını təklif etdi.
Hesabatın müzakirəsi fasilədən sonra da davam etdirildi. Yekunda Milli Məclis 100 səs lehinə, 8 səs əleyhinə olmaqla hökumətin hesabatını qəbul etdi.
Daha sonra parlament prezident İlham Əliyevin Mərkəzi Bankın İdarə Heyəti üzvlüyünə irəli sürdüyü namizədləri təsdiqlədi.  İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin təqdimatından sonra səsvermə zamanı Elman Rüstəmov və Xəqani Abdullayev Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçildi. Rüfət Aslanlı isə başqa işə keçməsi ilə əlaqədar olaraq İdarə Heyətinin üzvlüyündən azad olundu.
 
 
 
 
  • Yazılıb
  • da (də) 2010 Mar 17