Tarix : 2010 Mar 17
Kod 16603

AZƏRBAYCANI TƏSLİMÇİLİYƏ SÜRÜKLƏYİRLƏR

.
Azərbaycan Servisi/Aran Agentliyi
“5 rayon və Laçının 13 kəndi azad edilir...”
Məmmədyarov Madrid prinsiplərinin sirrini açdı; “Münaqişənin həlli İlham Əliyevdən asılıdır” bəyanı yayıldı
 
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov dünən Dağlıq Qarabağ münaqişəsinə dair yenilənmiş Madrid prinsiplərinin detalları haqda ilk dəfə geniş açıqlama verib. ATƏT-in Parlament Assambleyasının sədri Joe Suareşlə görüşdən sonra keçirdiyi brifinq zamanı Məmmədyarov deyib ki, rəsmi Bakı Madrid prinsiplərini gələcək danışıqlar və böyük sülh sazişinin hazırlanması üçün əsas kimi qəbul edir: “Madrid təkliflərini təhlil edirik və düşünürük ki, Afinada təqdim olunan yeniləşmiş Madrid təklifləri bir sənəd kimi növbəti addımları atmağa və böyük saziş üzərində işə başlamağa imkan yaradır” deyə, o bildirib. (APA)
Nazir bildirib ki, istənilən münaqişənin diplomatik yolla həlli imkanları var: “6 ildir Praqa prosesi davam edir, son 2 il ərzində prezidentlər və xarici işlər nazirləri bir neçə görüş keçirib, vasitəçilər regiona səfərlər ediblər, Madrid təklifləri yeni variantda təqdim olunub. Azərbaycan sənədi ümumilikdə qəbul etməyə hazırdır. Bu o deməkdir ki, Azərbaycan münaqişənin diplomatik yolla həllini seçib, biz bu yolla gedirik. Ermənistan bu variantı qəbul edib-etməyəcəyini elan etsin, biz də ondan sonra hansı addımları ata biləcəyimizi bildirərik. Biz də XİN-də cürbəcür variantları müzakirə edirik və fikirləşirik ki, hansı şəkildə, hansı yolla bu il müzakirələr getsin”.
Proses 6 ildir gedir
Praqa prosesinin 2004-ü ildə başladığını xatırladan nazir bildirib ki, bu, mərhələləri prosesdir, Madrid sənədində bütün mərhələlər artıq əksini tapıb. Məmmədyarov bildirib ki, sənəddə hansı mərhələdə hansı addımların atılacağı qeyd olunub. Sənədə görə, ilk növbədə Ermənistan 5 rayondan, üstəgəl Laçının 13 kəndindən qoşunlarını çıxarmalıdır. Sonra bütün sərhədlər və kommunikasiyalar açılır, donor konfransı keçirilir, torpaqlar, kommunikasiyalar bərpa olunur, proqramların həyata keçirilməsinə başlanır, oraya qayıdacaq məcburi köçkünlərin təhlükəsizlik problemləri çox vacib olduğundan təhlükəsizlik baxımından beynəlxalq müşahidəçilər məsələsi həll olunur, sonra Laçın və Kəlbəcərdən qoşunlar çıxarılır, bütün yollar açılır. “Azərbaycanlı icması Qarabağa qayıtdıqdan sonra imkan yaranacaq ki, sonuncu mərhələ - Qarabağın statusunun müəyyənləşdirilməsi prosesi başlansın. Qarabağın statusunun müəyyənləşməsi Azərbaycan üçün çox vacibdir. Qarabağ Azərbaycan torpağıdır, düzgün deyil ki, Azərbaycanın hansısa ərazisi onun inzibati nəzarətindən çıxsın. Əlbəttə, biz deyirik ki, bütün məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olsun. Öz müqəddəratını təyin etməyə gəldikdə, bu məsələ də beynəlxalq hüququn bir hissəsidir. Amma bu o demək deyil ki, ərazi bütövlüyü pozula bilər. Biz dəfələrlə bildirmişik ki, dünyada müxtəlif muxtariyyətlər, statuslar var... Məsələn, Rusiya Federasiyasında tatarlar, başqırdlar öz müqəddəratlarını təyin eləyiblər, amma Rusiya Federasiyası çərçivəsində” deyə, nazir bildirib.
Məmmədyarov əlavə edib ki, Ermənistan işğal olunmuş torpaqlardan öz qoşunlarını addım-addım çıxararsa, həm iqtisadi, həm də təhlükəsizlik baxımdan region üçün böyük imkanlar açılacaq: “Heç kim torpağı götürüb harasa gedə bilməz, istər-istəməz qonşularla düz siyasət qurmalısan. Mən Azərbaycanın xarici işlər naziri kimi inanıram ki, ən vacib və yaxşı proses budur. Biz işğal olunmuş ərazilər və məcburi köçkünlər məsələsini danışıqlar masasından götürməliyik. Bu, nə qədlər tez olsa, o qədər yaxşı olar, müharibə ritorikası da aradan qalxar. Müharibə ritorikası ilk növbədə ona görə mövcuddur ki, işğal olunmuş torpaqlar, məcburi köçkünlər problemi var”.
Kremldə hazırlanan sülh planında nə dəyişib?
Azərbaycanın xarici işlər nazirinin sözlərindən də təsdiq edildiyi kimi, Madrid prinsiplərinin yenilənmiş variantında Dağlıq Qarabağın statusunun müəyyən edilməsi sonuncu mərhələ kimi nəzərdə tutulub. Lakin Məmmədyarov nizamlama prosesinin bütün mərhələləri haqda danışsa da, bu son mərhələnin hansı formada həyata keçiriləcəyi haqda danışmayıb. Rəsmi Bakının bəyanatlarına inansaq, yekun status məsələsini danışıqlar yolu ilə həll etmək nəzərdə tutulur. Lakin real vəziyyət belədir ki, Madrid prinsiplərinin istər köhnə, istərsə də yeni variantı bölgənin statusunun səsvermədə müəyyən edilməsini özündə əks etdirir. Məmmədyarovun təsdiq etdiyi kimi, bu prinsip əsasında danışıqlar 2004-cü ildən başlayıb. Dağlıq Qarabağın statusunun yekun mərhələdə referendumla müəyyən edilməsi ideyası Kremlə məxsusdur. Bu planı 2004-cü ildə Rusiya prezidentinin aparatında işləyib hazırlayıblar və Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın o vaxtkı dövlət başçısı Robert Köçəryana Astanada, MDB sammiti zamanı təqdim ediblər. Sənəd sonradan Minsk Qrupunun digər həmsədrləri ilə də razılaşdırılıb və danışıqların müəyyən mərhələsindən sonra Madrid prinsipləri formasına düşərək tərəflərə təqdim edilib.
Məmmədyarovun bəyanatı Madrid prinsiplərində yeniliklərin nədən ibarət olduğu haqda da təxminlərlə çıxış etməyə imkan yaradır. Belə məlum ola bilər ki, əvvəlki sənəddə birinci mərhələdə ətraf rayonlardan 5-nin azad edilməsindən söhbət gedirdisə yeni variantda bura Laçın rayonun 13 kəndi də əlavə olunub. Lakin nazirin Dağlıq Qarabağın yekun statusunun Laçın və Kəlbəcərin boşaldılmasından sonraya saxlanılacağı haqda dediklərinin Madrid prinsiplərində əksini tapması bir qədər şübhəlidir. Ola bilsin ki, bu məqam rəsmi Bakı tərəfindən səsləndirilir, yəni danışıqlarda tərəflərə təqdim olunan planda göstərilən formada yer almır. Azərbaycan xarici işlər nazirinin dediyi kimi, Ermənistan tərəfi hələlik yenilənmiş Madrid prinsipləri ilə bağlı mövqeyini konkretləşdirməyib. Məsələ bu gün Parisdə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanın həmsədrlərlə görüşü zamanı müzakirə ediləcək. Xəbər verildiyi kimi, yenilənmiş Madrid prinsipləri ilə bağlı son günlər Fransa və Rusiya tərəflərlə intensiv müzakirələr aparıb.
Rəsmi Bakı manevr edir?
Göstərildiyi kimi, Azərbaycan tərəfi Dağlıq Qarabağın statusunun səsvermə yolu ilə müəyyən edilməsini nəzərdə tutan sülh planını danışıqlar üçün qəbul edib. Bəs bu, Azərbaycan hakimiyyəti tərəfindən təslimçilik ola bilərmi? Axı Dağlıq Qarabağda keçiriləcək səsvermənin nəticələri bəri başdan məlumdur. Məşhur amerikalı ekspert, “Heritage” Fondunun proqram direktoru, Qarabağ danışıqlarının detalları haqda məlumatlı olan və hətta ötən il prezidentlər arasında keçirilən görüşlərdən birinə qatılan Ariel Koenin də dediyi kimi, rəsmi Bakının razılıq verdiyi referendum o deməkdir ki, Dağlıq Qarabağ Ermənistanın tərkibinə verilir. Əgər belədirsə, o zaman indiki danışıqların Azərbaycanı təslimçiliyə sürüklədiyinə şübhə qalmır. Lakin yaranmış vəziyyətdə Bakının daha çox manevr etdiyi görünə bilər. Çünki Dağlıq Qarabağda səsvermə üçün konkret vaxt çərçivəsi ayrılmırsa və bölgənin yekun statusunu müəyyən edəcək səsvermənin azərbaycanlıların ora qayıdıb məskunlaşmasından sonra keçirilməsi nəzərdə tutulursa, o zaman erməni tərəfi belə sülh təklifini qəbul etməyəcək. İrəvan ətraf rayonların azad edilməsinə razılaşmaq üçün bəri başdan Dağlıq Qarabağ üçün qarantiya istəyir. Məlumdur ki, danışıqlar prosesində səsvermənin 5, yaxud 10 il sonra keçirilməsi ilə bağlı dəfələrlə müzakirələr gedib. Lakin rəsmi Bakı üçün bu zaman məhdudiyyətinə razılaşmaq qaçılmaz təslimçilik olardı. Ona görə də ehtimal edilir ki, Azərbaycan tərəfi erməni tərəfinin rədd edəcəyini bildiyi sülh təkliflərini qəbul edir və diplomatiyada daha üstün mövqe əldə etməyi, eyni zamanda ona qarşı Qarabağ məsələsi ilə bağlı yönələn xarici təzyiqləri aradan qaldırmağı hesablayır. Nəzəri olaraq erməni tərəfinin göstərilən varianta razılaşması halında da Dağlıq Qarabağda səsverməni on illərlə uzatmaq üçün imkanlar var.
“Münaqişənin həlli İlham Əliyevdən asılıdır”
Bu arada ATƏT-in Parlament Assambleyasının sədri Joao Soareş deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan tərəfindən və prezident İlham Əliyevdən asılıdır. Beynəlxalq vasitəçilərdən ilk dəfədir belə birmənalı bəyanat səslənir və münaqişənin həllinin asılı olduğu tərəf kimi məhz Azərbaycan, onun prezidenti göstərilir: “Mən ümid edirəm ki, bu qərarın bu il qəbul olunması üçün hər iki tərəfin siyasi rəhbərliyi siyasi cəsurluq göstərəcək. Çox qəti addımlar atılmalıdır. Ümid edirəm ki, prezident İlham Əliyev bu qəti addımı atacaq və bununla da öz adını sadəcə Azərbaycanın deyil, eyni zamanda regionun, dünyanın tarixinə Dağlıq Qarabağ probleminin həllini mümkün edən şəxs kimi salacaq”. Bəs Soareş bununla nə demək istəyir? Necə ola bilər ki, münaqişənin həlli işğalçı tərəfdən yox, əraziləri işğal edilmiş tərəfdən asılı olsun? Bu sualların bir cavabı var: Qərb və onun qurumları Azərbaycanı, onun prezidentini Dağlıq Qarabağdan əl çəkməyə razı salmaq istəyir, buna nail olmaq üçün ən müxtəlif variantlar işə salınır, şirnikləndirici variantlar baş tutmayanda təzyiqlər işə düşür.
Hansı ki, artıq işə düşüb...
 
  • Yazılıb
  • da (də) 2010 Mar 17